Əsas Səhifə > Gənclər > "Gənc könüllü”lər Qazax Tarix-Diyarşünaslıq Muzeyindən xoş təəssüratlarla ayrılıblar
"Gənc könüllü”lər Qazax Tarix-Diyarşünaslıq Muzeyindən xoş təəssüratlarla ayrılıblar19-07-2019, 14:59 |
Vətənini, yaşadığın ərazinin, şəhərin, rayonun tarixini, dünənini, bu gününü bilmək hər bir vətəndaşın ən ümdə borcudur. Bütün bunların öyrənilməsində isə bizlərə hər zaman yardımçı olan muzeylərimizdir. 2016-cı ilin 19 oktyabrında Prezident İlham Əliyevin açılışını etdiyi Qazax Tarix-Diyarşünaslıq Muzeyinin rayonumuzun tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyəti vardır. Muzey fəaliyyətə başladığı ilk gündən rayonun ali təhsil ocaqları, ümumtəhsil məktəbləri, eləcə də müxtəlif təbəqədən olan insanlar, qonaqlar bu gözəl məkana ekskursiya edirlər. Muzeyin bugünkü qonaqları isə "Gənc könüllü”lər olub. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutan ekskursiya zamanı gənclər muzeydə olan eksponatlarla yaxından tanış olaraq rayon haqqında ətraflı məlumat əldə ediblər. Könüllülərə ilk olaraq 1-ci mərtəbədə yerləşən bölmələr haqqında məlumat verilib. Qazax rayonunun tarixi, dünəni və bu günü haqqında olan ətraflı məlumat, eləcə də, 34 kəndini özündə əks etdirən xəritə gənclər tərəfindən maraqla qarşılanıb. Bundan əlavə, Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, "Qazax zaman kəsiyində: faktlar, şəxsiyyətlər” guşəsində qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf haqqında ətraflı məlumat verilib. Qazaxın faunası, bitki örtüyü və torpaq növləri, təbiət guşələri gənclərin böyük marağına səbəb olub. Qədim daş dövrünə aid bölmə ilə tanış olan könüllülərə rayonun Daş Salahlı kəndində yerləşən Damcılı mağarası, mezolit, neolit, tunc dövrünə aid olan eksponatlar barədə ətraflı məlumat verilərək onları maraqlandıran suallar cavablandırılıb. Dəmir dövrünə aid olan bölmədə rayonun son tunc və ilk dəmir dövrünə aid nümunələr, tunc dövrünə aid kəmər, alban dövrünə aid olan gil qablar, qılınc və qadın qolbaqları gənclərdə böyük maraq doğurub. Könüllülər "Sınıq Körpü” başlıqlı bölmədə İkinci Şıxlı kəndində yerləşən Sınıq Körpünün şəkli və maketi ilə tanış olublar. Bundan əlavə, gənclər "Qazax sultanlığı” adlı bölmədə o dövrdə yaşamış sultanlar, bəylər, dövlət adamları, şairlər, "Bəy otağı”nda o dövrün xanlarına, bəylərinə məxsus olan həyat tərzi haqqında ətraflı məlumat alıblar. Daha sonra ekskursiyaçılar muzeyin 2-ci mərtəbəsində olan "Alaçığa” baxıblar. Məlumat verilib ki, bu alaçıqlar yaz və yay aylarında qurularmış. "Qazax xalça məktəbi” adlı bölmədə gənclərin diqqətini çəkən Qazax xalçaları haqqında məlumatların monitor vasitəsilə nümayiş edilməsi olub. Onlar bir toxunuşla istədikləri xalça haqqında məlumat əldə edib, tarixən qədim, yundan hazırlanmış xurcuna baxıblar. "Etnoqrafiya və folklor” bölməsində Qazax bölgəsinə aid qədim toy adət-ənənələri, bir çox özəllikləri ilə seçilən "Şax qaldırdı” mərasimi, milli bayramımız olan Novruz bayramı haqqında olan ətraflı məlumatları könüllülər maraqla qarşılayıblar. Eyni zamanda bədii və etnoqrafik özəlliklərə malik Qazax geyimləri, 1867-ci ildə ümum Rusiya at sərgisində mükafat almış "Uzelok” ləqəbli məşhur Dilboz atları haqqında da gənclərə məlumat verilib. "Səməd Vurğun” adlı bölmədə Xalq şairinin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına bəxş etdiyi əvəzolunmaz şeirləri haqqında məlumat alan gənclərə Qazaxın şairləri, saz, söz adamları ilə tanınması bir daha vurğulanıb. "Aşıq
sənəti” bölməsində ən qədim sənət növü olan aşıq sənəti, aşıqlarımızdan Cəlal
Qəhrəmanov, Məmmədyar Eminov, Avdı Avdıyev, Ədalət Nəsibov və başqalarının
həyatı, yaradıcılığı haqqında, onların aşıq sənətinin inkişafı naminə gördüyü
işlər barədə ətraflı məlumat verilib. "Qazax qəzası” adlı bölmədə tariximizi
yaxından öyrənib, Əliağa Şıxlıniskinin, Nigar Şıxlıniskayanın, İbrahim ağa
Vəkilovun, Fərrux Ağa Qayıbovun və başqa tarixi şəxsiyyətlərin həyatı,
fəaliyyəti barədə maraqlı məlumatlar öyrəniblər.
GOYEZEN.AZ Geri qayıt |