Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər bu gün doğum günləri olan Vətən müharibəsi şəhidləri kiçik gizir Elcan Namazovun və əsgər Əvəz Məmmədovun məzarlarını ziyarət ediblər
Qazaxlı gənclər bu gün doğum günləri olan Vətən müharibəsi şəhidləri kiçik gizir Elcan Namazovun və əsgər Əvəz Məmmədovun məzarlarını ziyarət ediblər1-06-2022, 17:35 |
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------İyunun 1-i Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canlarından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidləri kiçik gizir Namazov Elcan Hidayət oğlunun və əsgər Məmmədov Əvəz Elnur oğlunun cənnətdəki növbəti doğum günləridir. Yaşasaydılar bu gün döyüş meydanında göstərdikləri igidliklərə görə ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş kiçik gizir Elcan Namazovun 25 yaşı, ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Əvəz Məmmdovun isə 21 yaşı tamam olacaqdı. "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidlərimizin doğum günlərində Dəmirçilər kənd qəbiristanlığında Elcan Namazovun, Çaylı kəndində Şəhidlər xiyabanında Əvəz Məmmədovun məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə qərənfillər düzərək əziz xatirələrini hörmət və ehtiramla anıblar. Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Dəmirçilər kənd sakini, şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun məzarı
Kiçik gizir Namazov Elcan Hidayət oğlu
Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bütün şəhidlərimiz kimi, igid Vətən oğlu Elcan Namazovun da adı əbədiləşdirilib. Qəhrəman şəhidimizin doğulduğu Dəmirçilər kəndində adını əbədiləşdirən bulaq inşa olunaraq 14.10.2021-ci il tarixdə açılışı olub. Əsgər Məmmədov Əvəz Elnur oğlu
Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov 07.10.2020-ci iltarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi. Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Geri qayıt |