Əsas Səhifə > Gənclər > Qazaxda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Qan yaddaşımız” başlığı altında videokonfrans keçirilib

Qazaxda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Qan yaddaşımız” başlığı altında videokonfrans keçirilib


26-02-2021, 12:48


Fevralın 26-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Qan yaddaşımız” başlığı altında videokonfrans keçirilib.

Ümumilikdə 135 nəfərin iştirak etdiyi videokonfransda Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Konfransı giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyəti haqqında gənclərə ətraflı məlumat verib. V.Nəbiyev qeyd edib ki, Xocalı soyqırımı unudulması mümkün olmayan Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Natiq çıxışı zamanı Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verildiyini bildirib. 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevralın Xocalı soyqırımı günü kimi qəbul edildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirildiyini qeyd edib.

Mövzu ətrafında çıxış edən videokonfrans iştirakçılarından Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Türkan Hacıyeva, BDU Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri İlkin Hüseynov, "Şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzi”nin direktoru Gülanə Hüseynova, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov və fəal gənc Ülvi Zeynalov fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən törədilmiş Xocalı soyqırımının və erməni məkrli siyasətinin qanlı cinayətlərinin yaddaşımızdan heç vaxt çıxmayacağını söyləyiblər. Xocalıda baş verənlərin təkcə Azərbaycan xalqına qarşı törədilən soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayət olduğunu, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirildiyini, yandırıldığını və girov götürüldüyünü diqqətə çatdırıblar.

Tədbirin sonunda Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Türkanə Abdullayeva, Şəhanə Kazımzadə, Xatirə Abbasova və Kübra Bədəlova Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.







GOYEZEN.AZ


Geri qayıt