Əsas Səhifə > Gənclər > Gənclər bu dəfə Vətən müharibəsi iştirakçısı Qəzənfər Xəlilovla görüşüblər

Gənclər bu dəfə Vətən müharibəsi iştirakçısı Qəzənfər Xəlilovla görüşüblər


31-03-2022, 13:50


Martın 30-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçısı Xəlilov Qəzənfər Pənah oğlunun gənclərlə görüşü keçirilib.

 

Qazax Gənclər Evinin metodisti Eynur Məmmərzəyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əsas məqsədinin gənclərə vətənpərvərlik hissinin aşılanması və vətənpərvərlik ruhunda tərbiyə olunmasından ibarət olduğunu bildirib.

 

Sonra Vətən müharibəsi iştirakçısı Qəzənfər Xəlilov çıxış edərək Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd  və Şuşa istiqamətində gedən döyüşlərdən, döyüş zamanı üzləşdikləri çətinliklərdən danışıb. 44 günlük haqq savaşında, hərb tarixinə qızıl hərflərlə yazılan şanlı müharibədə iştirak etməyin, illərlə düşmən əsarəti altında olan Azərbaycan torpaqlarının azad edilməsinin özü üçün şərəf, fəxarət olmasını qeyd edib. Vətən müharibəsi iştirakçısı onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarını böyük ehtiramla yad edərək, bu qələbənin onların və onlar kimi yüzlərlə şəhidin sayəsində qazanıldığını söyləyib. Bu qələbənin xalqımızın mübarizlik əzmini, ədalətsizliklə barışmazlıq keyfiyyətini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində iştirak etməyin onun üçün qürurverici olduğunu dilə gətirib. Əldə etdiyimiz şanlı zəfərə görə Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu diqqətə çatdırıb. Dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan söz açan Q.Xəlilov buna görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə, eləcə də rayon rəhbərliyinə minnətdarlığını bildirib. Görüşün təşkilinə görə razılığını ifadə edib. Bu cür görüşlərin mütəmadi olaraq təşkil olunmasını tövsiyə edib.

 

GOYEZEN.AZ


Geri qayıt