Əsas Səhifə > Gənclər > Qazaxlı gənclərdən nümunəvi addım

Qazaxlı gənclərdən nümunəvi addım


25-08-2022, 17:38

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Avqustun 25-i Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi kəşfiyyatçı kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun cənnətdəki növbəti doğum günüdür.

Yaşasaydı bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Əhməd Məmmədovun 28 yaşı tamam olacaqdı... 

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidimizin doğum günündə igid Vətən oğlunun Fərəhli kənd qəbiristanlığında olan məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə qərənfillər düzərək əziz xatirəsini hörmət və ehtiramla anıblar.

Şəhid Əhməd Məmmədov 25 avqust 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 1-ci  sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2009-cu ildə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin 10-cu sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2014-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətini davam etdirmişdir. Kiçik çavuş rütbəsinə qədər yüksəlmişdir. 


Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), kəşfiyyatçı, kiçik çavuş Əhməd Məmmədovun döyüş yolu Cəbrayıldan başlayıb. Cəsurluğu, mübarizliyi ilə fərqlənərək həmişə öndə olub, Şuşanın azad olunmasına qədər gedən qanlı savaşda şərəfli bir döyüş yolu keçib. Kəşfiyyatçı Əhməd Məmmədov 08.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 11 noyabr  2020-ci   il  tarixdə  doğulub boya-başa çatdığı Qazax rayonunun Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.


Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Əhməd Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Əhməd Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.


GOYEZEN.AZ


Geri qayıt