Əsas Səhifə > Gənclər > Qazaxda “Əsrlərə bərabər 44 gün” mövzusunda onlayn videokonfrans keçirilib

Qazaxda “Əsrlərə bərabər 44 gün” mövzusunda onlayn videokonfrans keçirilib


27-11-2020, 19:37


Bu gün "Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Əsrlərə bərabər 44 gün” mövzusunda onlayn videokonfrans keçirilib.

 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev konfransı giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, böyük Zəfərdən söz açıb. Dövlət başçısının yürütdüyü güclü siyasət, ordumuzun gücü sayəsində çoxdan həsrət qaldığımız Qarabağ torpaqlarını özümüzə qaytardığımızı bildirib. Vətən müharibəsində qalib gəlib torpaqlarımıza qovuşmaq sevincini bizlərə yaşadan, bu müqəddəs yolda canlarından keçən qəhrəman Azərbaycan övladlarına Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyib.

Sonra İkinci Qarabağ müharibəsində adlarını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazdıran şəhidlərimizin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan bütün Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


"Qazax Gənclər evi” Sosial Xidmət Müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək qazanılmış möhtəşəm qələbədən, 44 gün davam edən tarixi dövrdən, bu qələbənin Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyətindən danışıb. "Qarabağ Azərbaycandır!” deyərək yola çıxdığımız haqq savaşında Vətən övladlarının göstərdikləri qəhrəmanlıqların gələcək nəsillər, xüsusilə də gənclərimiz üçün bir örnək, məktəb olduğunu qeyd edib. Dillərə dastan olan həmin tarixi günlərin gələcəyimiz olan gənclərə çatdırılması üçün hər bir Azərbaycan vətəndaşının bu işdə səfərbər olmasını, qazilərimizi, şəhidlərimizi tanıtmaq üçün var qüvvələri ilə çalışmalarını vurğulayıb.

Videokonfransda iştirak edən "Şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzi”nin direktoru Gülanə Hüseynova və Qazax Rayon Gənclər və İdman İdarəsinin fəal könüllüsü Şəhadət Abbasov çıxış edərək mövzu ətrafında öz fikirlərini bölüşüblər. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq xalqımızın xilaskarı olan Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi sayəsində şanlı ordumuzun Azərbaycan xalqına bəxş etdiyi sevinc hisslərinə görə qazaxlı gənclər olaraq hər zaman minnətdar olduqlarını söyləyiblər. Vətənimiz uğrunda şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əydiklərini dilə gətiriblər.

 

GOYEZEN.AZ


Geri qayıt