Əsas Səhifə > Gənclər > 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük xilaskarın qayıdışı” adlı dəyirmi masa keçirilib

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük xilaskarın qayıdışı” adlı dəyirmi masa keçirilib


12-06-2023, 20:40


İyunun 12-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Gənclər və İdman İdarəsi, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük xilaskarın qayıdışı” başlığı altında dəyirmi masa keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və respublikamızın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Sahib Namazov açaraq iştirakçıları salamlayıb, əlamətdar gün münasibətilə səmimi ürək sözlərini bölüşüb. S.Namazov qeyd edib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.


Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal  Hüseynov, MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək bildiriblər ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.


Çıxış edənlər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasətin həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapdığını vurğulayıblar. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsi olduğunu bildiriblər. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək olduğunu, Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək o arzunu çin etdiyini söyləyiblər. 2020-ci ilin 27 senytabrında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərlə o arzunun gerçək olduğunu bildiriblər.

Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Nigar Mahmudova və Aygün Nəcəfova mövzu ətrafında geniş çıxış ediblər. Gənclər Ulu Öndər Heydər Əliyevin onlara olan qayğısından söz açaraq həmin qayğını bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hiss etdiklərini qeyd ediblər. 


Geri qayıt