Əsas Səhifə > Gənclər > Qazaxda Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş “Lələtəpə zirvəsi” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib
Qazaxda Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş “Lələtəpə zirvəsi” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib5-04-2019, 10:41 |
2016-cı ilin aprelinin ilk günləri bizlərə çox şey deyir. Həmin günlər Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi xatırlanır. Həmin tarix ki, Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq ordumuzun şəxsi heyətinin daim döyüşə hazır olduğunu göstərdi. Bu tarix Aprel zəfəri adı altında bütün dünyaya sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti istənilən Böyük Qələbəni də qazanmağa qadirdi. Bəli, Aprel zəfərindən çox şey danışmaq olar. Çünki bu zəfər bizə dövlətimizin, ordumuzun gücünü sübut etməklə yanaşı, düşmənin bir həmlədə necə xar olduğunu da göstərdi. Artıq hər bir Azərbaycan əsgəri, igid və mərd oğulları dəqiq bilir ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə düşməni necə məhv edə bilər. Bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş "Lələtəpə zirvəsi” başlığı altında keçirilən hərbi vətənpərvərlik tədbirində səsləndirilib. Gənclər və İdman İdarəsinin 2019-cu ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon şöbəsinin və idarəsinin əməkdaşları, rayonun ali və orta ixtisas müəssisələrində təhsil alan tələbələr, fəal gənclər və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə Aprel şəhidlərinin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. O, Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı hər an azad edə biləcəyini, bunun üçün hərbi qüdrətə və ən müasir silahlara malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Aprel döyüşləri bunu bir daha sübut etdi. Həmin şanlı zəfərdən 3 il ötməsinə baxmayaraq bütün dünya dövlətləri ordumuzun qüdrətindən, əsgərlərimizin döyüş əzmindən, vətənpərvərlik hissindən bu gün də danışır. Düşmən isə döyüş zamanı vahiməyə düşdüyü kimi bu gün də o qorxu hissini yaşayır. Çünki yaxşı bilir ki, Azərbaycan Ordusu hər an düşmən mövqelərini məhv etməyə hazır və qadirdir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxışı zamanı bildirib ki, ölkəmizin hərbi qüdrətinin yüksəlməsi Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı istənilən anda azad etməsinə imkan verir. Eyni zamanda, hərbi hissələrdəki müasir şərait, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət hərbi xidmətə gedəcək gənclərdə də böyük ruh yüksəkliyi yaradır. Aprel döyüşlərindən söz açan idarə rəisi həmin döyüşlər zamanı Qazaxın igid oğullarından kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin də qəhrəmancasına şəhid olduqlarını qeyd edib. Bu gün həmin igid Vətən oğullarının keçdikləri döyüş yolunun bütün gənclərimizə bir örnək olduğunu diqqətə çatdırıb. Gəncləri bu cür vətənpərvər oğulların döyüş yolundan nümunə götürməyə çağırıb.
Tədbirdə iştirak edən Qazax RİHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb, gənclərə Vətənin layiqli övladları olmağı, torpaqlarımızın ərazi bütövlüyü, müstəqil Azərbaycanın inkişafı naminə daha böyük səylə çalışmalarını arzulayıb. Bütün sahələrdə Azərbaycanın necə bir gənclərə sahib olmalarını nümayiş etdirmələrini tövsiyə edib. SHXÇDX-nin Qazax rayon şöbəsinin leytenantı Fərahim Qəribov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, rayon Təhsil şöbəsinin metodisti Orxan Əliyev, kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin direktoru Gülanə Hüseynova, gənclərdən Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov, Qazax Dövlət Sosial-iqtisadi Kollecinin tələbələri Elşad Carçıyev və Cavid Nağızadə Aprel döyüşlərində qazanılan qələbədən danışaraq bildiriblər ki, bu qələbə ermənilərə ordumuzun gücünü, qüdrətini hiss etdirdi. Azərbaycan Ordusu müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə layiqli qələbə qazandı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2 min hektardan çox ərazisi azad edildi, minlərlə hektar torpaq ordumuzun nəzarətinə keçdi. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirdi. Çıxış edənlər qeyd ediblər ki, bu gün bizlər rahat şəkildə yaşayırıqsa, azad və firəvan bir ölkənin vətəndaşıyıqsa, bu, igid oğullar sayəsində mümkün olmuşdur. Biz bu azadlığımızı ən ali zirvəyə - şəhidlik zirvəsinə yüksələn şəhidlərimizə borcluyuq və hər zaman onlarla qürur duyuruq. Çıxışlar zamanı vurğulanıb ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda Vətənə, torpağa, sevgi hislərinin aşılanması istiqamətində mühüm əhəmiyyət daşıyır.
GOYEZEN.AZ Geri qayıt |