Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun doğum günündə məzarını ziyarət ediblər

Qazaxlı gənclər Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun doğum günündə məzarını ziyarət ediblər


1-05-2022, 17:15


Bu gün 44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıraraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun 33 yaşı tamam olacaqdı. Bu gün İmamverdi bizlərin arasında olmasa da xalqımızın, doğma qazaxlılarının qəlbində əbədi yaşayır, yaşayacaq da…

"Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri şəhidimizin doğum günündə Qazax rayon Ağköynək kəndində yerləşən kənd qəbiristanlığında uyuyan İmamverdi İsmayılovun məzarını ziyarət edərək, şəhidin məzarı önünə qərənfillər düzüb, öz hörmət və ehtiramlarını bildiriblər.






 

Qeyd edək ki, şəhid İmamverdi İsmayılov 1 may 1989-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1995-ci ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-cı ildə həmin liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir. Sonra 1 il Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil almışdır. 2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intizama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, Sumqayıt şəhərində (Nasosnu), Bakı şəhərində Müşviq qəsəbəsində "N” saylı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi İsmayılov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları  "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı. Bununla bərabər, xidmətdə də irəliləmiş, artıq 2017-ci ildə kapitan rütbəsi almış, "N" saylı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi olmuşdu. 


Vətən müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi olan İmamverdi İsmayılov 27-28 sentyabrda Goranboyun Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ yüksəkliyinin alınması əmrini bir nəfər itki ilə yerinə yetirmişdir. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov.

Kapitan rütbəsi daşıyan İmamverdi İsmayılov Murov istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 29.09.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Emin və Elnur adlı adlı iki oğul övladı yadigar qalıb.

Bütün şəhidlərimiz kimi kapitan İmamverdi İsmayılovun xatirəsi hər zaman əziz tutulur. Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı  3-cü dərəcəli "Rəşadət” ordeni24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə 3-cü dərəcəli "Rəşadət” ordenli şəhidimizin adı verilib.








Geri qayıt