Əsas Səhifə > Gənclər > “İnsan alverinin qurbanı olma” başlığı altında dəyirmi masa keçirilib

“İnsan alverinin qurbanı olma” başlığı altında dəyirmi masa keçirilib


22-11-2022, 12:54


Noyabrın 21-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kolleci Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “İnsan alverinin qurbanı olma” başlığı altında dəyirmi masa keçirilib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. S.Namazov qeyd edib ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir. İnsan alverinin qurbanları kişi, qadın və həm də uşaqlar ola bilər. İstismara ən çox məruz qalanlar isə gənc qadın və cavan qızlar olur ki, onların da insan alverinə məruz qalmasına əsas səbəblər onların təhsil almasına, işə düzəlməsinə və özünə güvənməsinə mane olan savadsızlıq, yoxsulluq və gender bərabərsizliyi faktorlarıdır.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova və Qazax Dövlət Sosial-İqtisadi Kolleci Tələbə Gənclər Təşkilatının sədri, Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək dünyada ciddi problemə çevrilən insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıblar.


Qazax Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Murad Hüseynzadə Azərbaycanda insan alverinə qarşı mübarizə  sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini diqqətə çatdıraraq, gəncləri hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq durmağa çağırıb.

Tədbirin sonunda insan alverinə qarşı mübarizə məqsədilə hazırlanmış videoçarx nümayiş olunub.

GOYEZEN.AZ


Geri qayıt