Əsas Səhifə > Gənclər > Münaqişə hərbi-siyasi yolla həll edildi

Münaqişə hərbi-siyasi yolla həll edildi


20-10-2021, 14:26


Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirən, soyqırıma məruz qalan Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytarmaqla, ən böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı.

Prezident İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etməklə yanaşı, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atdı. İkinci Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrildi.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hərbi quruculuq siyasəti son 17 ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu, prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaratdı. Respublikamızda müdafiə sənayesi kompleksinin yaradılması, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordu birləşmələrimizin ən yeni hərbi texnika və avadanlıqlarla təchiz edilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlıq səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması qarşıya qoyulan vəzifələrin məzmunu ilə düzgün əlaqələndirildi, zaman və məkan amillərindən səmərəli istifadə edilməklə böyük zəfəri addım-addım yaxınlaşdırmaq mümkün oldu.

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribatlar törətdi. Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Mənfur düşmənlərimizin əvvəlcədən planlaşdırdığı hərbi təxribatlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini bir daha sübut etdi. Bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərməklə yanaşı, həm də onların beynəlxalq təşkilatların və həmsədrlərin qərarlarını açıq-aydın heçə saydığının göstəricisi idi. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Xalq liderinin ətrafında sıx birləşdi. Qəhrəmanlıq dastanı yazan rəşadətli Ordumuzun Vətən müharibəsində nümayiş etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və humanitar qanun və normalara riayət etməsi dünya hərb tarixinə örnək səhifələr kimi yazıldı. Döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" həqiqəti milli birliyimizin, haqqın və ədalətin zəfəri, dünyaya güclü və qüdrətli Azərbaycanımızın beynəlxalq münasibətlər məkanındakı söz sahibi olduğunun nümayişi oldu. Əks-hücum əməliyyatı zamanı Ermənistanın 30 illik işğalına son qoyulmaqla 300-dən çox şəhər, kənd, qəsəbə döyüş meydanında işğalçılardan azad olundu. Həmçinin bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın işğaldan azad edildi. Düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu" mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. Döyüş meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Həm canlı qüvvə, həm də döyüş texnikası sarıdan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi. Qələbələrimizin əsas möhürü isə qədim mədəniyyət beşiyimiz olan Şuşa şəhəri oldu. Yaxşı xatırlayırıq ki, möhtərəm Prezidentimiz müsahibələrində bəyan etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Məhz qədim Azərbaycan şəhəri olan Şuşa mədəniyyət məbədimiz, musiqi beşiyimizdir. Şuşa bizim qürur rəmzimiz, milli kimliyimiz, qeyrət qalamız deməkdir. Rəşadətli Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini - milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı öz canı və qanı bahasına noyabrın 8-də əbədi olaraq fəth etdi.

Noyabrın 10-da Azərbaycan xalqı gözlədiyi müjdəni aldı. Gecə saatlarında xalqa müraciət edən Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın inamını özünə qaytardı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində Azərbaycana qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan, həmçinin onun havadarları üzərində tarixi Qələbə qazandı, Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

Bu müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Vətən müharibəsində qazanılan Qələbənin, Azərbaycan Bayrağının işğaldan azad edilən ərazilərdə Ermənistanın revanşist ünsürlərinin qarşısında asılmasının arxasında Azərbaycanın dəmir yumruğu dayanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev yumruğunu düyünləyərək bildirib: "Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır". Rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar - Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın.

Türkan BUDAQOVA,

Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı


Geri qayıt