Əsas Səhifə > Gənclər > “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda toplantı keçirilib

“Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda toplantı keçirilib


1-11-2022, 23:43


Noyabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda toplantı keçirilib.

Qazax Gənclər evində keçirilən tədbirdə ümumilikdə 70 nəfər iştirak edib.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 



Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. S.Namazov qeyd edib ki, öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək bütün dünya üçün təhlükəlidir. "Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd edilmişdir ki, dini ekstremizmə qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 10-cu maddəsində isə göstərilmişdir ki, dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər dini ekstremizmə qarşı mübarizə aparan dövlət orqanlarına kömək etməyə borcludurlar. Dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkar edilməsinə və qarşısının alınmasına, habelə bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur. Bu müddəada dini ekstremizmə qarşı mübarizənin təkcə dövlət orqanlarının deyil, həmçinin, Azərbaycan Respublikasında yaşayan hər kəsin borcu olduğunu göstərir.

Daha sonra tədbir iştirakçılarından Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - Dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Qazax Rayon Polis Şöbəsinin rəis müavini, mayor Natiq Əliyarov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax “Cümə” məscidinin imamı Zaur Budaqov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin psixoloqu Şaxlıq Mustafayeva, Kollecin tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Aybəniz Məmmədova mövzu ilə bağlı geniş çıxış ediblər.

Tədbirdə gəncləri maraqladıran suallar cavablandırılıb.

GOYEZEN.AZ


Geri qayıt