Əsas Səhifə > İdman > Qazaxda 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilib
Qazaxda 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilib7-11-2024, 23:33 |
6-7 noyabr 2024-cü il tarixlərdə Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı və Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Qazax rayonunun idarə, müəssisə və təşkilat komandaları arasında minifutbol üzrə turnir keçirilib. Turnirdə rayonun 9 komandası birincilik uğrunda mübarizə aparıb. Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı, qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın işğaldan azad olunmasında, ərazi bütövlüyümüzün təmin edilməsində və suverenliyimizin bərpasında canlarından keçmiş müqəddəs Şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tədbirdə YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək bu tədbirin əhəmiyyəti, məqsədi və məramı barədə ətraflı məlumat veriblər. Natiqlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin, gənclərə və idmana göstərilən diqqət və qayğının bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu gün müstəqil Azərbaycanımızın bütün sahələrdə, o cümlədən hərbi müstəvidə diplomatiyada, idmanda da qalib bir ölkə olduğunu vurğulayıb, idmançılara turnirdə uğurlar arzulayıblar. İki gün davam edən turnirdə Qazax Rayon Polis Şöbəsinin komandası 1-ci, YAP Qazax Rayon Təşkilatının komandası 2-ci, Qazax–Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun komandası isə 3-cü yeri tutublar. Qaliblər YAP Qazax Rayon Təşkilatı və Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq kubok, medal və diplomlarla təltif olunublar.
Geri qayıt |