Əsas Səhifə > Gənclər > “Rumın mədəniyyətinin və incəsənətinin regionlarda təbliği” layihəsi çərçivəsində qazaxlı gənclərlə görüş keçirilib

“Rumın mədəniyyətinin və incəsənətinin regionlarda təbliği” layihəsi çərçivəsində qazaxlı gənclərlə görüş keçirilib


31-10-2022, 10:07


28-29 oktyabr tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə Qazax rayonunda “Rumın mədəniyyətinin və incəsənətinin regionlarda təbliği” layihəsi baş tutub.

Layihə çərçivəsində Qazax rayonundan olan gənclərlə rumın mədəniyyəti və ədəbi irsinin təbliği sahəsində söhbətlər aparılıb. Gəncləri maraqlandıran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılaraq layihə ilə bağlı sualları cavablandırılıb. 

2 gün baş tutan tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və layihənin moderatoru Akif Əmirov iştirak edib. 


A.Əmirov çıxış edərək, Rumıniyanın beynəlxalaq səviyyədə əməkdaşlığa maraq göstərən ölkələr arasında Azərbaycanın xüsusi yeri olduğunu qeyd edib. Azərbaycan-Rumıniya arasında mədəni əlaqələrin inkişafı baxımından müstəqillik dövrünü xüsusilə qeyd etmək lazım olduğunu bildirib. Çıxışında iki ölkənin bir-biri ilə yaradıcılıq mübadiləsi və əməkdaşlığının artıq bir ənənəyə çevrildiyini bildirib. Tanınmış rumın jurnalist Minodor Mitrikanın Azərbaycan tarixinə, müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə, Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr etdiyi ”Azərbaycan dirçəlişi” kitabının rumın və ingilis dillərində çap olunduğunu vurğulayıb. Bununla yanaşı böyük Azərbaycan şairi Məhəmməd Füzulinin Rumıniyada rumın dilində şeirlərinin tərcümə olunduğunu, yazıçı Anarın, Çingiz Abdullayevin, Elçinin əsərlərinin və Xalq şairi B.Vahabzadənin poemalarının rumın dilində tərcümə olunaraq çap edildiyini diqqətə çatdırıb. Bütün bu faktları nəzərə alaraq Azərbaycan gəncliyinin Rumıniyanı daha yaxından tanımağa ehtiyac olduğunu diqqətə çatdırıb.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək gəncləri salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. G.Həsənova Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında dayandığını qeyd edib. Ötən müddət ərzində Rumıniya ilə dostluq əlaqələrinin günü-gündən genişləndiyini, bütün sahələri əhatə etdiyini vurğulayıb. Belə bir tədbirin keçirilməsinin hər iki ölkə arasında olan dostluğu daha da möhkəmləndirdiyini bildirib.

Sonda layihədə iştirak edən gənclərə moderator tərəfindən sertifikat təqdim olunub.

GOYEZEN.AZ


Geri qayıt