Əsas Səhifə > Ədəbiyyat > Mənim səcdəgahım, qibləm Qazaxdı
Mənim səcdəgahım, qibləm Qazaxdı8-09-2016, 13:10 |
ELÇİN İSMAYIL---------------------------------------------------- Qazax! Ədalətin, haqqın carçısı, Tanıyır, qoy ellər bir də tanısın. Məğrur bir adı var: Qərbin qapısı. Uzatsan əl çatar, demə uzaqdı, Mənim səcdəgahım, qibləm Qazaxdı. Tanrı xəlq edibdi bu elə türkü, Xalxal, Hunan olub əzəli, ilki Türbə, Baba Dərviş, Qırmızı körpü Sorsan tarixini qalaq-qalaqdı, Mənim səcdəgahım, qibləm Qazaxdı. Kür burda dayanıb alır dincini, Anam Qarayazı yaşıl tilsimi, Düzüb sinəsinə neçə incini Dünya bir saraydı, Göyəzən taxtı, Mənim səcdəgahım, qibləm Qazaxdı. Aveydən başına qoyub tacını, Ağlayır min ildir nakam Damcılı, Minəsən dəlisov Dilboz atını, Bir də görəsən ki, dörd nala qalxdı. Mənim səcdəgahım, qibləm Qazaxdı. Adı dildə gəzir neçə ərənin, İsrafil ağanın, Qaçaq Kərəmin Bu elə sığınıb, qonaq gələnin, Açılıb qisməti, gətirib baxtı, Mənim səcdəgahım, qibləm Qazaxdı. Çölləri, çəməni üzünə gülür, Laləsi, nərgizi, süsən sünbülü Gül-gülü çağırır, bülbül-bülbülü Qaynayıb qarışır həyat yaz vaxtı Mənim səcdəgahım, qibləm Qazaxdı. Vaqif Qarabağa apardı pənah, Vidadi elindən düşmədi uzaq, Osman Sarıvəlli yanan bir çıraq, Mehdi Hüseynin hər sözü haqdı. Mənim səcdəgahım, qibləm Qazaxdı. Şəhid oğulların göydədir ahı, Əlağa Şıxlinski topun Allahı, Qayıbov göylərdə meydan suladı, Düşmənin üstünə şimşək tək çaxdı, Mənim səcdəgahım, qibləm Qazaxdı. Bir cüt qara gözdən alıb duyğunu, Dolaşdı Məcnun tək eşqin yorğunu, Ellərdən xəbər al Səməd Vurğunu, Şeirlə bir dünya qurdu, yaratdı Mənim səcdəgahım, qibləm Qazaxdı. Sözlə qabaqladı zamanı, vaxtı Yaşadı bir insan ömrünü haqlı, Kişilik rəmzidi İsmayıl Şıxlı, Adı bu torpağa arxa, dayaqdı. Mənim səcdəgahım, qibləm Qazaxdı. Qadındı ürəkdən, candan yanası, Mirvarid Dilbazi elin anası, Dilindən düşməzdi xeyir-duası Laylam, bayatımdı, isti qucaqdı, Mənim səcdəgahım, qibləm Qazaxdı. Saxlar sirli səsi yoldan ötəni, Sənətkar yetirir sazın vətəni, Aşıq Ədalətin “Yanıq Kərəmi”, Sevən ürəkləri odlara yaxdı, Mənim səcdəgahım, qibləm Qazaxdı. Bir sevən qəlbim var yanır köz üstə, Məndən şeir soruş, məndən söz istə. Doğulan körpə də ağlar söz üstə, Bura şeir mülkü, bura ocaqdı, Mənim səcdəgahım, qibləm Qazaxdı. Qonağı olarsan bəh-bəhi şirin, Bülbülün yanıqlı cəh-cəhi şirin, “Dərdin alem” deyən ləhcəsi şirin, Hər sözü kəlməsi baldı, qaymaqdı, Mənim səcdəgahım, qibləm Qazaxdı. Torpağı keçilməz zirvə, sədd kimi, Hər bir oğlu, qızı durub mərd kimi, Döyüşə hazırdır bir nəfər kimi, Düşmən qabağında qala, dayaqdı, Mənim səcdəgahım, qibləm Qazaxdı. Bu elin tapılmaz dünyada tayı, Boynumda var hələ çox haqqı, sayı. Öz şair balandı Elçin İsmayıl, Bir ömür yaşayır səndə, qonaqdı Mənim səcdəgahım, qibləm Qazaxdı. Geri qayıt |