Əsas Səhifə > Gənclər > Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Kitab klubu" Ədəbiyyat Muzeyində yazıçılarla görüş təşkil edib

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Kitab klubu" Ədəbiyyat Muzeyində yazıçılarla görüş təşkil edib


3-03-2020, 20:36


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Kitab klubu" 3 Mart - Ümumdünya Yazıçı Günü münasibətilə Ədəbiyyat Muzeyində yazıçılarla görüş təşkil edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal ədəbiyyatın önəmi, onun cəmiyyətin bütün sferalarına təsiri barədə danışıb.


Sonra Qazax GİKM-in direktoru İsmayıl Süleymanov çıxış edərək 3 Mart - Ümumdünya Yazıçı Gününün tarixi haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, bu gün 1986-cı ildə Beynəlxalq PEN klubun 48-ci konqresinin qərarına əsasən elan edilib. Belə bir günün təsis olunmasında əsas məqsəd dünyada sülhün bərqərar olunmasına töhfə vermək və dünyanın ayrı-ayrı ölkələrində yaşayan yazıçıların həmrəyliyinə nail olmaqdır.

Daha sonra AYB-nin Qazax zona filialının üzvü, şair Saqif Qaratorpaq ədəbiyyat nəzəriyyəsi və şeirin strukturu, vəznləri, formaları barədə ətraflı çıxış edib.

Tədbirdə filial üzvlərindən Mustafa Rasimoğlu, gənc şair Elnur Süleymanov, şairə Tamella Poladlı və gənc ədəbiyyatsevərlər müxtəlif şeirlər səsləndiriblər.

Son olaraq qərara alınıb ki, "Kitab klubu”nun bir çox görüşləri Ədəbiyyat Muzeyində keçirilsin. 








 

GOYEZEN.AZ


Geri qayıt