Əsas Səhifə > Gənclər > Qazax GİKM-nin könüllüləri “Milli Teatr Günü” ilə bağlı Qazax Dövlət Dram Teatrının qonağı olub
Qazax GİKM-nin könüllüləri “Milli Teatr Günü” ilə bağlı Qazax Dövlət Dram Teatrının qonağı olub10-03-2020, 09:25 |
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri 10 Mart – "Milli Teatr Günü” ilə əlaqədar Qazax Dövlət Dram Teatrının qonağı olublar. Teatrın baş rejissoru, Əməkdar artist Musa Eyyubov gənclərə Azərbaycan teatrının tarixi haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə olub. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin də böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə hər il martın 10-u Azərbaycan Respublikasında "Milli Teatr Günü” kimi qeyd edilir. Artıq 7 ildir ki, martın 10-u Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər "Milli Teatr Günü” kimi qeyd edirlər. Daha sonra kulis, qrim və rekvizit otaqları ilə tanış olan könüllülərə iş prosesi də izah edilib. Səhnə, pyes, tamaşa və aktyor oyunu barədə praktiki məlumatlar verilib. Gənclər həmçinin dramaturq Rövşən Ağayevin "Bir gecənin nağılı" tamaşasının məşq prosesini izləyiblər. Sonda qərara alınıb ki, Qazax Dövlət Dram Teatrının dəstəyi ilə "Səhnəni qur" layihəsi çərçivəsində gənclərin sosial teatrı yaradılsın.
GOYEZEN.AZ Geri qayıt |