Əsas Səhifə > İdman > Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yeniyetmələr arasında şahmat turniri keçirilib

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yeniyetmələr arasında şahmat turniri keçirilib


17-05-2023, 20:28


10-16 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında şahmat üzrə rayon turniri keçirilib. 

İsveçrə sistemi üzrə keçirilən, 4 yaş qrupu üzrə 150 nəfərdən artıq yeniyetmənin iştirak etdiyi turnirə may ayının 17-də yekun vurularaq qaliblər mükafatlandırılıb. 


Tədbirin əvvəlində iştirakçılar müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin məktəbin foyesində yerləşən büstünü ziyarət edərək, önünə tər çiçək dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriiblər. 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Nizami Hüseynov giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və mahiyyəti barədə ətraflı məlumat verib. 


YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ölkəmizdə idmana və gənclərə göstərilən diqqət, qayğıdan da geniş bəhs edib. Rayon təşkilatının sədri Azərbaycanda zəngin tarixə malik olan şahmat idman növünün ötən əsrin 70-ci illərindən üzü bəri inkişaf etdiyini, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, bu idman növünə də xüsusi diqqət yetirildiyini bildirib. Natiq qeyd edib ki, Ulu Öndər daim gənc şahmatçılara xüsusi diqqət yetirmiş, şahmatçılarımızı qəbul edərək onların inkişafı üçün mühüm tapşırıqlarını vermiş və bu sahəni həmişə diqqət mərkəzində saxlamışdır. İndi həmin uşaqlar dünyanın sayılıb-seçilən yüksək reytinqli qrossmeysterlərinə çevrilib. Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, Azərbaycanın hər yerində şahmat məktəblərinin açılmasında, yeni-yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb. Görülən işlərin nəticəsidir ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir. Azərbaycan şahmat məktəbinin yetirmələri bir çox beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tutur, fəxri kürsüdə təbrikləri qəbul edirlər. Onların qələbələri şərəfinə müxtəlif ölkələrdə Azərbaycan bayrağı yüksəklərə qaldırılır, dövlət himnimiz səsləndirilir. Sevindirici haldır ki, əsası Heydər Əliyev tərəfindən qoyulan gənclərə, idmana, şahmata olan yüksək diqqət və qayğı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun sərəncamı ilə “2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi məhz, bu idman növünün inkifaşının yeni mərhələsi oldu. 

Sonda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev qalibləri, onların müəllim və məşqçilərini, tədbirdə iştirak edən valideynləri təbrik edərək onlara ən xoş arzularını bildirib.

Turnirdə müxtəlif yaş qrupları üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutan şahmatçılara diplomlar təqdim edilib. 


Geri qayıt