Əsas Səhifə > Gənclər > Qazaxda səfərdə olan ASAPES Yay Məktəbinin iştirakçıları rayonun görməli yerlərinə ekskursiya ediblər
Qazaxda səfərdə olan ASAPES Yay Məktəbinin iştirakçıları rayonun görməli yerlərinə ekskursiya ediblər24-08-2023, 22:04 |
Ötən yazımızda xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə baş tutan “Sağlam həyat vərdişləri” mövzusunda ASAPES Yay Məktəbinin iştirakçıları artıq bir neçə gündür ki, Qazax rayonundadır. Qeyd edək ki, Yay Məktəbi 20-26 avqust tarixlərində Qazax Olimpiya İdman Kompleksində təşkil olunub. Yay Məktəbində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA), Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dillər Universitetinin (ADU), Bakı Ali Neft Məktəbinin (BANM), Bakı Mühəndislik Universitetinin (BMU), Azərbaycan Tibb Universitetinin (ATU), Azərbaycan Texniki Universitetinin (AzTU), Bakı Musiqi Akademiyasının (BMA), Azərbaycan Dövlət İqtisadi Universitetinin (UNEC) tələbələri olmaqla, ümumlikdə, 65 nəfər gənc iştirak edir. Yay Məktəbinin keçirilməsində məqsəd “Əylənərək öyrənirik” prinsipi əsasında gənclərin qeyri-formal təhsil alətləri vasitəsilə fərdi və peşəkar inkişafına dəstək olmaqdır. Avqustun 24-də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadənin, eləcə də digər əməkaşların iştirakı ilə ASAPES Yay Məktəbinin iştirakçılarının Qazax rayonunun gəzməli, görməli yerlərinə ekskursiyası təşkil olunub.Ekskursiya zamanı "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən və Damcılı filialları, Fəxri Qazaxlılar parkı, Ədəbiyyat Muzeyi, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanı, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Rayon Heydər Əliyev Mərkəzi, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi haqqında iştirakçılara dolğun, əhatəli məlumatlar verilib.Günün ikinci yarısında baş tutan gəzintiyə ilk olaraq "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialından start verilib. Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağına baxış gənclərdə xoş təəssürat yaradıb. İştirakçılara Göyəzən dağı haqqında geniş məlumat verilərək bildirilib ki, Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağdır. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər. Zirvəsi nisbətən düzən olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilmişdir. Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Göyəzən dağının adı IX əsrə aid gürcü mənbəyində Kavazin şəklində qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kava (qaya, sıldırım) və sın/sin (dağ beli) komponentlərindən düzəlib, "sıldırımlı dağ beli" deməkdir. Tovuz rayonunun Bala Şamlıq kəndində də şiş bir qaya Göyəzən adlanır. Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər və yozmalar da var. Sonra gənclər "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq gənclərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Bundan əlavə, gənclərə bildirilib ki, 2015-ci ildən başlayaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu, Yaponiyanın Tokio Muzey Universiteti arasında imzalanmış 3 tərəfli beynəlxalq Memoranduma əsasən hər il filialda qazıntı işləri aparılıb. Builki tədqiqatlar 15 avqust-2 sentyabr 2023-cü il aralığında həyata keçiriləcək.
Gənclər Fəxri Qazaxlılar parkında da olublar. Burada gənclərə büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun, ətraflı məlumatlar verilib.Gənclərə tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyi haqqında da məlumat verilib. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeydə şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatların əks olunduğu qeyd edilib. Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyinin 5 iyul 2013-cü ildə istifadəyə verildiyi və açılışında Respublika Prezidenti İlham Əliyevin iştirak etdiyi vurğulanıb. Qeyd olunub ki, Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır.Ekskursiya iştirakçıları şəhərin mərkəzində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanını da ziyarət ediblər. Gənclərə bildirilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda Qazax rayonu 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Gənclər avqustun 7-də Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində də olublar. Gənclərə Qazax Müəllimlər Seminariyasının tarixi və Mərkəzdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib. 1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb. Prezident İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Cari il yanvarın 26-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Qeyd olunub ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilindən Mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir. Təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası üzrə proqramlarda 33 tələbə magistr dərəcəsi almaq üçün tədrisə cəlb olunub və birinci kursu bitirib. 2023-2024-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı, dövlət idarəetməsi magistr proqramı tədris olunacaq. Yeni dərs ilindən bu üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, Mərkəzdə ümumilikdə 127 tələbə təhsil alacaq. Qeyd olunub ki, ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün “Bir müəllimin manifesti” birillik üçmərhələli ixtisasartırma proqramı həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb direktoru ixtisasartırmaya cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından 4 nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayıb. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır. Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur. Hazırda Mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə Mərkəzin tədris kompleksində Universitet tərəfindən Müəllimlər Evi tikilir. Tikintisi başa çatmaqda olan Müəllimlər Evi ADA Universitetinin Mərkəzdə çalışan bölgələrdən olan daimi əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub. Məlumat verilib ki, Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir. ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır. Qazaxda qonaq olan gənclər Qazax Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkiblər. Muzeylə tanışlıq gənclərin böyük marağına səbəb olub. Bildirilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan qonaqlara "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb. Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq gənclərin marağına səbəb olub. Bildirilib ki, 2008-ci il sentyabrın 24-də Prezident İlham Əliyev Qazax şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Original formalı geniş binada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən böyük ekspozisiya salonu vardır. Ümummilli Liderin Qazax rayonuna səfərlərini, ictimaiyyətlə görüşlərini, həyat və fəaliyyətini özündə əks etdirən fotoşəkillər böyük maraq doğurur. Mərkəzdə dünyada çox az sayda ölkədə olan, yalnız əlin toxunması ilə idarə edilən UbiqWindow sistemi qurulmuşdur. Bu qurğunun köməyi ilə fotoşəkillər, video görüntülər və mətnlər vasitəsilə Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat almaq mümkündür. Mərkəzdə Qafqazda yeganə olan planetari qurulmuşdur. Onun yerləşdiyi salon kürə formalıdır. Salonun tam 180 dərəcə səthi ekran rolunu oynayır. Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, günəş sistemi, planetlər və s. göstərilir. Qeyd olunub ki, ölkə rəhbərinin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Dahi şəxsiyyətə həsr olunmuş bir ildə respubikamızın hər yeridə olduğu kimi, Qazax rayonunda, o cümlədən də adını daşıyan mərkəzdə silsilə tədbirlər keçirilir. Gənclər 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini də ziyarət ediblər. Gənclərə bildirilib ki, Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi 2021-ci ildə 27 sentyabr – Anım Günündə istifadəyə verilib. 44 günlük haqq savaşında Qazaxın şəhid olan övladlarının adını əbədiləşdirmək məqsədilə yaradılıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində 52 nəfər torpaqlarımızın azadlığı uğrunda canından keçib. Qazax rayonu mənfur düşmənin apardığı müharibə nəticəsində bu günə kimi 344 nəfər şəhid verib. Şəhidlərimizin 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Rayonumuzda ilk dəfə qonaq olan gənclər onlara göstərilən qonaqpərvərlikdən razılıq edərək rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib və Qazaxdan xoş təəssüratlarla ayrılacaqlarını qeyd ediblər. GOYEZEN.AZ Geri qayıt |