Əsas Səhifə > Gənclər > Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş vebinar keçirilib

Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş vebinar keçirilib


30-12-2020, 19:28


Dekabrın 29-da Qazax Rayon Gənclər və İdman İdarəsi və "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş vebinar keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev vebinarı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, onlayn görüşün məqsədindən danışıb.

Sonra Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdıran Vüqar Nəbiyev vebinar iştirakçılarına müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi naminə gələcək işlərində müvəffəqiyyətlər və uğurlar arzulayıb. 2020-ci ilin Azərbaycan tarixinə unudulmaz "Zəfər ili” kimi yazıldığını qeyd edib.

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək 31 dekabr tarixinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini, Azərbaycan xalqının ümumdünya birlik günü olduğunu, Ulu Öndərin siyasi irsinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Vebinar iştirakçılarından fəal gənc Ülvi Zeynalov mövzu ətrafında çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbənin, torpaqlarımızın düşmən tapdağından azad olunmasının 2020-ci ilin ən yaddaqalan hadisəsi olduğunu bildirib.

Ümumilikdə, 42 nəfərin iştirak etdiyi vebinarda ötən ilə nəzər salınıb, baş verən hadisələrdən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söhbət açılıb.



GOYEZEN.AZ


Geri qayıt