Əsas Səhifə > Gənclər > Qazaxda səfərdə olan düşərgə iştirakçıları rayonun görməli yerlərinə ekskursiya ediblər

Qazaxda səfərdə olan düşərgə iştirakçıları rayonun görməli yerlərinə ekskursiya ediblər


5-02-2025, 21:27


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gənclər düşərgələrinə start verilib.

#GənclərHəftəsi çərçivəsində Quba, Neftçala, Qazax, Şəki, Goranboy Olimpiya İdman Komplekslərində və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan düşərgələr respublikanın hər yerindən gəncləri, könüllüləri, tələbələri və gənclər təşkilatlarının üzvlərini bir araya gətirəcək. 

Bu düşərgələrdə komanda quruculuğu, liderlik, fərdi inkişaf təlimləri, intellektual yarışlar, hüquqi maarifləndirmə sessiyaları, musiqili gecələr və peşəkarlarla görüşlər keçiriləcək. Gənclər təşkilatları da düşərgələrin təşkilində tərəfdaş rolunda iştirak edəcəklər. Gənclər üçün yeni biliklər, dostluqlar və unudulmaz xatirələrlə dolu bir həftə onları gözləyir.

Qazaxda təşkil olunmuş düşərgədə respublikamızın Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Kürdəmir, Ucar, Göyçay, Zərdab, Ağdaş, Yevlax, Mingəçevir rayonlarından olmaqla, ümumlikdə, 93 nəfər gənc iştirak edir. 

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 4 fevral tarixindən Qazaxda səfərdə olan düşərgə iştirakçılarının rayonun görməli yerlərinə ekskursiyası təşkil olunub. 

Fevralın 5-də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın, Gənclər və İdman Nazirliyinin, Gənclərlə iş şöbəsinin, Gənclər evləri ilə iş sektorunun baş məsləhətçisi Mahmud Məmmədzadənin, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Ələkbərlinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyevin, idarənin əməkdaşlarının, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura üzvlərinin, eləcə də digər əməkdaşların iştirakı ilə təşkil olunmuş ekskursiya zamanı düşərgə iştirakçıları Qazax rayonunun gəzməli, görməli yerlərində olublar.

Ekskursiya zamanı "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı və Göyəzən filialları, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi, Ulu Öndərin adını daşıyan Qazax Rayon Heydər Əliyev Mərkəzi, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Ədəbiyyat Muzeyi, Fəxri Qazaxlılar parkı, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanı, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi haqqında iştirakçılara dolğun, əhatəli məlumatlar verilib. 

Günün birinci yarısında baş tutan gəzintiyə ilk olaraq "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialından start verilib. Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq gənclərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Qazax rayonunda üç dünya əhəmiyyətli abidə vardır ki, onlardan biri və ən qədimi “Avey” qoruğu ərazisində yerləşən Damcılı mağarasıdır. Paleolit dövrünə aid olan Damcılı mağarası çox dövrlüdür. Bu ərazilərdə 1953-cü ildən etibarən Məmmədəli Hüseynov tərəfindən arxeoloji tədqiqatlar aparılmış və tapılan maddi-mədəniyyət nümunələri əsasında sübut edilmişdir ki, Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara var. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən böyüyü və önəmlisi Damcılı mağara düşərgəsidir. Ərazidə ovçuluq və yığıcılıq üçün münbit şəraitin olması nəticəsində burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişlər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişlər. Bununla yanaşı bu möhtəşəm dağ silsiləsi ətrafında ovçuluq edib müxtəlif heyvan növlərindən və cürbəcür bitki nümunələrindən istifadə etmişlər. Təxminən 90 min il qədimdən 9 min il əvvələdək burada qaynar həyat yaşanmışdır. Qeyd olunub ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Bundan əlavə, gənclərə bildirilib ki, 2015-ci ildən başlayaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu, Yaponiyanın Tokio Muzey Universiteti arasında imzalanmış 3 tərəfli beynəlxalq Memoranduma əsasən hər il filialda qazıntı işləri aparılır.


Sonra gənclər "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialında olublar. Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağına baxış gənclərdə xoş təəssürat yaradıb. İştirakçılara Göyəzən dağı haqqında geniş məlumat verilərək bildirilib ki, Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağdır. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər. Zirvəsi nisbətən düzən olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilmişdir. Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Göyəzən dağının adı IX əsrə aid gürcü mənbəyində Kavazin şəklində qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kava (qaya, sıldırım) və sın/sin (dağ beli) komponentlərindən düzəlib, "sıldırımlı dağ beli" deməkdir. Tovuz rayonunun Bala Şamlıq kəndində də şiş bir qaya Göyəzən adlanır. Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər və yozmalar da var.

Gənclər 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini  ziyarət ediblər. Gənclərə bildirilib ki, Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi 2021-ci ildə 27 sentyabr – Anım Günündə istifadəyə verilib. 44 günlük haqq savaşında Qazaxın şəhid olan övladlarının adını əbədiləşdirmək məqsədilə yaradılıb. Qeyd edilib ki, Qazax rayonu mənfur düşmənin apardığı müharibə nəticəsində bu günə kimi Birinci Qarabağ, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlərdə 348 nəfər şəhid verib. Şəhidlərimizin 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bala Çaylı kəndinin igid oğlu polkovnik-leytenant Nicad Bədəlov isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq gənclərin marağına səbəb olub. Bildirilib ki, 2008-ci il sentyabrın 24-də Prezident İlham Əliyev Qazax şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Original formalı geniş binada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən böyük ekspozisiya salonu vardır. Ümummilli Liderin Qazax rayonuna səfərlərini, ictimaiyyətlə görüşlərini, həyat və fəaliyyətini özündə əks etdirən fotoşəkillər böyük maraq doğurur. Mərkəzdə dünyada çox az sayda ölkədə olan, yalnız əlin toxunması ilə idarə edilən UbiqWindow sistemi qurulmuşdur. Bu qurğunun köməyi ilə fotoşəkillər, video görüntülər və mətnlər vasitəsilə Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat almaq mümkündür. Mərkəzdə Qafqazda yeganə olan planetari qurulmuşdur. Onun yerləşdiyi salon kürə formalıdır. Salonun tam 180 dərəcə səthi ekran rolunu oynayır. Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, günəş sistemi, planetlər və s. göstərilir. Qeyd olunub ki, Dahi şəxsiyyətin adını daşıyan mərkəzdə mütəmadi olaraq silsilə tədbirlər keçirilir, gənclər, məktəblilər Mərkəzi ziyarət edirlər.

Qazaxda qonaq olan gənclər Qazax Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkiblər. Muzeylə tanışlıq gənclərin böyük marağına səbəb olub. Bildirilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan qonaqlara "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb.

Gənclərə tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyi haqqında da məlumat verilib. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeydə şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatların əks olunduğu qeyd edilib. Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyinin 5 iyul 2013-cü ildə istifadəyə verildiyi və açılışında Respublika Prezidenti İlham Əliyevin iştirak etdiyi vurğulanıb. Qeyd olunub ki, Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır.

Gənclər Fəxri Qazaxlılar parkında da olublar. Burada gənclərə büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun, ətraflı məlumatlar verilib. 

Ekskursiya iştirakçıları şəhərin mərkəzində Birinci Qarabağ  Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanını da ziyarət ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını ifadə ediblər.

Gənclərə 2023-cü ilin 7 avqustunda Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi, Qazax Müəllimlər Seminariyasının tarixi və Mərkəzdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib. 1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb. Prezident İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Qeyd olunub ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilindən Mərkəzdə təhsillə bağlı magistr proqramları həyata keçirilir. Qeyd olunub ki, ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün “Bir müəllimin manifesti” birillik üçmərhələli ixtisasartırma proqramı həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Proqramın ilk iştirakçılarından seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayanları da var. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır. Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur. Hazırda Mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə Mərkəzin tədris kompleksində Universitet tərəfindən Müəllimlər Evi tikilib. Müəllimlər Evi ADA Universitetinin Mərkəzdə çalışan bölgələrdən olan daimi əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub. Məlumat verilib ki, Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir. ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır.

Rayonumuzda ilk dəfə qonaq olan gənclər onlara göstərilən qonaqpərvərlikdən razılıq edərək rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib və Qazaxdan xoş təəssüratlarla ayrılacaqlarını qeyd ediblər.


Geri qayıt