Əsas Səhifə > Ədəbiyyat > Xəyalımdan nələr keçər “Dərdin alem”

Xəyalımdan nələr keçər “Dərdin alem”


9-06-2024, 08:54

 

Babək Osmanoğlu Qurbanov - 85  

Prof. Dr. Babək Qurbanov (06.09-1939 – 28.03.2019) 

İnsan ömrü bu dünyaya gəlişiylə-gedişiylə sanki bir anlıq mehmandır. Köçəri quş kimi gəlir və uçub o dünya adlı “məmləkətə” təxti-rəvan olur. Bu fani dünyada, bu ani dünyada nə əməlin sahibi oldu, nə xidmətlər göstərdi? Göstərə bildimi, göstərməyə imkan tapa bildimi görəsən? Təmənnasız xidmətləri və savab əməlləri ilə görəsən xatirələrdə qalaraq haqq dərgahına varid olandan sonra anıldımı və ya unuduldumu?. 

Tanıdığım pak əməlli, bəşəri amallı insanlar arasında Osmanoğlu Babək Qurbanov haqda əminliklə deyə bilərəm ki, xoşməramlı, xeyirxah niyyəti ilə xatirələrdə bu gün də yaşamaqdadır. Çünki təmənnasız xidmətləri ilə elmi nurunu akademik cameəyə saçdı ömrü boyu. Tələbələrinə doğru yolda irəliləməsi üçün sərrast istiqamət verdi, yönləndirdi. Elm adlı zirvədəki məkana doğru yüksəltdi. Ürəklərdə taxt-tac qurdu insanlıq aləmində. Həyatda ikən hörmət-ehtiram sahibi oldu, zəhməti, çalışqanlığı ilə nümunəvi, hər kəsə örnək oldu. Əsl insanlığın əlası kimi simvol oldu. 5 ildir aramızdan ayrılsa da ülvi xatirəsi onu yaxından tanıyanların qəlbində, ruhunda, könül xanimanında yaşamaqdadır. Biri də bu sətirlərin müəllifi Cəmiloğlu İlqardır. Neçə il Gaziantep Konservatoriyası adlı ali musiqi qurumda bərabər səmərəli çalışdıq. Nə bəxtəvər günlər idi, o günlər. İndi həsrət qaldığım o günlər... 


Prof. Dr. Babək Qurbanov, Prof. Dr. İlqar Cəmiloğlu,   

Prof. Dr. Babək Qurbanovun ad günü sevinci. TMDK - 09.06.2013

Bir otaqdaca baş-başa verib xoş məramlarımızı, elmi düşüncələrimizi paylaşırdıq, elm aləminin dünyasında məsləhət-məşvərətlər edərdik. İnsanlıq naminə vicdanla, qeyrətlə ana Vətənimiz Azərbaycan adına layiq ülvi xidmətlərlə elmi nailiyyətlərimizi bəxş etməyə çalışırdıq təmənnasız... Heyif o günlərdən. Məhəmmədhüseyn Şəhriyarımızın təbirincə “İdi, batdı, dağıldı”. İndi xiffət çəkməklə təskinlik tapıram sənsiz ay dayı.

Sazım üstə yerin vardır,

Sözüm üstə yerin vardır,

Gözüm üstə yerin vardır,

                          Ay dayı.

 

Xəyalımdan getməyirsən,

Gözlərimdən itməyirsən,

Tikan olub bitməyirsən,

                        Ay dayı.

 

Səni lütf etdi mərd ana,

Yaşadın mərdi-mərdana,

Çatmısan ali məqama

                          Ay dayı.

 

Müdrik sözün ürəyimdə,

Həm arzumda, diləyimdə,

Andım, əhdim, çörəyimdə,

                           Ay dayı.

Bu nə istəkdir həvəsdir?

Sizi unutmaq əbəsdir?

Ruhumdakı həzin səsdir,

                           Ay dayı.

 

Gözüm-gözünə həsrətdir,

Üzüm-üzünə həsrətdir,

Sözüm-sözünə həsrətdir,

                           Ay dayı.

 

Bulud kimi çökürəm mən,

Xiffətini çəkirəm mən,

Qəm tumunu əkirəm mən,

                           Ay dayı.

 

Nə gözəl günlər var idi,

Bu cahan bizə dar idi,

Allahım bizə yar idi,

                          Ay dayı.

 

Dünyanın gərdişi belə,

Öncədən vərdişi belə,

Dönükdür, sirdaşı belə,

                          Ay dayı.

Görüm düşmənlər zar olsun,

Yurd yuvası tar-mar olsun,

Yek olan bizə yar olsun,

                         Ay dayı.

 

Əcəl qələbə çalhaçal,

İşlər yarımçıq qalhaqal,

İlqar xəyala dalhadal,

                         Ay dayı.

Heyif o günlər, dəyərli–qiymətli günlərə həsrət qaldıq nə yazıq ki. Yeri görünür hər zaman, hər gün, hər saat, hər an. Çarəsiz qalmış birisinin imdadına kim yetər görəsən? Keçmişdə qalan ülvi xatirələri kim geri döndərə bilər, əli uzanıqlı həsrətdə, intizarda qalmış birisinə. Heyhat, əfsus deməklə, heyfsilənməklə əlimizdən nə gəlir ki, görəsən? Sadəcə çıxış yolu, xatirələri anmaqla, vərəqələrə köçürüb olan-qalan hadisələri, unudulmaq təhlükəsində qalmaqda olan əhvalatları yada salıb xalqımıza çatdırmaqdır. Məncə yeganə əlac budur. Doğru mövqe budur deyəsən. 

“Xəyalımdan nələr keçər “dərdin alem” adlı anım məqaləmizdə Osmanoğlu Babək Qurbanovla bağlı ülvi qalan, solmaz olan, nəhəng ustadımıza aid xatirələrimizə yer vermişik. Bir çox mətləblərə aydınlıq gətirib xalqımızın nəzər-diqqətinə çatdırmaq üçün. Bu xoş məramıma da özüm-özümə xeyir dua verərək böyük ziyalı alimimiz Babək Qurbanovlu düşüncələrimin bəzi fraqmentlərini oxucularımıza çatdırmaqdır. Tanrım bu savab düşüncəmi gerçəkləşdirməyə yardım etsin. Amin.

Professorumuz Babək Qubanovla söhbətimiz sırasına bəzən bədahətən yeni fikirlər ortaya çıxırdı. Tövsiyəsi bu idi ki, “Bu orijinal fikirlərimizi tez qeyd elə sonra unuda bilərik ay dayı. Qismət olsa kitab yazarıq”. Hərdən də söhbətimiz əsasında hətta, gülməcələr də yaranırdı. Mən də kiçik dəftərçəmə qeyd edirdim ki, bu lətifələr ikimizə aiddir. İnşallah münasib bir vaxtda çap etdirərik. Arxivimdə saxladığım bir neçə gülməcələr, 85 yaşının tamam olması ərəfəsində ustadım Babək Osmanoğlunun ruhuna fatihə verməklə qiymətli oxucularımıza ərmağan olsun.

Gülməcə № 1

“Günlərin birində Babək müəllimin işə bir qədər gec gəldiyini görüb İlqar müəllim Yalçın müəllimə xahiş edir ki, “zəng elə gör niyə gecikir?”. Yalçın müəllim dedi ki, “mən narahat etmək istəmirəm, bəlkə yuxudadır, yatır”. Sonra da sözünə davam edib dedi “dünən zəng etmişdim. Səndən şikəyət etdi ki, yuxunun şirin yerində İlqar müəllim məni yuxudan oyatdı”. İlqar müəllim sözün cavabında dedi ki, “axı mən şirin insanam. Ona görə də yuxunun şirin məqamənda dayıya zəng etməyi daha münasib hesab edirəm”.

Gülməcə № 2

“Hər zaman İlqar müəllimlə birgə marketə gedən Babək müəllim bəzən hövsələsi çatmadığı üçün ona lazım olan əsas ərzaqların siyahısını verib belə deyir: “Xahiş edirəm aldığın ərzaqların, son kullanma tarixinə diqqət yetir”. Birdən tükətmənin zamanı keçər, ərzaq köhnə olub bizi zəhərləyər”. “Son kullanma tarixi” sözü İlqar müəllimin ürəyinə möhkəm həkk olmuşdu. Hər zaman da Babək müəllim üçün alış-veriş edərkən ərzağın tükətim tarixinə xüsusi diqqət yetirirdi.

“Novruz bayramı günlərində Babək müəllim, Xalq şairimiz Zəlimxan Yaqubun Osman Sarıvəlli haqda olan xatirə məqaləsini İlqar müəllimin internet adresinə göndərir. Bu günlərdə İlqarın digər yazı-pozuya başı qarışdığı üçün məqaləni oxumağa vaxt tapa bilmir. Aradan 10 gün keçir. Martin 31-də İlqar müəllim interneti açdıqda Babək müəllimin onun adresinə ünvanladığı məqalə diqqətini çəkir və tezcə açıb oxuyur. Məqalə çox xoşuna gəldiyi üçün telefonla zəng edib Babək müəllimə fikrini və xoş təəssüratını bildirir. Bu zaman Babək müəllim kinayə ilə deyir ki, “bu məqaləni 10 gündür sənə göndərmişəm indimi açıb oxuyursan?” Bu sözün müqabilində vəziyyətdən çıxmaq üçün Babək müəllimə belə cavab verir: “Məqalənin son kullanma tarixi martın 31-nə kimidir”. Əgər aprelin birinə qalsaydı məqalənin vaxtı keçərdi, köhnələrdi. Deyə cavab verir”.

Gülməcə № 3

“Gaziantepin “Sanko xəstəxanası”nın doktoru ilə görüşmək üçün bir ay olar ki, Babək müəllimlə İlqar müəllim məşvərət edirlərmiş. Lakin ora getmək üçün münasib bir vaxt tapa bilmirlər. Bu minvalla aprelin birində bu barədə ortaq bir qərara gəlmək məqsədilə İlqar müəllim zəng edir. Telefonu qaldırdıqda İlqar müəllim Babək müəllimin yadına salır ki, dünən qərara gəlmişik ki, bu gün günortadan sonra xəstəxanaya gedək. Babək müəllim getməmək üçün bu dəfə də yeni bir bəhanə tapıb İlqar müəllimə belə cavab verir: “Bu gün aprelin biridir adam aldadılan gündür. İnşallah sabah gedərik”. İlqar müəllim bu sözün müqabilində belə deyir. “Ay dayı aprel ayının hər günü mənim üçün 1 apreldir”. Babək müəllim həmin anda İlqara: “Düz deyirsən ay dayı onsuz da hamı bizi ilboyu asanca aldadır”, - deyə cavab verir”.

                                                          Gülməcə № 4

“Ərdahan Universitetinin professoru Rövşən Xasayoğlu günlərin birində İlqar müəllimə zəng edir və soruşur ki, “nə edirsən?”. İlqar müəllim belə cavab verir: “Dayımla söhbət edirəm”. Deyir ki, xoşbəxt adamsan ki, “sənin Babək Osmanoğlu kimi dayın var”. Bu sözün müqabilində İlqar müəllim Rövşən Xasayoğluna belə cavab verir: “Telefonu verirəm sən də dayı ilə danış, Dayılan”.

Gülməcə № 5

“Günlərin birində Səadət Güvənc adlı aspirant, İstanbuldan elmi rəhbəri İlqar müəllimə zəng edir. Bu zaman Babək müəllim fürsəti qaçırmayıb həyəcanlı, təlaşlı, asta səslə İlqara hədə-qorxu gələrək deyir ki, “onun əri var, qorxmursanmı?” Bu sözün müqabilində İlqar müəllim heç halını pozmadan: “Nə olsun ki? Mənim də Şəkər adında xanımım var”, - deyə Babək Osmanoğluna cavab verir”.  

Babək müəllimi tanıyanlardan son günlərdə aldığım internet məktublarını da xalqımıza çatdırmaqda məramım əvəzolunmaz insanı xoş xatirələrinin göstərgəsi olaraq təqdim edirəm.

Balıkəsir Bələdiyə Konservatoriyasının şöbə müdiri Atik Sahilin bir neçə gün öncə Babək Osmanoğlu Qurbanovun 85 illik yubileyi münasibətilə mənim elektron adresimə göndərdiyi qiymətli düşüncələrini də xalqımıza çatdırmaqla mənəvi borcumu yerinə gətirmək istərdim qiymətli oxucularım.

Atik Sahil. “Babək Qurbanovun həyatı və əldə etdiyi nailiyyətlər həqiqətən də heyranedicidir. Onun sənət sahəsində bu qədər geniş istedada və biliyə malik olması təqdirəlayiqdir. Bundan əlavə, onun tələbələri maarifləndirmək və düzgün elmi məsləhətləri ilə gələcək nəsillərə zəngin töhfələri verməsi çox böyükdür. Azərbaycan musiqisini, ədəbiyyatını, təsviri sənətini dünyaya tanıdan əsl alim idi. Onun kimi nümunəvi insanların olması sənət aləminə, cəmiyyətə böyük zənginlik qatıb. Çox gözəldir ki, o, öz ləyaqəti, təvazökarlığı və tolerantlığı ilə insanların ilham qaynağı olub. Tərifləməkdən əl çəkə bilmədiyim dəyərli müəllimimi tanıdığım üçün çox şadam. Babək müəllimlə ilk tanış olanda onun ləyaqətli və məğrur mövqeyi məni çox heyran etdi. Şirin təbiətli, həlim xasiyyətli, səmimi insan kimi qəlbimə əbədi həkk olub. Onun əllidən artıq kitabları, yeddi yüzə yaxın elmi məqalələri var. Bu elmi xəzinə gələcək nəsil tələbələr üçün elmi biblioqrafiya kimi istifadə olunacaq. Sağlığında mənə bir söz vermişdi: “Mən sizin namizədlik müdafiəndə iştirak edəcəyəm” deyirdi. Təəssüf ki, ömrü vəfa qılmadı. Bizi tərk etdi. Xəstəliyi zamanı Bakıdakı evinə nəhəng ustadımın ziyarətinə gemişdim. Bizi çox yaxşı qarşıladı. Mehriban və səmimi münasibətini ülvi xatirə kimi hər zaman anmaqdayam. 

 

 (Soldan sağa) Balıkəsir Universitetinin müəllimi Atik Sahil, Prof.Dr. Babək Qurbanovu Bakıda yaşadığı mənzildə ziyarət edərkən. Bakı - 2017 

Nur içində uyu xocam. Nə yaxşı ki, Babək Qurbanov adlı bir əfsanəvi insan, elm xadimi kimi bizlərə örnək olaraq ülvi xatirələrimlə bu dünyadan gəlib keçdi. Onun kimi nümunəvi insanlar cəmiyyətə böyük irs qoyur və daim xatırlanırlar”.

 

Atik Sahil, Balıkəsir Bələdiyyə Konservatoriyasının şöbə müdiri

Sənətşünaslıq namizədi

Dos.Dr. Savaş Ekici. Prof.Dr. Babək Qurbanovla 2009-cu ilin əvvəlində tanış olduq. Gaziantep Konservatoriyasının rəhbərliyində olduğumuz o illərdə, xüsusən də Azərbaycanla “Bir millət, iki dövlət” anlayışının daha da gücləndirilməsində həm Babək hoca, həm İlqar hoca, həm də Qaspıralı İsmayılın “Dildə, işdə və fikirdə birlik” devizi ilə çalışmamız həm təşkilati, həm də təhsil baxımından çox məhsuldar nəticələr əldə etməyimizə şərait yaratdı. 

 

Sənətşünaslıq namizədi Savaş Ekici elmi rəhbəri Prof.Dr.Babək Qurbanovu 70 yaş münasiətilə təbrik edərkən 9 iyun 2009

Bundan əlavə, zaman keçdikcə Babək hocanın bizimlə çalışdığı dönəmdə konservatoriyada göstərdiyi səylər, təqdirəşayan xidmətlər, bir çox müəllimlərlə olduğu kimi mənimlə də dostluğu, səmimiyyəti, elmi biliklərini bölüşməsi, atalıq münasibəti heç vaxt unudulmayacaq. Doktorluq dissertasiyam zamanı onun məsləhəti və rəhbərliyi də mənim üçün çox önəmli idi. Ölümünün 5-ci ildönümündə unudulmaz alim Babək Osmanoğlu Qurbanovu rəhmətlə yad edirəm. Ruhu şad olsun...”


Sənətşünaslıq namizədi, Savaş Ekici,

Qaziantep Universiteti TMDK-nın bağlama müəllimi 

Hasan Tipi. “Prof.dr. Babək Qurbanov həyatımda tanıdığım ən qiymətli insanlardan biri idi. Onu dəyərli edən əxlaqi və elmi keyfiyyətləri idi. Onun həqiqətən də yetkin insan olduğunu ilk dəfə 2009-cu ildə anam Həsən qızı Fikrətin vəfatı ilə bağlı başsağlığı vermək üçün kabinetimə gələndə anladım. Onunla ziyarətə gələnlərdən biri məndən soruşdu ki, sənin anan qoca idi? Soruşanda Babək müəllim bu suala cavab vermək məqsədilə söhbətə müdaxilə edib həmişəki kimi təmkinlə dedi: “Yaşından asılı olmayaraq, analar müqəddəsdir”. Bu məntiqli cavab mənim üçün onun nə qədər müdrik bir insan olduğunun kiçik göstərgəsi idi. Bu dünyada yaxşı işlər gördü. Qəlbimizdə ülvi hisslərlə unudulmaz insanlıq izi saldı və getdi. Bütün gözəlliklərin axirətdə Onunla olmasını diləyirəm. Qəbri nurla dolsun, məkanı cənnət olsun”.  


                                                                                                         Hasan Tipi,

                                                               Qaziantep Universiteti TMDK-nın təmbur müəllimi 

Yaşar Seçkin.Mən fəxr edirəm ki, əziz Babək müəllimimizi tanımışam və onunla bir qurumda çalışmışam. O, konservatoriyamız üçün bir şans idi. Amma biz onu belə erkən itirməyin kədərini dərindən hiss etdik. O, sevgi dolu, müdrik və bir ata rəftarı, ustad nəvazişi ilə müəllimlərimizin idealına çevrildi. Onunla hər dəfə görüşəndə qısa da olsa mənimlə almanca söhbət edər, Almaniyada yaşadığımız müddətdə gördüyümüz işlərdən danışardıq.

 

Prof.Dr. Babək Qurbanov və bağlama müəllimi Yaşar Seçkin

Babək müəllimimizin alicənab təbiəti və müdrik şəxsiyyəti ilə yanaşı, yumor hissi də var idi və adam darıxmadan saatlarla söhbət edə bilirdi. Onunla hər söhbətdən sonra özümü sanki dərin mənalı bir kitab oxumuş kimi hiss edirdim. O, musiqi istedadı, biliyi, müdrik fikirləri və zəngin həyat təcrübəsi ilə həqiqətən əvəzsiz bir insan, müdrik şəxsiyyət idi. Bir sözlə, onun haqqında deyəcəklərimiz çox bəsitdir. Allahdan rəhmət diləyirəm, məkanı cənnət olsun”.


                                                                                                     Yaşar Seçkin,

Qaziantep Universiteti TMDK Təməl Bilimlər Bölümü bağlama müəllimi

Murad Karabibər. Türk dünyasının dəyərli alimi Prof.Dr. Babək Qurbanovu tanıdığım üçün çox şadam. Prof.Dr. İlqar İmamverdiyev bir məqaləsində Babək Osmanoğlunu çox gözəl vəsf edib edib; “Ömrü boyu heç kəsi incitməyən, qəlbinə dəyməyən, oturub-durmağı bilən, əxlaqa riayət edən, öz yerini–yurdunu, məqamını bilən, danışdığı hər sözün, hər bir kəlmənin dəyərini anlayan, namərd işlərdən çəkinən, bulaq kimi şəffaf, dağ havası kimi təmiz, səma kimi işıqlı, günəş kimi parlaq və hərarətli, abır-ismətini hər zaman hifz edən, pak olmağı hər şeydən üstün tutan, dünya malında, sərvətində nəzəri olmayan, gözü-könlü tox, həlim xasiyyətli zərif təbiətli, kövrək qəlbli, insanpərvər Hatəm səxavətli, saf ürək sahibi, alicənab, insanpərvər, ağıllı-kamallı ziyalı, Pirani əcdadlarımıza xas milli-mənəvi dəyərləri özündə yaşadan, ömrünü vicdanla və şərəflə, qeyrətlə sürdürən Babək Qurbanov adı ilə ensiklopedik bilgili böyük övliyalarımızın nümayəndəsi olan müdriklik simvolu, Vətən aşiqi insandır, bizim mehriban, alicənab övladımızdır”. 

Müəllimimiz Prof.Dr. Babək Osmanoğlu Qurbanov: O, minlərlə tələbə yetişdirmiş, yazdığı məqalə və kitablarla əbədi səmada xoş bir səda qoyub, Rəhməti-Rəhmana çatmışdır. Biz ondan razı qaldıq, Allah da Ondan razı qalsın və dərgahındakı Cənnət-i-məkana yerləşdirsin”.

 

Murad Karabibər,

Qaziantep, Maliyyə Müşaviri-Müstəqil Auditor

Yenal Çalkam. “Müəllimlərin müəllimi əziz və dəyərli ağsaqqalımız Prof.Dr. Babək Qurbanovun 85 illik yubileyi və vəfatının 5 ilinin nurlu xatirəsinə!

 

Prof.Dr. Babək Qurbanov və Yenal Çalkam 

Gaun TMDK -  09.06.2014

Babək xoca ilə ilk tanışlığımda Onun gözlərindən aldığım məhəbbət, hörmət və müdriklik işığını, üzündəki təbəssümü, ədəb-ərkanı ilə insanlara nə olursa-olsun saf və aydın şəkildə əks etdirən nəcib təbiətli, xeyirxah niyyətli, xoş məramlı alicənab, yüksək səviyyəli, təvazökar bir insan olduğunu kəşf etdim. Yaşadığımız unudulmaz  vaxtlarda Onun akademik karyerasının zirvəsinə necə çatdığını, yaşının irəliləməsinə baxmayaraq sənət sahəsində çox sayda elmi əsərlər buraxmağa çalışdığını heyrətlər içərisində daima müşahidə etmişdim. Həyata və insanlara baxışımı dəyişdirən belə nadir bir insanı tanıdığım üçün özümü bəxtəvər hesab etsəm də ürəyimdə bir niskil qaldı ki, kaşki bu nəhəng elm xadimi ilə daha çox ülvi ünsiyyətlərdə olub insanlıq adına daha çox dəyərli bilgilər öyrənəydim. Sizi rəhmətlə anaraq, ruhun şad, uyuduğun müqəddəs məkan cənnət olsun deyirəm, əzizim Babək müəllim”.


                                                                                       Teknisyen Yenal Çalkam,

Zonguldak Bülənt Ecevit Üniversiteti Diş Həkimliyi fakultəsi

Dos. Dr. Nəbi Azəroğlu“Sarıvəlli ailəsinin Azǝrbaycan Türklǝri arasında xüsusi bir yeri vardır. Osman Sarıvəlli yalnız özü deyil, xalq üçün, millət üçün yetişdirdiyi ziyalı övladlarıyla da Azǝrbaycan mǝdǝniyyǝtini dünyaya tanıtmaqda ǝmǝyi, xidməti böyük olmuşdur. Sarıvəlli ailəsi yalnız Quzey Azǝrbaycan deyil, Güney Azǝrbaycanda da kültürəl çalışmalarıyla böyük təsir buraxmışdır. Bu yönüylǝ Güney Azǝrbaycan Türklǝri Osman qağamıza minnətdardır. Babək Qurbanov Sarıvəlli ailəsindǝn aldığı tǝlim-tǝrbiyǝ ilǝ fǝrqli bir şəxsiyət kimi elm aləmində ad-san qazanmışdır. Onun elmi şəxsiyyəti ilə bahəm yaradıcılığı vǝ çalışmaları Azərbaycan mədəniyyəti sahəsində müstəsna bir yerə sahib olduğu bilinmǝkdǝdir. Soylu bir ailǝdǝn gǝlǝn atası Osman Sarıvəllidǝn aldığı bilgi vǝ tǝcrübǝ günümüzdə hər elm adamına nəsib olmaz. Onun mülayim kişiliği, yumuşaq sǝs tonu və qəlbəyatımlı tembrə malik ifadǝlǝri hǝr dinlǝyǝni özünǝ cǝzb edǝn bir xüsusiyyǝti vardı. Xoş təbəssümü, nurlu üzü hər insanı özünə cəlbedən bir cazibə qüvvəsi kimi insanı o anda əfsunlayırdı. Yazıları və aktual elmi məqalələriylə daha öncǝdǝn tanışlığım olsa da, 2016 ilində ilk dəfə onu yaxından görüb feyzini almaq şərəfi mənə nəsib oldu. Onun yanında hǝr zamanki dostu Prof.Dr. İlqar İmamverdiyev vardı. Bu ayrılmaz ikili dost, Türkiyǝdǝ Azǝrbaycan Türk kültürünü tanıtmaqda böyük işlǝr görmüşlǝr. 2017-ci ilin 28 aprel günündə Niğdə Ömər Xalisdəmir universitetində də beynəlxalq sempoziumda qarşılaşdığım Babək müəllim, mərd kişiliği və insani xarakteriylə həqiqi bir pedaqoq, örnək ala biləcək ziyalılıq mücəssəmsi idi. Xoşbəxtliyim onda oldu ki, bizim ailəmizi ziyarət etməklə verdiği xeyir-dualar müşayiəti ilə İlqar müəllimin tarının və sazının ecazkar sədalarında xanəgahımızı ülvi anlarla daha da şərəfləndirdi. 

 

Prof.Dr. Babək Qurbanov, Dos.Dr. Nəbi Kobotarian, Prof.Dr. İlqar Cəmiloğlu. Ömər Xalisdəmir Universitetində düzənlənmiş “Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu”. 26-28 aprel   2017/Niğdə

Babək məllimin ulvi bir ailəyə sahib olması, babası Osman Sarıvəllidən aldığı ilham da kəsinliklə Onu ali ruhlu bir şəxsiyyətə çevirmişdir. 1984 ilindən bəri tanıdığı can dostu Prof.Dr. İlqar İmamverdiyev ilə birlikdə 20 ilə yaxın bərabər Türkiyədə xidmət etmələri bu iki ulu şəxsiyyəti hər zaman mötəbər elmi tədbirlərində bir yerdə görünməsi mənim nəzərimdə ekiz elm xadimi kimi tanınmışdı. İlqar müəllim və Babək müəllim yalnız bilim insanı olaraq deyil, kişilikləriylə də uzun müddət Türkiyədə Azərbaycan Türklərinin nümayəndəsi kimi Azərbaycan Türk kültürünün elçiləri olmuşlar. Bu baxımdan onları tanıyan hər kəs ulu şəxsiyətlərinə baş əymişdir. Babǝk müəllim dǝ atası Osman Sarıvəlli kimi milli geniş məfkurəyə sahib əsl elm adamıydı. Nurlu çöhrəsində Osman Sarıvəllini vǝ onun poeziyasının munisliyini vǝ saflığını görmǝk mümkündü. Dəryalar kimi mənalı üz ifadǝsi, baxışındaki dǝrinlik, rəftarındakı təvazökarlıq kimi bir çox insani cəhətlər Osmanoğlu Babək müəllimdən xatirimdǝ qalan cəhətlərdir”.

                                                                                                                

                                                                                        Dos. Dr. Nəbi Azəroğlu,

                     Erciyes Üniversiteti, Ədəbiyyat fakültəsi, Türk Xalq Bilimi Bölümü

Eh.... “Xəyalımdan nələr keçər “dərdin alem”. Ruhun şad, uyuduğun müqəddəs məkan cənnət olsun böyük mütəfəkkir, musiqiçi, filosof, bəstəkar, musiqişünas, insanlıq aləminin alimi, ərənlərin yadigarı! 85 illik yubileyin mübarək olsun Osmanoğlu Sarıvəlli Babəkim.


                                                   İlqar Cəmiloğlu İmamverdiyev, 

Sənətşünaslıq Elmləri Doktoru

              Qaziantep Universiteti Türk Musiqisi 

             Dövlət Konservatoriyasının professoru.

Türk Xalq Musiqisinə Xidmət mükafatçısı

31.05.2024, saat 20:39


Geri qayıt