Əsas Səhifə > Gənclər > Qazaxda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Qalib Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib
Qazaxda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Qalib Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib1-02-2024, 20:09 |
Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Qalib Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rəis müavini Elçin Cəfərov, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, Qazax rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Həmid Umudov, fəal gənclər, gənc qazilər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev açaraq qeyd edib ki, 2 fevral ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Ə.Məsmalıyev vurğulayıb ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova gəncləri rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini və təbriklərini çatdırıb. 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbriklərini çatdıran G.Həsənova bu günün əhəmiyyətindən söz açıb. G.Həsənova bildirib ki, bu gün tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin 27 sentyabrında başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı qürurla dalğalanmaqdadır. Tədbirdə Qazax rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Həmid Umudov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova, "Ağstafa Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin direktoru Nicat Vəkilov, Vətən müharibəsi qazisi Sahib Qurbanov, Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, gənc könüllü Nigar Mahmudova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının sədr müavini Turxan Əliyev, Qazax Peşə Liseyinin tələbəsi, gənc könüllü Aysel Nəsibova mövzu ilə bağlı geniş çıxış edərək gənclərə göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və tədbirin təşkilatçılarına öz dərin minnətdarlıqlarını bildiriblər. Tədbirdə bir qrup gəncə ictimai-siyasi fəallığına görə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin hədiyyə və Fəxri Fərmanları təqdim olunub. Tədbir gənc ifaçıların mahnı və musiqi nömrələri ilə başa çatıb.
Geri qayıt |