Əsas Səhifə > Gənclər > Vətən müharibəsi şəhidi kiçik gizir Röyal Mədətovun vaxtilə oxuduğu məktəbdə əziz xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib

Vətən müharibəsi şəhidi kiçik gizir Röyal Mədətovun vaxtilə oxuduğu məktəbdə əziz xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib


16-05-2022, 20:16


28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Mədətov Röyal Şahin oğlu da Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşdü və yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazdı.

Mayın 14-də ölümündən sonra göstərdiyi igidliyə görə "Azərbaycan Bayrağı” ordeni"Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə”,"Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kiçik gizir Röyal Mədətovun cənnətdəki növbəti doğum günü qeyd olundu. Döyüş yoldaşları tərəfindən "Qara qartal” ləqəbi verilən igid Vətən oğlunun yaşasaydı 30 yaşı tamam olacaqdı...


Mayın 16-da "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 6A sinif şagirdləri arasında Vətən müharibəsi şəhidi kiçik gizir Mədətov Röyal Şahin oğlunun əziz xatirəsinə həsr olunmuş fərdi intellektual yarış keçirilib.

Qəhrəman şəhidimizin vaxtilə oxuduğu məktəbdə xatirəsinə həsr olunmuş yarışda 19 nəfər şagird iştirak edib.

Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, yarış barədə ətraflı məlumat verib.

Müəssisənin fəal könüllülərindən Zəhra Kərimova şəhidimiz haqqında şagirdlərə məlumat verərək igid Vətən oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Olduqca maraqlı keçən fərdi intellektual yarışda qalib olan Əliyev Məhəmməd Həsən oğluna hədiyyə və diplom təqdim olunub.

Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.07.2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. "N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamladəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.

Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi. 28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı” ordeni"Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.        

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə "Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.








 

GOYEZEN.AZ


Geri qayıt