Əsas Səhifə > Gənclər > 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqil Azərbaycan” adlı konfrans keçirilib

18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqil Azərbaycan” adlı konfrans keçirilib


18-10-2022, 20:06


Oktyabrın 18-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqil Azərbaycan”  başlığı altında konfrans keçirilib. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.



Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilən Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov konfarsı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Müstəqilliyin Bərpası Gününün Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci il oktyabrın 15-də Milli Məclisin təsdiqlədiyi “Müstəqillik Günü haqqında” yeni Qanuna əsasən qeyd edildiyini bildirib. S.Namazov qeyd edib ki, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli Lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. Bir sözlə, Azərbaycanın  suveren dövlət kimi  mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Fəxr edirik ki, Ümummilli Liderimizin siyasətini və ideyalarını möhtərəm Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir.

Sonra tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimələri Mətanət Kazımova, Aynur Məmmədova, tələbələrdən Səma Aslanova və Zəkiyyə Məhərrəmova mövzu ətrafında geniş çıxış ediblər.


GOYEZEN.AZ


Geri qayıt