Əsas Səhifə > Gənclər > 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Qalib Azərbaycan gəncləri” başlığı altında dəyirmi masa keçirilib
2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Qalib Azərbaycan gəncləri” başlığı altında dəyirmi masa keçirilib30-01-2023, 22:29 |
Yanvarın 30-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş növbəti tədbir təşkil olunub. 26 yanvar – 2 fevral “Gənclər həftəsi” çərçivəsində Qazax Gənclər evində Vətən müharibəsi iştirakçılarının və qazilərin iştirakı ilə “Qalib Azərbaycan gəncləri” başlığı altında dəyirmi masa keçirilib. Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, əlamətdar gün münasibətilə təbrik edib. V.Nəbiyev qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. V.Nəbiyev vurğulayıb ki, tarixdə həmişə birliyə nail ola bilən xalqlar, ölkələr qələbə qazanırlar. Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar. Biz Vətən müharibəsindəki milli birliyimizlə, vəhdətimizlə dövlət rəhbərimizin nadir siyasəti ətrafında birləşib dəmir yumruğa çevrildik. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, yaşından, dini inancından, təcrübəsindən asılı olmayaraq cəmiyyətimizin bütün üzvləri, xüsusilə gənclər bu yolda gücünü əsirgəmədi. Bu həm gücdür, həm birlikdir, həm də qüdrət və həmrəylikdir. Doğma Vətənin hər qarış torpağına yenilməz məhəbbətdir. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. Mövzu ətrafında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Gənc Qazilər İctimai Birliyinin Qazax rayon filialının sədri qazi Nicat Tağıyev və qazi Kamil Vəliyev çıxış ediblər. Sonda 44 günlük Vətən müharibəsi iştirakçıları çıxış edərək keçdikləri döyüş yolu haqqında gənclərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Geri qayıt |