Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər Vətən müharibəsi şəhidləri kapitan Rövşən Pənahovun və əsgər Nicat Nəsibovun doğum günlərində məzarlarını ziyarət ediblər

Qazaxlı gənclər Vətən müharibəsi şəhidləri kapitan Rövşən Pənahovun və əsgər Nicat Nəsibovun doğum günlərində məzarlarını ziyarət ediblər


4-10-2022, 23:21

Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------------------


Oktyabrın 2-si Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun, oktyabrın 3-ü isə Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Nəsibov Nicat Səməd oğlunun cənnətdəki növbəti doğum günləridir. Yaşasaydılar kapitan Rövşən Pənahovun 33 yaşı, Nicat Nəsibovun isə 26 yaşı tamam olacaqdı. 

Oktyabrın 3-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidlərimizin doğum günlərində igid Vətən oğullarının Birinci Şıxlı kənd qəbiristanlığında olan məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə qərənfillər düzərək əziz xatirələrini hörmət və ehtiramla anıblar.

Daha sonra şəhidlərin əziz xatirələrinə həsr olunmuş Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 8-ci sinif şagirdləri arasında komandalardan ibarət intellektual yarış keçirilib.

Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə çıxış edərək şagirdləri salamlayıb, yarışın qaydalarını və şərtlərini şagirdlərə ətraflı şəkildə izah edib.

Qazax Gənclər Evinin dərnək rəhbəri Mehriban Carçıyeva və fəal könüllülərdən olan Fidan Nəsibova şəhidlərimiz haqqında şagirdlərə məlumat verərək əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.


Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda I yerə çıxmış komandanın üzvlərinə kubok, hədiyyə və diplom, II və III yerlərə çıxmış komandaların üzvlərinin hər birinə diplom təqdim olunub. Digər komandaların hər bir üzvünə isə sertifikat təqdim edilib.

Yarışda 10 komanda olmaqla ümumilikdə 40 nəfər şagird mübarizə aparıb.

“Laçın” komandasının üzvləri Musayev Cavanşir Ramil oğlu, Omarlı Ömər Məhəmməd oğlu, Musazadə Dünya Toğrul qızı, Şıxıyev Nəcəf Firamin oğlu I yerə layiq görülüblər.

“Qarabağ” komandasının üzvləri Mustafayev İsmayıl Rövşən oğlu, Həsənov Novruz Vüsal oğlu, Eynalova Nabat Elçin qızı, Hüseynova Günay Emil qızı yarışın ikincisi olublar.

“Kəlbəcər” komandasının üzvləri Tomayev Telman Fəzail oğlu, Səlimova Nihan Azər qızı, Ayralova Həvva Elmar qızı, Hacıidrisova Aysel Elşən qızı III yeri qazanıblar.



GOYEZEN.AZ


Geri qayıt