Əsas Səhifə > Karusel / Gənclər > Milli məclisin deputatları ilə gənclərin görüşü keçirilmişdir

Milli məclisin deputatları ilə gənclərin görüşü keçirilmişdir


1-09-2016, 20:07
Milli məclisin deputatları ilə  gənclərin görüşü keçirilmişdir
Rayonumuzda fəal gənclərlə görüş olmuşdur. Görüşdə Milli Məclisin deputatları, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, təhsil, səhiyyə, mədəniyyət və başqa sahələr üzrə çalışan fəal gənclər, tələbə və şagirdlər, idarə, müəssisə, təşkilat rəhbərləri, QHT və KİV nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açaraq qonaqları salamlamış, görüşün məqsəd və əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclər siyasəti ilə bağlı olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanunlar var.

Bununla əlaqədar 2 Dövlət Proqramı qəbul edilib və onlar uğurla həyata keçirilir. Ölkəmizdə bilikli, peşəkar və istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatı təsis edilmişdir. Bu yaxınlarda Gənclər Fondu yaradılıb. Dövlət büdcəsindən bu fonda ayrılan vəsait hesabına görülən işlər gənclərin özlərini cəmiyyətdə təqdim etmələrinə şərait yaradıb. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadlarını müəyyən etməyə, özünü cəmiyyətdə təqdim etməyə imkan yaradır və beləliklə, ölkəmizin inkişafına töhfə verir. Bu gün təhsil hökumətimiz üçün əsas prioritetlərdən biridir. Çünki biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm də özlərinin inkişafına kömək edə bilər.

Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər salsaq görərik ki, uğurlu inkişafın əsas vasitələri geniş enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji yeniliklərdir. Ona görə də ölkəmizdə təhsilin səviyyəsini artırmaq üçün bu sahəyə böyük sərmayələr qoyulur və ölkəmizdə olan universitetlərlə inkişaf etmiş ölkələrin təhsil ocaqları arasında beynəlxalq əlaqələr daha da genişləndirilir. Biz bu siyasətin faydasını görürük. Bu gün gənc nəsil yeni, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasında, daha da möhkəmlənməsində fəal iştirak edir.
Milli məclisin deputatları ilə  gənclərin görüşü keçirilmişdir
Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da gənc nəslin təlim-tərbiyəsinə, onların sağlamlığının qorunmasına və bilik səviyyəsinin artırılmasına xüsusi diqqət və qayğı göstərilir. Onlarla tez-tez görüşlər keçirilir. Görüşlər zamanı qaldırılan problemlər yerindəcə həll edilir və təkliflər nəzərə alınır. Bu il bizim üçün sevindirici haldır ki, builki qəbul imtahanlarında iştirak edən məzunlardan yüksək nəticələr əldə edilib. Canalı kənd tam orta məktəbin məzunu İsmayılova Səbinə Emil qızı 700 bal, 6 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Biz bu məzunlarımızla fəxr edirik və onların müəllimlərini, valideynlərini bu qələbə münasibətilə təbrik edir, onlara yenicə qədəm qoyduqları həyatda uğurlar arzulayırıq.

Milli Məclisin deputatı Kamran Nəbizadə, Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, deputat Adil Əliyev, MM-də Gənclər və İdman Komitəsinin sədri, deputat Fuad Muradov çıxış edərək ölkəmizdə gənclərin sağlamlığı, yüksək təhsil almaları və dərin biliklərə yiyələnmələri üçün hər cür şərait yaradıldığını bildirmişlər. Ölkəmizdə bu gün gənclər siyasətinin dövlətimizin prioiritet sahələrindən biri olması barədə ətraflı danışmış, gənclərə göstərilən diqqət və qayğıdan söz açmışlar.

Sonra tədbir gənclərlə açıq fikir mübadiləsi şəraitində davam etdirilmişdir. Fəal gənclərdən Fəridə İsgəndərova, Elvin Əmiraslanov, Prezident təqaüdçüsü Taleh Mansur, YAP Qazax rayon təşkilatının üzvü Elvin Mustafayev, BDU Qazax filialının TGT-nın sədri Nicat Məmmədov çıxış edərək qonaqları salamlamış və onlara göstərilən diqqət və qayğıya, köməyə görə Ölkə Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmiş, belə görüşlərin keçirilməsini yüksək qiymətləndirmişlər.

Səmimi söhbət əsasında keçirilən görüşdə gəncləri narahat edən, onları maraqlandıran suallar dinlənilmiş, irəli sürülən təkliflərə münasibət bildirilmişdir. Gənclər tərəfindən musiqi məktəbi üçün yeni binanın tikintisinə, müasir kitabxanaların və tələbə kartlarının yaradılmasına, pulsuz dil kurslarının təşkili, psixoloji mərkəzlərin açılmasına dair təkliflər irəli sürülmüşdür. Gənclərin irəli sürdükləri təkliflər, söylədikləri fikirlər Milli Məclisin deputatları tərəfindən müsbət qarşılanmış, onların həlli istiqamətində bütün imkanlardan istifadə etməklə işlər görüləcəyi bildirilmişdir.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq millət vəkillərinə rayonumuzda gənclərlə görüşdükləri üçün minnətdarlığını bildirmiş, gənclərə çalışdıqları sahələrdə uğurlar arzulamışdır.


Elçin İSMAYIL
Geri qayıt