Əsas Səhifə > Gənclər > Qazaxda "Gənclərin Məşğulluğu Proqramı"nın təqdimat mərasimi keçirilib
Qazaxda "Gənclərin Məşğulluğu Proqramı"nın təqdimat mərasimi keçirilib25-04-2019, 09:37 |
Aprelin 24-də Qazax Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə İş şöbəsinin aparıcı mütəxəssisi Emil Yusifov tərəfindən Gənclər Fondu və Fondun elan etdiyi "Gənclərin Məşğulluğu Proqramı"nın təqdimat mərasimi keçirilib. E.Yusifov "Gənclərin Məşğulluq Proqramı” eləcə də, Azərbaycan Gənclər Fondunun gənclər üçün təklif etdiyi imkanları haqqında qısa məlumat verib. Yaşı 18-29 olan orta-ixtisas təhsil müəssisələri və ya ali təhsil müəssisələrini bitirmiş və hazırda heç bir yerdə çalışmayan gənclərə bildirilib ki, qeydiyyat elektron formada aparılır və müvafiq müraciətə 30-45 gün ərzində baxılaraq, nəticələr açıqlanır. Müraciətinə müsbət cavab alanlar proqram çərçivəsində işə cəlb olunaraq əmək haqlarının 50 faizə qədəri 12 ay müddətinədək Gənclər Fondu tərəfindən subsidiyalaşdırılacaqdır. Qeyd olunub ki, maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcəkdir. Gənclər, həmçinin, Fond və Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı da əldə edəcəklər. Qeyd edək ki, Gənclərin Məşğulluq proqramı Azərbaycan Respublikasının Gənclər Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə həyata keçirilir. Tədbirdə ümumilikdə 60 nəfər gənc iştirak edib.
GOYEZEN.AZ Geri qayıt |