Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda istehlakçıların hüquqlarından bəhs edən konfrans keçirilib
Qazaxda istehlakçıların hüquqlarından bəhs edən konfrans keçirilib25-05-2018, 14:30 |
Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilib. Ədəbiyyat Muzeyində keçirilən konfransda idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev konfransı giriş sözü ilə açaraq qonaqları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Rayonumuzda sahibkarlara, istehlakçılara yaradılan münbit şəraitdən, göstərilən diqqət və qayğıdan söz açıb. Konfransda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev çıxış edərək ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hüquqi bazanın əsasını ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 19 sentyabr 1995-ci il tarixdə qəbul edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktların təşkil etdiyini qeyd edib. İstehlakçıların hüquqlarının qorunması ilə bağlı istehsalçıların vəzifələri haqqında geniş məruzə ilə çıxış edən natiq ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektləri sahiblərinin vəzifələri, alqı-satqı, iş görülməsi və xidmət göstərilməsi zamanı müqavilə öhdəlikləri, qüsurlu mal satılarkən istehlakçıların hüquqları, istehlakçı hüquqlarının qorunması ilə bağlı topdan və pərakəndə satış fəaliyyəti ilə məşğul olan sahibkarların vəzifələri, istehlakçı hüquqlarının qorunması ilə bağlı ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarların vəzifələri haqqında ətraflı şəkildə məlumat verib. Dövlət satınalmaları şöbəsinin müdir müavini Mirdamət Kərimov, analitik təhlil və elektron idarəetmə şöbəsinin müdiri Kamran Umudov, Gəncə-Qazax regional bölməsinin müdiri Təbriz Axundov, tədris maarifləndirmə və beynəlxalq əlaqələr sektorunun müdiri Yusif Hüseynov müxtəlif mövzularda çıxış ediblər. Çıxış edənlər ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduqları məsələlər və s. barədə iştirakçıları məlumatlandırıblar. Sonda iştirakçıları maraqlandıran suallar cavablandılıb, məlumat xarakterli maarifləndirici vasitələr paylanılıb. Həmin gün həmçinin, Qazaxda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təlim kursu keçirilib. Dövlət Xidmətinin əməkdaşları tərəfindən dövlət vəsaitlərindən daha səmərəli istifadə, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. GOYEZEN.AZ Geri qayıt |