Əsas Səhifə > Gənclər > Qazaxda Aprel şəhidi baş leytenant Elvin Namazovun məzarı ziyarət olunub

Qazaxda Aprel şəhidi baş leytenant Elvin Namazovun məzarı ziyarət olunub


16-04-2021, 17:40


Azərbaycan Ordusunun tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 5 il ötsə belə həmin döyüşlər Azərbaycanın hərb tarixində mühüm rola malikdir. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti odur ki, bu qələbə sayəsində "Böyük Qayıdış” prosesinə start verildi. Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış” prosesinə başlanıldı. Bu gün hər birimiz 5 il əvvəl tarixə "Aprel döyüşləri”, "Aprel müharibəsi” və ya "dördgünlük müharibə” kimi daxil olan döyüş zamanı düşməndən azad edilən Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasının sevincini, qürurunu yaşayırıq. Bu gün fəxrlə deyə bilərik ki, 2020-ci ildə qazandığımız Qələbənin təməli də məhz beş il əvvəl qoyuldu.

Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik adlı uca zirvəyə yüksəldi.

Həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda Qazax rayonunun Yuxarı Salahlı kəndindən qəhrəmancasına şəhid olmuş həmyerlimiz baş leytenant Namazov Elvin Məmməd oğlunun da xatirəsi hər zaman əziz tutulur, dərin ehtiramla yad olunur.

Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən könüllülərin iştirakı ilə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş baş leytenant Namazov Elvin Məmməd oğlunun məzarı ziyarət olunub.

Gənclər igid Vətən oğlunun məzarı üzərinə tər qərənfillər düzərək şəhidimizə olan ehtiramlarını bildiriblər.



Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, ziyarət mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanov, Yuxarı Salahlı kənd bələdiyyəsinin müavini Çingiz Zeynalov çıxış edərək şəhidlərimizin and yerimiz, qürur mənbəyimiz olduğunu gənclərin diqqətinə çatdırıblar. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qısa bir zamanda ordumuzun qazandığı nailiyyətlərdən də söz açıblar. Tarixi qələbəmizin əldə olunmasında 2016-cı ilin Aprel döyüşlərinin mühüm əhəmiyyəti olduğunu, "Dəmir yumruğ”un ilk zərbəsinin məhz həmin döyüş zamanı vurulduğunu qeyd ediblər. İllər ötsə belə xalqımızın nə bizi Qarabağda böyük qələbəmizə aparan şanlı Aprel döyüşlərini, nə Vətən müharibəsini, nə də həmin döyüşləri tarixə yazdıran Elvin Namazov kimi oğulları unutmayacağını bildiriblər. Mühüd, Elvin, Orxan kimi oğullarımızın keçdikləri döyüş yolunun böyüməkdə olan gənclərimizə hər zaman örnək olduğunu vurğulayıblar. İgid oğullarımızla nəinki qazaxlıların, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini qürur hissi ilə dilə gətiriblər.





 

Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir.

Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur. 

 

Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

2016-cı ildə rayon rəhbərliyinin təşəbbüsü ilə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılmışdır.

GOYEZEN.AZ


Geri qayıt