Əsas Səhifə > Karusel / Gənclər > Gənclər böyük qüvvədir
Gənclər böyük qüvvədir1-09-2016, 19:54 |
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov gənclərlə görüş keçirmiş, onların arzu və təkliflərini dinləmişdirGənclər Mərkəzində keçirilən görüşdə rayon və kəndlərdə yaşayan, təhsil, səhiyyə, mədəniyyət və başqa sahələr üzrə çalışan fəal gənclər, tələbə və yuxarı sinif şagirdləri, idarə, müəssisə, təşkilat rəhbərləri və KİV nümayəndələri iştirak etmişdir. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq gəncləri salamlamış, keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, “May ayının 19-dan bu günə kimi mən Qazax rayonunun kəndlərini qarış-qarış gəzdim. Qazaxın hər bir küçəsində oldum, evlərə baş çəkdim. İlk növbədə Qazaxın ağsaqqalları ilə görüşdüm. Təbii ki, Qazax gəncləri diqqətdən kənarda qalmamalıdır. Bugünkü görüşün əsas səbəbi də elə budur. Bir neçə gün bundan əvvəl, bu zalda gənclərlə görüş keçirildi. Diqqətimdən qaçmayan məsələ o oldu ki, rayonun bütün gəncləri burada iştirak etmirdi. Bu səbəbdən görüşün yenidən keçirilməsi barədə tapşırıq verdim. Buna görə də müxtəlif sahələrdə çalışan, kəndlərdə yaşayan gənclərin də belə görüşlərə cəlb olunmasını istədim. Mən Qazaxın küçələrini gəzəndə çayxanalarda oturan gəncləri gördüm. Buna mənim ürəyim ağrıdı. Qazaxın hər bir gənci mənim doğma övladımdır. Mən sizə o gözlə baxıram”. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov daha sonra qeyd etmişdir ki, “Gənclik insan ömrünün ən gözəl çağıdır. Bundan dəyərli, səmərəli istifadə etmək lazımdır. Mənim diqqətimi çəkən məsələlərdən biri də odur ki, nə üçün rayonumuzda Gənclər Təşkilatı olmasın. Qazax gəncləri başqa rayonun gənclərindən daha fəal, öz nəticələrinə görə üstündür. Mən sizin nəinki respublikada, eləcə də respublikadan kənarda fəaliyyət göstərmənizi, irəli çəkilərək yüksək vəzifələrdə çalışmağınızı istəyirəm. Qazax gənclərinin əsl ziyalı gənc kimi inkişaf etməsini arzu edirəm. Layihələrlə, məqsədyönlü fikir və təkliflərlə çıxış edin. Əmin olun ki, sizin irəli sürdüyünüz bütün təkliflər reallıqla həyata keçiriləcəkdir. Mən də öz növbəmdə sizin üçün hər cür şərait yaradaraq ehtimadınızı doğrultmağa çalışacam”. Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova məruzə ilə çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətindən, onlara göstərilən diqqət və qayğıdan söz açmışdır. Sonra çıxışlar olmuşdur. Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, BDU Qazax filialının direktoru, dosent Afaq Qasımova, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, Prezident təqaüdçüsü, ağsaqqal Kamal Əhmədov, gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev, rayon poçtamtının rəisi Ədalət Hüseynov və başqaları çıxış edərək gənclərlə olan bu görüşün böyük əhəmiyyət kəsb etdiyini bildirmişlər. Sonra söz gənc nəslin nümayəndələrinə verilmişdir. Gənclərdən Sərxan Qasımlı, Qoca Qurbanov, Əfsanə Mustafayeva, Gülnar Qurbanzadə, Zaur Nəsibov, Zəminə Vəliyeva, Nicat Məmmədov, Rövşən İsmayılov, Aygün Səmədli, Vüsal İsmayılov, Ləman Əliyeva, Ruslan Rzayev və başqaları müxtəlif təkliflərlə çıxış etmişlər. Gəncləri maraqlandıran suallar cavablandırılmış, irəli sürdükləri təkliflər dinlənilmişdir. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirmişdir. Aidiyyəti şəxslərə rayon Gənclər Təşkilatının yaradılması üçün lazımi sənədlərin hazırlanması, rəy və təkliflərə baxılması barədə ciddi tapşırıq vermişdir. Nüşabə HÜSEYNOVA Geri qayıt |