Əsas Səhifə > Gənclər > 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib
17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib17-11-2022, 19:10 |
Noyabrın 16-da “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri Qazax Gənclər Evinin dərnək rəhbəri Mehriban Carçıyeva açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən, 17 Noyabr - Milli Dirçəliş Gününün tarixindən danışıb. Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığını vurğulayıb. Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarixin sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldığını, müstəqil Azərbaycanın müasir inkişaf yoluna qədəm qoyduğunu qeyd edib. Daha sonra fəal gənclərdən Ramil Abdullayev və Qılınc Cəfərov Azərbaycanın müstəqillik tarixindən, xalqımızın qəhrəmanlığından söz açıblar. Qeyd olunub ki, XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bildirilib ki, bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevrildi. Bütün bu nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm Qələbəsini şərtləndirdi. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyümüz bərpa olundu və haqq-ədalət öz yerini tapdı.
GOYEZEN.AZ Geri qayıt |