Əsas Səhifə > Gənclər > “Erkən nikahlar və onların ağır fəsadlarının qarşısının alınması" mövzusunda maarifləndirici görüş keçirilib

“Erkən nikahlar və onların ağır fəsadlarının qarşısının alınması" mövzusunda maarifləndirici görüş keçirilib


10-09-2019, 18:39


Bu gün Qazax Rayon İcra Hakimiyyəti və Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində "Erkən nikahlar və onların ağır fəsadlarının qarşısının alınması" mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirdə əsasən, Ürkməzli və Dəmirçilər kəndlərindən olan müəllimlər, ziyalılar və valideynlər iştirak edib.

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. İ.Süleymanov bildirib ki, ailə qurmaq kişi ilə qadının müvafiq icra hakimiyyəti orqanında qeydə alınan könüllü ittifaqıdır. Bağlanan nikahların daha sağlam və möhkəm olması məqsədilə ailələr daim dövlət qayğısı ilə əhatə edilir. Yaş həddinin müəyyən edilməsi, nikahdan əvvəl tibbi müayinənin zəruriliyi və digər tədbirlər məhz bu qayğının nümunələridir. Lakin təəssüflər olsun ki, bəzən gənclərin düşünmədən atdığı addımlar, gənclər arasında könüllü ittifaqa valideyn müdaxiləsi, xüsusilə azyaşlıların ailə qurmağa məcbur edilmələri çox acı nəticələrə gətirib çıxarır. O, Aşağı Salahlı kəndindən start götürən bu cür maarifləndirici tədbirlərin gənclərin bu sahə ilə bağlı maarifləndirilməsində, "Erkən nikahlar və onların ağır fəsadlarının qarşısının alınması" sahəsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakmiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Bahadur İbrahimov mövzu ətrafında çıxış edərək bildirib ki, son dövrlər aparılan təhlillər göstərir ki, boşanmaların mütləq əksəriyyəti erkən, hazırlıqsız ailə həyatı qurulması ilə bağlıdır. Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Son illər erkən nikaha girmək istəyənlərin sayı da artmaqdadır. Təəssüf doğuran odur ki, erkən yaşda ailə həyatı qurmaq çox halda valideynin arzusu, daha dəqiq desək, tələbi ilə həyata keçirilir. B.İbrahimov İcra Hakimiyyəti olaraq bu cür halların baş verməməsi üçün məqsədyönlü tədbirlər görüldüyünü, istər şəhər, istərsə də kənd sakinləri arasında bu cür görüşlərin mütəmadi olaraq keçirildiyini vurğulayıb.RİHB aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın bu sahəni daim nəzarətdə saxladığını diqqətə çatdırıb.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev də mövzu ilə bağlı fikirlərini bölüşüb. Natiq çıxışı zamanı qeyd edib ki, erkən yaşlı uşaqlar ailə qurmağa istər fizioloji, istərsə də psixoloji cəhətdən hazır olmurlar. Anaya ehtiyacı olan qızlar erkən yaşda ana olur və ailə həyatının ağırlığına tab gətirə bilmirlər. Ona görə də boşanmaların əksəriyyəti belə ailələrdə baş verir. Unutmaq olmaz ki, bu gün tibbi müayinədən keçmədən qurulan ailələrdə də sonradan problemlər yaşanır və bu da ailənin dağılmasına səbəb olur. O, erkən nikahlara qarşı mübarizə tədbirləri olaraq təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini bildirib.

 

Qazax RİHB-nin Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Gülnaz Mahmudova, Ürkməzli kənd tam orta məktəbin müəllimi Gülnar Osmanova bu mövzuda maarifləndirici görüşlərin keçirilməsini yüksək qiymətləndirib, tədbirin təşkilinə görə kənd sakinləri adından təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Bu cür görüşlərin tez-tez keçirilməsinin tərəfdarı olduğunu, yeni tədris ili başladıqdan sonra şagirdlər və valideynlərlə də bu mövzuda söhbətlərin aparılmasını, görüşlərin təşkil olunmasını xahiş ediblər.

GOYEZEN.AZ


Geri qayıt