Əsas Səhifə > Gənclər > 2 Fevral – Azərbaycan Gəncləri Günü Ulu Öndər Heydər Əliyevin gənclərə ən böyük töhfəsidir

2 Fevral – Azərbaycan Gəncləri Günü Ulu Öndər Heydər Əliyevin gənclərə ən böyük töhfəsidir


Bu gün, 08:57

Ulu Öndər Heydər Əliyevin 8 dekabr 2002-ci ildə səsləndirdiyi “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”dəyərli sözləri bu gün də hər bir gənc üçün bir yol xəritəsi, ən qiymətli tövsiyədir. Bəli, bu gün qürurla deyə bilirik ki, Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti hər bir Azərbaycan gəncinin gələcəyinə xidmət edirdi. 2 Fevral - Azərbaycan Gəncləri Günü dahi şəxsiyyətin gələcəyimiz olan gənclərə ən böyük töhfəsidir.Ulu Öndər tərəfindən hələ 1 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Azərbaycan gənclərə yönəlik siyasətində bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

Uğurlu təcrübənin inkişaf etdirilməsi ənənəsinə gəlincə Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi.2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

Azərbaycan gənclərinin forumları mühüm əhəmiyyət daşıyır. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılmışdır.

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu böyükdür. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

İstedadlı gənclərə dövlət qayğısının təzahürü “Qızıl kitab” gəlincə Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

Ulu Öndər Heydər Əliyevin mühüm qanunverici təşəbbüsünə gəlincə Ulu Öndərin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır.

Gənclər siyasətinin mahiyyətini əks etdirən Qanuna gəlincə 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Vətənpərvərlik amili dövlət siysətinin tərkib hissəsidir. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.

Prezident İlham Əliyevin gənclər siyasəti də bütün dünyada nümunədir.

2 fevral 2022-ci ildə Prezident İlham Əliyevin səsləndirdiyi “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.

Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

2007-ci il “Gənclər ili” elan olunmuşdur. Prezident İlham Əliyevin sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur.

Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.

Avropa gənclərinin musiqi bayramı “Bakı Eurovision-2012”. Sayca 57-ci Avroviziya Mahnı MüsabiqəsiBayraq meydanında inşa olunmuş “Baku Crystal Hall”da baş tutmuşdur. 43 ölkə təmsil olunan bu möhtəşəm tədbir zamanı Bakı Avropa musiqisinin paytaxtına çevrilmiş, Avropa gənclərinin diqqəti Azərbaycana yönəlmişdir.

Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.

Avropa Gənclər Paytaxtına gəlincə Prezident İlham Əliyev 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalamışdır.

Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü “Yüksəliş” müsabiqəsidir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Hazırda respublika üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir.

Könüllülər hərəkatı da mühüm amildir. 2009-cu il iyunun 9-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir.

Gənclərin rifahına xidmət edən əsas Dövlət Proqramları uğurla icra olunur. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər təsdiq edilmişdir. “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” həmin mühüm sənədlərdir.

Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi.Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi.

İnformasiya müharibəsinin ön cəbhəsində duran Azərbaycan gəncliyi formalaşıb. Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

İdman ölkəsi hesab edilən Azərbaycanın bu sahədə uğurları çoxdur. Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırırdı. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.

Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində bir ilkdir. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının, eyni zamanda bu mühüm idman bayramının təbliğində əhəmiyyətli rol oynadı. Birinci Avropa Oyunları çərçivəsində 20 idman növü üzrə yarışlar paytaxtımızda 21 idman obyektində keçirilmişdir. Dünyanın idman tarixinə düşmüş bu Oyunlarda 50 ölkəni təmsil edən 6 mindən artıq idmançı sağlam rəqabət uğrunda mübarizəyə qatılmışdır.

Azərbaycan idmançıları dövlət başçımızın onlara göstərdiyi bu diqqətə beynəlxalq yarışlarda yüksək nəticələr qazanmaqla etimadı doğruldurlar. 2025-ci ildə idmançılarımız beynəlxalq yarışlarda 2 mindən çox medal qazanmışlar ki, bunun da 600-dən çoxu qızıl medal olub. Bu ötən illərin ən böyük rekord göstəricisidir.

İstedadlı və vətənpərvər gənclərə dövlət qayğısı hər zaman göstərilir. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbir həyata keçirilir.

Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi mühüm yer tutdu. Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha yaxşı bələddir. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur.

Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfəsi var. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir. Gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir.

Gənclərin xaricdə təhsilinə dövlət qayğısı göstərilir. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunmuşdur. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənmişdir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması nəzərdə tutulub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək. 2024-2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. Ümumilikdə, proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb. Bunlardan dünyanın 14 ölkəsinə aid 64 nüfuzlu ali təhsil müəssisəsində təhsilini başa vuran 186 nəfər Dövlət Proqramı məzunu olub.

2026-2027-ci tədris ili üzrə universitet və proqramların siyahısı təsdiqlənib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.

2025-ci ildə gənclər sahəsində görülmüş bəzi işlərə gəlincə gənclər arasında milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər icra olunmuşdur. 2025-ci il ərzində təşkil olunmuş düşərgələr, maarifləndirici tədbirlər, elmi konfranslar və yarışlar çərçivəsində 10000-dən artıq gənc iştirak etmiş, onların Ümummilli Lider Heydər Əliyev irsinin təbliği, Qarabağ zəfərinin önəmi və əhəmiyyəti, milli-mənəvi dəyərlər, təhlükəsizlik və vətənpərvərlik anlayışları üzrə bilikləri sistemli şəkildə gücləndirilmişdir. Dini radikalizm və ekstremizm meyllərinin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbirlər il ərzində ölkənin müxtəlif bölgələrində təşkil edilmişdir. İl ərzində 30 aprel-4 noyabr tarixləri arasında keçirilən zona toplantıları və görüşlərdə ümumilikdə 1047 gənc iştirak edərək dini radikalizm, ekstremizm və təhlükəsizlik mövzularında məlumatlandırılmışdır. Elmi və tədqiqat sahəsində gənclərin inkişafı məqsədilə 15 may tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Faşizm üzərində qələbədə imzamız” mövzusunda respublika elmi konfransı təşkil olunmuş, 50-yə yaxın gənc alim və tədqiqatçı iştirak edərək 35 tezis müzakirəyə təqdim edilmişdir.

2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin vətəndaşlıq fəallığının, hüquqi biliklərinin, liderlik və intellektual bacarıqlarının artırılmasına yönəlmiş çoxsaylı düşərgə, maarifləndirici və intellektual tədbirlər həyata keçirilmişdir. Müxtəlif bölgələrdə təşkil olunan gənclər və könüllülər düşərgələrinə, o cümlədən şəhid və qazi övladları üçün keçirilən proqramlara 400-dən çox gənc cəlb olunmuşdur. Maarifləndirici görüşlər və interaktiv tədbirlərdə 150-dən artıq tələbə iştirak etmiş, intellektual oyun və yarışmalar çərçivəsində isə 86 ali və orta ixtisas təhsili müəssisəsini təmsil edən 164 komanda olmaqla 820 tələbə, həmçinin 26 dövlət qurumundan 150 gənc əməkdaş mübarizə aparmışdır. Bununla yanaşı, respublikanın bir sıra şəhərlərini əhatə edən debat forumları təşkil olunmuş, ümumilikdə layihələr minə yaxın gənci əhatə edərək Konstitusiya dəyərlərinin, dövlət suverenliyinin və fəal vətəndaş mövqeyinin təşviqinə xidmət etmişdir.

2025-ci il ərzində Zəfərin 5-ci ildönümünə həsr olunmuş düşərgələr, oyunlar və maarifləndirici tədbirlər ölkə üzrə geniş miqyasda təşkil edilmişdir. Müxtəlif formatlı düşərgələrdə (o cümlədən “Gənc Qazilərin Yay Düşərgəsi”, “Poliqon”, “Şanlı Zəfər”, “Zəfərin 5 ili”, “Zəfər salnaməsi”) 1 500-dən çox gənc iştirak etmişdir. Hərbi-idman və intellektual oyunlar çərçivəsində “Şahin” hərbi-idman oyununun rayon, zona və final mərhələlərinə 23 000-dən çox məktəbli, “Sərhəd” hərbi-idman oyunlarına 825 şagird, “GİNius 86.600” intellektual oyununa isə 40 ali və orta ixtisas təhsil müəssisəsinin komandaları cəlb olunmuşdur. Qarabağa və Bakı şəhərinə təşkil olunan ekskursiyalarda 500-ə yaxın gənc, Xankəndi şəhərində Zəfər günü münasibətilə keçirilən flaşmobda isə 1100 nəfər gənc iştirak etmişdir.

Sosial proqramlara gəlincə 2025-ci ildə gənclərin sosial inkişafı, zərərli vərdişlərlə mübarizə, sağlam həyat tərzinin təbliği və inklüzivliyi istiqamətində müxtəlif düşərgələr, təlim proqramları və mübadilə layihələri keçirilmiş 8000-dən artıq gənc iştirak etmişdir. Gənclər sahəsində təlimçilər üçün nəzərdə tutulmuş proqram 2025-ci ildə fəaliyyətə başlamış və ilkin mərhələdə 100-dən çox qeydiyyat həyata keçirilmişdir. 20 gənc təlimçi platformanın ilk üzvləri olaraq qeydiyyatdan keçmişdir. Proqramın əsas məqsədi gənclər üçün təlimçilərin vahid bazasının yaradılması, onların inkişafının təmin olunması, öyrənmə mühitinin gücləndirilməsi və peşəkar bacarıqlarının artırılmasıdır. Sosial məsuliyyət və inklüzivlik mövzusunda keçirilmiş “Beynəlxalq Autizm Konfransı”, “İnklüziya və sosial məsuliyyət”, “Birlikdə Gələcəyə”, “Fərqlilikdə güc” və “İncamp” düşərgələrində əlilliyi olan və digər həssas qruplardan olan gənclərin iştirakı ilə ümumilikdə 1000-ə yaxın gənc əhatə olunmuş, onların sosial bacarıqları, özünəinam və cəmiyyətə inteqrasiyası gücləndirilmişdir. Hüquqi maarifləndirməyə yönəlmiş “Hüquqi biliklər həftəsi” layihəsi çərçivəsində 45 gənc iştirak edərək insan hüquqları, gender bərabərliyi və vətəndaş məsuliyyəti sahəsində biliklərini artırmışdır.

İnnovativ inkişafa gəlincə 2025-ci ildə gənclərin texnologiya, robotexnika və yaradıcılıq sahələrində iştirakını təşviq etmək məqsədilə müxtəlif müsabiqə, düşərgə və olimpiadalarda 2 000-dən artıq gənc iştirak etmişdir. AIRO 2025, “VikiGənclik” düşərgəsi, “I am Jazzman” müsabiqəsi, Dünya Robot Çempionatının və Dünya Robot Olimpiadasının seçmə mərhələləri, eləcə də “Robocamp”, “Gənc alim və tədqiqatçılar”, “El-oba” və “Caz” düşərgələri ilə birlikdə ümumilikdə 2055 gənc iştirak etmişdir.

Tələbələrlə iş sahəsinə gəlincə tələbə gənclər təşkilatları, müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə düşərgə, yarış, forum və intellektual fəaliyyətlərdə təxminən 9000 gənc iştirak etmiş, onların bilik, bacarıq, liderlik və komanda işinin inkişaf etdirilməsi təmin olunmuşdur. “Universitet liqası” intellektual oyununda 257 komanda və 1500-dən çox gənc iştirak etmişdir. Eyni zamanda, E-sport həvəskarları üçün 170 gənc, 53 komandanın iştirakı ilə “Azərbaycan Universitet Liqası” təşkil edilmiş, Fibonaççı İntellektual yarışı üzrə Respublika çempionatında 2000-dən çox gənc əhatə edilmişdir. Debat turnirləri və forumlarda isə 80 komanda, 600-dən çox iştirakçı, habelə “Bakı Gənclər Debat Forumu: Qış - 2025” və “Respublika Gənclər Debat Forumu”nda 920-dən çox gənc iştirak etmişdir.

İctimai inkişafa gəlincə 20 Yanvar faciəsinin 35-ci ildönümü və 26 fevral 2025-ci il tarixində “Xocalı soyqırımı” ilə əlaqədar X platformasında sosial media aksiyası təşkil edilib. Gənclər təşkilatlarının elektron şəbəkəsinin və reytinq sisteminin formalaşdırılması məqsədilə TƏSDİQ platforması yaradılmış və ilkin mərhələdə təxminən 50 təşkilatın müraciəti qeydə alınmışdır. 2026-cı ildə gənclər təşkilatlarının sayının artırılması və reytinq sisteminin elan edilməsi məqsədilə qeydiyyatın davam etdirilməsi planlaşdırılmışdır. 2025-ci il ərzində ölkə üzrə gənclərin inkişafı və fəallığının artırılması məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. İlin əvvəlindən sonunadək təşkil olunmuş düşərgə, forum və proqramlarda ümumilikdə 778 nəfər gənc iştirak etmişdir. Tədbirlər arasında “Könüllü Baharı” (150 iştirakçı), “GəncLİK Gənc Liderlərin İnkişafı və Karyerası” (98 iştirakçı), “Gənclərin Liderlik Akademiyası - 4” (120 iştirakçı), NexgenAİ düşərgəsi (60 iştirakçı), Azərbaycan Skautlarının Milli Dəyərlər və Liderlik Forumu (təlimlər və interaktiv fəaliyyətlər), “Bilik Kuboku” final mərhələsi (91 iştirakçı) və “Azərbaycan Könüllülük Həftəsi - 2025” çərçivəsində Həmrəylik Düşərgəsi (150 iştirakçı) yer almışdır.

Gənclər evləri ilə iş sahəsinə gəlincə2025-ci ildə ölkə üzrə 33 “Gənclər evi” sosial xidmət müəssisəsində 5943 tədbir təşkil olunub və ümumilikdə 112969 gənc iştirak edib. İl ərzində regionlarda gənclərlə iş sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə 7 mərkəzdə təlim proqramları, maliyyə və idarəçilik təlimləri, panel müzakirələr, ekskursiyalar, sosial aksiyalar, “4P Gənclər evi” düşərgəsi keçirilmiş, təlim və düşərgələrdə iştirak edən 250-dən çox müəssisə əməkdaşı fəaliyyətlərdə iştirak edib, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müxtəlif proqramlara cəlb olunmuşdur.

Beynəlxalq tədbirlərə gəlincə 2025-ci il ərzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən İƏT, D-8, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, Avropa Şurası və ikitərəfli formatlar çərçivəsində geniş beynəlxalq fəaliyyət həyata keçirilmişdir. İl ərzində 20-dən çox beynəlxalq və regional tədbir, forum, iclas, festival, düşərgə və mübadilə proqramı təşkil edilmiş və ya onlarda iştirak təmin olunmuşdur. Bu fəaliyyətlər Avropa, Asiya və Afrika məkanını olmalq təxminən 25-dən çox ölkəni (Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Mərakeş, Fransa, Malta, Misir, Belarus və s.) əhatə etmişdir. Tədbirlərdə ümumilikdə 1 500-dən artıq yerli və xarici iştirakçı, o cümlədən 300-dən çox beynəlxalq nümayəndə (gənclər, ekspertlər, rəsmi şəxslər, təlimçilər) iştirak etmişdir. İl ərzində gənclər siyasəti, könüllülük, qeyri-formal təhsil, liderlik, davamlı inkişaf, iqlim, innovasiya, mədəniyyət və beynəlxalq əməkdaşlıq istiqamətlərində onlarla panel, təlim, forum və yüksək səviyyəli görüşlər keçirilmiş, bir sıra protokollar və tövsiyə xarakterli sənədlər qəbul olunmuşdur.

Gənclərin beynəlxalq təmsilçiliyinə dəstək yüksək səviyyədədir. 2025-ci il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi və aidiyyəti qurumların iştirakı ilə Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə təmsilçiliyi geniş miqyasda təmin edilmişdir. İl ərzində təxminən 50-dən çox beynəlxalq tədbir (forumlar, konfranslar, yarışlar, sammitlər, düşərgələr, mübadilə proqramları və çempionatlar) üzrə ezamiyyətlər həyata keçirilmişdir. Bu tədbirlər çərçivəsində Azərbaycan 30-dan artıq ölkədə (o cümlədən ABŞ, Yaponiya, Çin, Koreya, Avstraliya, Braziliya, İndoneziya, Sinqapur, Böyük Britaniya, Avstriya, Almaniya, İtaliya, İsveçrə, Danimarka, Estoniya, Finlandiya, Macarıstan, Malta, Portuqaliya, İspaniya, Rumıniya, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Mərakeş, Misir, İran və s.) təmsil olunmuşdur. Ümumilikdə, beynəlxalq səfər və tədbirlərdə 400-dən çox gənc və mütəxəssis iştirak etmiş, onlar elm, təhsil, innovasiya, robototexnika, iqlim dəyişiklikləri, hüquq, gənclər siyasəti, könüllülük, mədəniyyət, idman, kulinariya, skautluq və liderlik sahələrində ölkəmizi təmsil etmişlər.

“Lənkəran şəhəri - Türk dünyasının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı çərçivəsində mühüm tədbirlər həyata keçirilir. 12 iyun 2025-ci il tarixində Lənkəran şəhərində TDT-nin “III Gənclər Könüllülük və Təhsil Proqramı” keçirilmiş, tədbirdə üzv ölkələrin nümayəndələri də daxil olmaqla 100 nəfər iştirak etmişdir. Proqram çərçivəsində könüllülük fəaliyyətinə dair təlimlər və təcrübə mübadiləsi aparılmışdır. Həmin gün “Lənkəran-2024 Türk Dünyasının Gənclər Paytaxtı” proqramının rəsmi bağlanış mərasimi keçirilmiş, “Gənclər Paytaxtı” rəmzi açarı Qazaxıstanın Almatı şəhərinə təqdim olunmuş, proqramın icrasına töhfə verən qurumlar və gənclər təltif edilmişdir. Bağlanış mərasimində 600-dən çox iştirakçı iştirak etmişdir.

Azərbaycan Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində 12-13 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində AQEM Gənclər Şurasının 8-ci iclası, AQEM ölkələrinin könüllülük hərəkatı liderlərinin forumu, “AQEM gənclərinin beyinfırtınası” interaktiv yarışması keçirilmiş, 19 ölkədən 110 nümayəndə iştirak etmişdir. Tədbir çərçivəsində “Tövsiyyələr sənədi” qəbul olunmuş, Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda Davos formatlı yan tədbir, beynəlxalq esse və süni intellekt müsabiqələrinin qaliblərinin mükafatlandırılması həyata keçirilmiş, Bakı şəhərinə nümayəndə heyətlərinin səfəri təşkil olunmuşdur. Eyni zamanda, Azərbaycan-Misir arasında gənclər və idman sahəsində ikitərəfli görüş keçirilmişdir.

Televiziya və radio layihələrinə gəlincə 2025-ci il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclərin intellektual, yaradıcılıq və asudə vaxtının səmərəli təşkili məqsədilə il ərzində “Breyn Rinq” intellektual oyunu üzrə XXV və XXVI Azərbaycan çempionatları televiziya formatında təşkil edilmiş, hər çempionatda 200-dən çox iştirakçı mübarizə aparmışdır. Eyni zamanda, may-iyun aylarında keçirilən “Stand up Gənc Liqa” televiziya yarışması 500-dən artıq gənci əhatə etmişdir. Bununla yanaşı, Nazirliyin təşəbbüsü və tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilən “ŞənGənc” televiziya layihəsinin 2-ci mövsümü 2025-ci ildə uğurla yekunlaşdırılmış, 32 “Gənclər evi”ni təmsil edən komandalar müxtəlif mövzular üzrə video və canlı çıxışlarla iştirak etmişdir.

İlin yekun statistik məlumatlarına əsasən 47 düşərgə, 28 mövzu, 5163 iştirakçı, 65 yarış və müsabiqə, 41661 iştirakçı, 29 beynəlxalq tədbirlər, 27 ölkə nümayəndəsi, 899 əcnəbi iştirakçı, “Konstitusiya və Suverenlik İli” çərçivəsində 395 tədbir, 22520 iştirakçı, “Zəfərin 5 ili” çərçivəsində 15 tədbir, 27232 iştirakçı, “Gənclər Paytaxtı 2025 - Sumqayıt” çərçivəsində 62 tədbir, 23207 iştirakçı, AQEM 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində 3 tədbir, 110 iştirakçı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 405 nəfər 50 xarici ölkəyə 60 beynəlxalq tədbirdə iştirak üçün ezam olunub. İl ərzində Gənclər Evlərində 5943 tədbirdə 112969 gənc, Gənclər və İdman İdarələrinin 2679 gənclər tədbirində 175663 gənc əhatə olunub.

Ümummilli Lider Heydər Əliyevin gənclər haqqında səsləndirdiyi dəyərli fikirlər bu gün hər bir gənci qürurlandırır.

11 oktyabr 1999-cu ildə Naxçıvan qarnizonu “N” saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüşdə nitqində Ulu Öndər bildirdi ki, “Mən arzu edirəm ki, hər bir Azərbaycan gənci Azərbaycan ordusunda xidmət etməyi özünün müqəddəs vəzifəsi kimi qəbul etsin. Orduda xidmət etməyən gənc cəmiyyətdə böyük hörmət qazana bilməz. Cəmiyyətdə, gələcək həyatda hörmət qazanmaq istəyən gənc gərək mütləq, mütləq əsgərlik borcunu yerinə yetirsin. Əsgərlik borcunu yerinə yetirmək hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsidir”.

13 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində qeyd etdi ki, “İqtisadiyyatı irəliyə aparmaq üçün dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır”.

20 mart 1996-cı ildə “Gülüstan” Sarayında şəhid uşaqları və kimsəsiz uşaqlar üçün təşkil olunmuş novruz şənliyində çıxışında vurğuladı ki, “Nə qədər çox sülh, əmin-amanlıq olarsa, gələcək nəslimiz daha yaxşı, daha firavan yaşayacaq, yaxşı təhsil, tərbiyə alacaq, gələcək üçün hazırlaşacaqdır”.

22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışında bildirdi ki, “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq”.

31 avqust 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə söylədi ki, “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır”.

2 fevral 1996-cı ildə Respublika Sarayında müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda nitqində səsləndirdi ki, “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdı. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir”.

1 fevral 1997-ci ildə Prezident Sarayında müstəqil Azərbaycan Respublikası gənclərinin 1-ci forumunun birinci ildönümü münasibətilə forum nümayəndələrinin bır qrupu ilə görüşdə söylədi ki, “Hər gündən, dəqiqədən səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmin, həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm də ölkə xalq üçün faydalı olsun. Milli ideologiya konsepsiyası haqqında danışanda gəncləri birinci növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etmək lazımdır”.

2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii idman bayramında Azərbaycan Prezidenti Heydər Əliyev nitqində qeyd etdi ki, “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

21 fevral 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin YAP-ın Gənclər Birliyi nümayəndələrinin ümumrespublika toplantısında nitqində dahi şəxsiyyət vurğuladı ki, “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər”.

13 dekabr 1998-ci ildə Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə “Uşaqlar dünyanın sevincidir” devizi altında keçirilən mərasimdə çıxışında səsləndirdi ki, “Mən inanıram ki, indiki gənclər, indiki uşaqlar bizim nəsillərdən də qabiliyyətlidir, istedadlıdır. Mən inanıram ki, Azərbaycanın bugünkü gəncləri, bugünkü uşaqları Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəklər. Biz bunun təməlini qoyuruq, əsasını qoyuruq. Siz isə gələcəkdə bunları qurub yaratmalısınız, inkişaf etdirməlisiniz”..

4 mart 1999-cu ildə Respublika gənclərinin II forumunda nitqində bildirdi ki, “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”

1 sentyabr 2000-ci ildə Yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə Bakının Nərimanov rayonunda yerləşən 82 saylı pilot orta məktəbdə keçirilən təntənəli toplantıda nitqində qeyd etdi ki, “İndi müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin, qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz. Ancaq təkcə tarix deyil, bizim zəngin ədəbiyyatımız var. Azərbaycan ədəbiyyatı qədim dövrlərdən indiyədək öz zənginliyi ilə bütün dünya xalqları içərisində öncül yerlərdə olubdur. Demək, bu həm bizim tariximizdir, həm mənəviyyatımız, həm də milli mənliyimizdir”.

29 dekabr 2000-ci ildə Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bildirdi ki, “Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir”.

3 sentyabr 2001-ci ildə ən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüşdə yekun nitqində qeyd etdi ki, “Gənclərə tövsiyəm odur ki, onlar sağlam fiziki və mənəvi həyat tərzi keçirsinlər. Belə olan halda siz həm daha da sağlam vətəndaş olacaqsınız, həm daha da yaxşı bilik alacaqsınız, belə olanda həm də Azərbaycanın gələcəyinin həqiqi qurucuları olacaqsınız”.

25 iyun 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə təbrikində vurğuladı ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır”.

12 sentyabr 2002-ci ildə Gəncədəki “N” saylı hərbi hissədə keçirilən görüşdə nitqində söylədi ki, “Hərbi xidməti keçməyən gənc Azərbaycanda, bizim cəmiyyətdə heç vaxt hörmət qazana bilməz”.

8 dekabr 2002-ci ildə Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə keçirilən şənlikdə nitqində söylədi ki, “Çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcəklər, öz elində-obasında yaşayacaqlar”.


Geri qayıt