Əsas Səhifə > Ədəbiyyat > Ədəbi portret

Ədəbi portret


23-12-2019, 12:51


Azərbaycanda, Gürcüstan sərhədinə yaxınlıqda, coşqun Kürün sahillərində bu qədim torpağın mərkəzi olan qədim Qazax şəhəri yerləşir. Mənə elə gəlir ki, bu diyarın mənzərəli təbiəti, özünün bir qədər sərtliyinə baxmayaraq, Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Mirvarid Dilbazi kimi tərənnümçülərini yetişdirmiş, onların yaradıcılığını ilhamlandırmışdır. Burada, eyni zamanda, ab-havasında aşıq nəğmələri, qədim rəvayətlər, xalq kəlamları duyulan Qazaxda görkəmli Azərbaycan nasiri İsmayıl Şıxlı anadan olmuş və gənclik illərini keçirmişdir. Onun ata-baba nəslində XVIII əsrdə yaşayıb yaratmış Kazım ağa Salik, Mustafa ağa Arif kimi el arasında sevilən şairlər olmuşdur. İsmayıl Şıxlı Stepanovun (rus yazıçısı) eyni adlı əsərində və "Zvonaryovlar ailəsi" romanında təsvir etdiyi rus artilleriyasının atası adlandırılan, Port-Artur qəhrəmanı general Əliağa Şıxlinskinin qohumudur.

Uşaqlıq illərinin təəssüratı çox vaxt söz ustaları üçün misilsiz bir mənbə və mövzuya çevrilir. Bu mənbə sonradan onların yaradıcılığında bənzərsiz dəyişilərək xalq həyatının dərin qatlarını üzə çıxarmaqda kömək edir, maraqlı, məzmunlu, həyatı bir mövzuya çevrilir. İndi düşünürəm ki, İsmayıl Şıxlının bir çox il sonar yazdığı romanın hadisələrinin məhz burada sakitlik bilmədən öz köpüklü sularını qıjıltı ilə axıdan çayın sakit sahillərində baş verməsi heç də təsadüfi deyildir. Öz axarında çox şey görmüş, bu yenilməz, yorulmaz Dəli Kür həmin romana təkcə adını deyil, həmçinin ona yeni nəfəs, dönməzlik, həyatı lövhələr bəxş eləmişdir. 

Bildiyimə görə, zəngin folklor və poetik bir ənənələr aləmində böyümüş İsmayıl Şıxlı gənclik illərində heç də yazıçılıq haqqında düşünmürdü. 1937-ci ildə o, Azərbaycan Pedaqoji İnstutuna daxil olur və 1942-ci ildə oradan cəbhəyə yollanır. Müharibədə olduğu bütün müddət ərzində o, mühəndis-istehkamçı qoşun dəstələrində vuruşmuş, ilk dəfə barıt qoxusunu Kubanda udmuş, sonradan Krımdan, Belarusiyadan və Litvadan keçmiş, 1945-ci ilin baharını Şərqi Prussiyada qarşılamışdır. O, hərbi təltiflərlə mükafatlandırılsa da, müharibə illərini ancaq sıravi əsgər kimi başa vurmuşdur. Bəli, sıravi. Ancaq onunla çiyin-çiyinə müharibənin bütün əzablarına sinə gərən hərbi dostlarından danışarkən və onları xatırlayarkən hamı tərəfindən qəbul olunmuş bu dediyim "sıravi" söz çox təvazökar və ciddi olan bu insanı heç də qane etməzdi. Qırx il keçdikdən sonra məhz onlar haqqında o yazacaq: "Mən onların doğmalara, sevimlilərə yazılıb yarımçıq qalan əsgər məktublarını görmüşəm, amansız qurğuşunun həyatı, arzuları, ümidləri necə qırdığını görmüşəm...".

Qeyd kitabçalarına daha çox bənzəyən müharibədən çıxan əsgər kimi o sürtülüb-silinən kiçik dəftərləri mən öz əlimdə tutmuşam, onların bilmədiyim dildə kimyəvi qələmlə yazılmış üzülməkdə olan vərəqlərinə canlı bir məxluq kimi ehtiyatla toxunmuşam. Sevinirdim ki, onlar tərcümə olunub və "Voenizdat"da hazırlanmaqda olan kitabda yaxın gələcəkdə ümumittifaq oxucularına çatdırılacaq. Bu, ölkəmiz miqyasında ilk əsgər gündəlikləridir.

Budur, gündəliklərin səhifələrindən İsmayıl Şıxlının hərbi dostları - serjant Larionov, Çerkasov, Novruz Baharzalov, Vsavski elə bil canlı insan kimi gözlərimdə canlanırlar.  Budur, müəllifin gördüyü ilk insan itkisi: ağacın altında bükülüb donmuş yaralı əsgər... Gündəliklər əsas etibarıilə İsmayıl Şıxlının həmyaşlılarına, müharibədə kişi dostluğunun gücünə, itki kədərinin ağırlığını, ilk məhəbbətlərini sınamış ayrı-ayrı millətdən olan on səkkiz, on doqquz, iyirmi yaşlı əsgərlərə həsr olunmuşdur. Dinc həyat üçün dünyaya gözünü açmış bu gənclər əyninə şinel geyinib, əlinə tüfəng almışdılar. Yazıçı bugünkü gəncləri onların xatirəsini təkcə müqəddəs saxlamağa çağırmaqla kifayətlənmir. Onlarda müharibəyə nifrət hissləri aşılayır, bu dəhşətin xalqların həyatına, məişətinə vurduğu sağalmaz yaraların nə demək olduğunu açıqlayır. Bu kitabın müasirliyini də elə mən bunda görürəm.

Bilavasitə müharibədən sonra, necə deyərlər, isti-isti çox və özü də yaxşı yazılıb. İsmayıl Şıxlı isə bu mövzunu hər şeyi zamanın tələbindən görüb oxuculara yetkin yazıçı  qələmi ilə çatdırır. O, öz gördüklərinin ağır və dərin mənalı bir vaxt kəsiyinə yalnız üç onillikdən sonra qayıdır. Məgər bu, yazıçı şəxsiyyətinin təmkininə dair çoxmənalı bir cizgi deyilmi?

 

Müharibədən sonra İsmayıl Şıxlı aspiranturaya daxil olmuşdur. Onun ilk hekayəsi 1947-ci ildə işıq üzü görür. Sonrakı illərdə onun daha bir neçə hekayəsi çıxmış, ancaq ona əsl yazıçı şöhrəti gətirən müharibədən sonar Azərbaycan kəndindən bəhs edn 1956-cı ildə çap olunan "Ayrılan yollar" romanıdır. Romanda o dövr üçün aktual problemlərdən bəhs olunur. Əsərin mərkəzində pambıqçılıq sovxozu direktorunun qeyri-adi şəxsiyyəti durur. O, əvvəllər briqadir vəzifəsində çalışmış, işə can yandırmış, təsərrüfatı qaldırmışdır. Ancaq onun iş üsulu bir çox hallarda qəribədir və risklidir. Məsələn, onun kolxozçulardan pul yığıb hərbi hissəyə müraciət etməsi və ertəsi gün kənd təsərrüfatı texnikası olmadığı üzündən tarlalara üstündən top-atəş qüvvələri götürülmüş tankların çıxması təsvir olunan epizod unudulmaqdadır. O zaman bu cür hərəkət etmək hər birinin əlindən gəlməzdi. Ancaq sədrin açıq xasiyyəti, heç bir güzəştə gedə bilməməsi insanlara qarşı münasibətlərində öcəşkənliyi və haqsızlığı ucbatından onun bir çox təşəbbüsləri puça çıxır. İsmayıl Şıxlı öz romanında adamın insanlar üzərində ixtiyar sahibi olmasının hərdən onu azdıraraq korladığını, rəhbər işçiyə yaraşmayan xüsusiyyətlərin necə yarandığını inandırıcı tərzdə təsvir edir.

Məsələn, belə də olur ki, sədr haqlı töhmətdən inciyib işə çıxmır, tabeliyində olan işçilərə qarşı kobudluq edir, hesabat məlumatlarında şişirtmələrə yol verir. Kolxoza təyinat almış gənc aqronom və partiya təşkilatının katibi sədrə qarşı durur. Təmiz və düzgün həyat normaları uğrunda mübarizə aparırlar. 60-cı illərdə uğur qazanmış bu romanda əmək adamının portreti iri planla verilmiş, pambıqçılıq rayonunun gözəl təbiət mənzərələri təsvir olunmuşdur.

Ələlxüsus, İsmayıl Şıxlı ilk romanına özü tənqidi yanaşır, onun bədii palitrasının qənaətbəxş olmadığını görür, "Ayrılan yollar" kitabını yalnız bir psixoloji roman yazacağı haqqında bildiriş kimi qiymətləndirir. Özünə qarşı tələbkarlıq, özünütənqid, ümumiyyətlə, İsmayıl Şıxlı xarakterinə xas olan əlamətlərdir.

Bu gənc qamətli adamla onun kitablarla dolu iş kabinetində söhbət edirəm.

- İsmayıl müəllim, müasir sovet yazıçılarından bədii cəhətdən sizə hansı daha yaxındır?

- Bəlkə də Mixail Şoloxov, Anatoli İvanov və Çingiz Aytmatov, xüsusilə Çingizin "Gün var əsrə bərabər" adlı romanı.

- Bəs siz ədəbiyyatda, bədii nəsrdə nəyi əsas sayırsınız?

- Güclü şəxsiyyəti olan bu cür qəhrəman özündə zamanı canlandıra bilən əsərin pafosunu oxuculara çatdırmağa qadirdir.

 

Biz İsmayıl Şıxlının Azərbaycan nəsrində yeni səhifə açmış və onun dolğun əsəri hesab edilən (V.Solouxin tərəfindən tərcümə edilib) "Dəli Kür" romanına müraciət etsək görərik ki, bu çoxşaxəli əsərin təsvir gücünün parlaqlığı ilə təəccüb doğuran Cahandar ağa cəzbedici və iyrənc şəxsiyyətdir. Bu əsər həqiqətən də çoxplanlıdır, onun məzmununu bir neçə kəlmə ilə açmaq mümkün deyil. XIX və XX əsrlərin kəsişməsində rus və Azərbaycan maarifçilərinin nəcib işi də, ağır ailə münaqişəsi də, məhəbbət əhvalatı da, insanların şüurunda feodal psixologiyasının dəhşətli qalıqları da romanın, demək olar ki, bütün xətləri onun baş qəhrəmanı olan Cahandar ağanın simasında kəsişir. Amansız feudal mənəviyyatının daşıyıcısı olan Cahandar ağa, daxili aləminin dərinliyi və gücü, ruhən barışmazlığı ilə fərqlənir. O, kontrastlı, ifratlı bir adamdır: ailəsinin namusu xətrinə öz oğluna və ya doğma bacısına əl qaldırmağa qadirdir. Ancaq sərt ürəyində Mələyə qarşı gözlənilmədən oyanan incə bir hiss onu sevindirir, onun polad qəlbi bu kəc məhəbbətin qızılı şöləsində əriyir. Və ya onun öz atı ilə vidalaşdığı səhnə...

"Dəli Kür" olduqca həyatı, təsirli, inandırıcı lövhələrlə yazılmışdır. Cahandar ağa kazakların əlinə keçməkdənsə uçurumdan Kürün qıjovuna tullanmağı üstün bilir. Burada bu mərd insanın azadlıq sevərliyi və məğrur iradə gücü ifadə olunur. Tənqidi aləmdə romanın qadın qəhrəmanı öz dolğunluğu ilə heç də Cahandar ağadan geri qalmır. Nə kimi fırtınalar baş verir onun arvadı Zərnigarın qəlbində! Rəqibəsinə nifrət, ərindən incikliyi və onu sönməz məhəbbətlə sevməsi, dağılan ailəsi üçün həyəcan... Bəs Mələk? Təəccüb doğuran bir obraz. Bu sadə qadının incə qəlbi, nəcibliyi bəlkə onun gözəlliyindən də üstündür. Cahandar ağanın evinə fəlakət gətirdiyini anaraq o, günüsünün bütün hərəkətlərinə dözməyə hazırdır. Zərnigar xanımı hətta qəsdən də qəzəbləndirir ki, bədbəxt qadın ürəyini boşalda bilsin. Qız obrazları cazibəlidir: Salatın, Güləsər incə və titrəkdirlər, ancan yeri gəldikdə gur sulu Kür kimi güclü ola bilirlər.

Azərbaycan ədəbiyyatının bugünkü vəziyyətinə və gələcək yollarına dair sualıma İsmayıl Şıxlı belə cavab verdi:

- Mən başlıca vəzifəni ədəbiyyatımızın geniş, ümumittifaq və beynəlxalq arenaya çıxmasında görürəm. Bunun üçün Azərbaycan nəsri daha dərin problemləri qaldırmalıdır. Bu cəhətdən roman janrımız hələ ki, geridə qalır. Bizdə hələ geniş miqyaslılıq, dərin psixologizm, parlaq qəhrəmanlar çatışmır. Müasir romanı böyük vətəndaşlıq pafosu və sosial əsası olmadan təsəvvür etmək mümkün deyil. Ədəbiyyatın gücü həmişə xalq ənənələrinin inkişaf etdirilməsində, zənginləşdirilməsində, onların müasir nöqteyi-nəzərdən qavranılmasında olmuşdur.

İrina NOVİNSKAYA,

Əməkdar mədəniyyət işçisi, nasir-tərcüməçi


Geri qayıt