Əsas Səhifə > Gənclər > Gənclər Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərin xatirəsini əbədiləşdirən guşə ilə tanış olublar

Gənclər Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərin xatirəsini əbədiləşdirən guşə ilə tanış olublar


21-06-2021, 15:45


Bu gün qalib ölkənin vətəndaşı olan hər bir azərbaycanlı onlara tarixi Qələbəni bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdardır. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç zaman unudulmayacaq.

Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran mərd oğullarımızın xatirəsi əziz tutulur. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını iş fəaliyyətinin əsas hissəsi hesab edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə göstərdiyi qayğını bu gün də əsirgəmir. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin keçdikləri döyüş yolunun gələcək nəsillərə çatdırılması, qəhrəmanlıqlarının nümunə göstərilməsi, ən əsası da adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən təqdirəlayiq işlər bu gün də davam etdirilir.

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü  dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, "Tərəqqi" medalı ilə təltif olunmuş, jurnalist, şair-publisist Elçin İsmayıl tərəfindən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qazaxın igid oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə onların həyatından, döyüş yolundan bəhs edən "Qanları ilə dastan yazanlar” kitabının yazılması, yenə də rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən uğrunda canından keçən şəhidlərimizin, istər Birinci Qarabağ, istər İkinci Qarabağ müharibəsi, eləcə də 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşləri zamanı şəhid olmuş igid Vətən oğullarının xatirəsini əbədiləşdirən guşənin yaradılması şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsidir. Muzeyin ikinci mərtəbəsində nəfis tərtibatı ilə göz oxşayan guşədə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçmiş 338 nəfər qazaxlı şəhidin fotoşəkilləri yer alır. Yaradılan guşə şəhidlərimizin döyüş yolundan, qazandığımız tarixi Qələbədən, həmin şanlı Zəfərdə Qazaxın igid, mərd oğullarının da payının olmasından xəbər verir.


Qazax Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində yerləşən guşə artıq hər bir qazaxlının, rayona gələn qonaqların ziyarətgahına çevrilib.

İyunun 21-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən COVID-19 pandemiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq, gənclərin Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlər üçün yaradılmış guşəyə ekskursiyası təşkil olunub.

Gənclər öncə Muzeyin birinci və ikinci mərtəbəsinə ekskursiya ediblər. Sonra Muzeydə gənclərə Vətən uğrunda qəhrəmancasına canlarından keçmiş Qazax şəhidləri haqqında ətraflı məlumat verilib.


Gənclər şəhidlər üçün yaradılmış guşənin qarşısında dayanaraq igid Vətən oğullarına olan hörmət və ehtiramlarını bildiriblər. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaradılan guşənin böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Guşənin yaradılması üçün təşəbbüskara və ərsəyə gəlməsində əməyi keçən insanlara gənclər olaraq minnətdarlıqlarını bildiriblər. Bu gün bu guşəni qürurla izlədiklərini, şəhidlərimizlə fəxr etdiklərini və ruhları qarşısında baş əydiklərini dilə gətiriblər.






GOYEZEN.AZ


Geri qayıt