Əsas Səhifə > İdman > Qazaxlı idmançılar uğurla çıxış ediblər

Qazaxlı idmançılar uğurla çıxış ediblər


22-10-2018, 12:30


Respublikamızda daim diqqət və qayğı göstərilən sahələrdən biri də idman sahəsidir. Respublika Prezidenti İlham Əliyev tərəfindən idmançılarımıza göstərilən qayğının nəticəsidir ki, onlar istər beynəlxalq, istərsə də respublika səviyyəli yarışlarda daha böyük qələbələr qazanaraq Azərbaycanı bütün dünyada idman ölkəsi kimi tanıdırlar.

İdman sahəsində qazanılan uğur və nailiyyətlərdə qazaxlı idmançıların da payı az deyildir. Hər zaman güləş məktəbinin beşiyi kimi tanınan Qazax rayonu da qazanılan uğurlara öz töhfəsini verib. Rayon rəhbərinin mütəmadi olaraq uğur qazanmış idmançılarla görüşməsi, qayğıları ilə maraqlanması, yüksək nəticə əldə edən idmançıları mükafatlandırması idmançılarımızda böyük ruh yüksəkliyi yaradır. Bu gün istər dövlətin, istərsə də rayon rəhbərliyinin qayğısını hər an hiss edən idmançılarımız öz növbələrində nailiyyətlərini və medallarının sayını gündən-günə artırırlar. Dövlət Himnimizi səsləndirərək üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırırlar.

Növbəti qələbə xəbəri 14-21 oktyabr 2018-ci il tarixlərdə Türkiyənin Antalya şəhərində Qol güləşi üzrə 40-cı Dünya çempionatından gəlib. Həmin yarışda ölkəmiz 5 idmançı ilə təmsil olunub. Sevindirici haldır ki, milli komandamızın tərkibində yer alan Qazax Olimpiya İdman Kompleksinin yetirməsi olan Vəkilov Nemət Səxavət oğlu uğur qazanıb. İdmançımız bu yarışda 65 kq çəki dərəcəsində bürünc medala sahib olub.


Azərbaycan Qol Güləşi Federasiyası gənclər yığmasının baş məşqçisi, Əməkdar məşqçi, Fəxri bədən tərbiyəsi və idman işçisi Azər Əliyevin yetirmələri Tovuz rayonunun Qovlar qəsəbəsində Qol güləşi üzrə keçirilən Tovuz rayon açıq birinciliyində də iştirak ediblər. Oktyabrın 21-də Tovuzun ilk şəhid qadını Rəhilə Qarayevanın xatirəsinə həsr olunmuş yarışda rayonumuzu Qazax Olimpiya İdman Kompleksinin qol güləşi bölməsinin idmançıları uğurla təmsil ediblər. Gənclərin yarışında 3 nəfər – Mustafayev İsmayıl Arif oğlu (50 kq), Mustafayev Səid İlqar oğlu (60 kq) və İsmayılov Pərvin Rahid oğlu (65 kq)  I yerə,  2 nəfər - Hüseynov Aqşin Xəqani oğlu (35 kq) və Nəsibov Sənan Fədail oğlu (60 kq) II yerə, 1 nəfər – Sofiyev Seymur Əkbər oğlu (55 kq) isə III yerə layiq görülüblər. Böyüklərin yarışında isə 3 nəfər – Qafarov Elmar Sadiq oğlu (60 kq), Mədədli Ceyhun Elxan (70 kq) və Xammədov Əlipaşa Nüsrət oğlu (75 kq ) I yeri, 1 nəfər – Qasımzadə Xəyal Natiq oğlu (60 kq) II yeri qazanıblar.


Qazaxlı idamnçılardan növbəti qələbə xəbəri isə "Fəqan” İdman Klubunun yetirmələrindən gəlib. 20 oktyabrda Gürcüstan Respublikasının Tbilisi şəhərində Yunan-Roma güləşi üzrə keçirilən Tbilisi şəhər açıq turnirinə rayonumuz klubun 4 nəfər idmançısı ilə qatılıb.

Həmin turnirdə rayonumuzu Vəliyev Nurlan Ramin oğlu (41 kq) II yeri, Məmmədov Raul Rauf oğlu (26 kq), Allahverdiyev Ramil İntiqam oğlu (26 kq) və İsmayılov Yusif Roma oğlu (44 kq) isə III yerləri qazanmaqla təmsil ediblər.

Bütün idmançıları təbrik edir, ölkəmiz və rayonumuz naminə daha böyük nailiyyətlər əldə etmələrini arzu edirik.



GOYEZEN.AZ


Geri qayıt