Əsas Səhifə > Ədəbiyyat > Xalq yazıçısı - el ağsaqqalı

Xalq yazıçısı - el ağsaqqalı


28-10-2019, 15:17

Mən onu 1972-ci ildən tanıyıram. O, mənim qardaşlarım Seyid və Bayram ilə dost idi. 1972-ci ildən 1995-ci ilə qədər onunla daima əlaqə saxlayıb evində və Qazaxda görüşürdüm. Hətta 1986-cı ildə Qazaxa Səməd Vurğunun 80 illik yubileyinə bir yerdə getmişdik. (Onda mən nazir müavini işləyirdim)

O, böyük yazıçı olmaqla bərabər, həm də böyük ürək sahibi, vətənpərvər, torpaq, Vətən qayğısına qalan, həddindən artıq sadə, bir o qədər də əvəzsiz ağsaqqal idi. Bununla bağlı ürəyimdə çoxlu-çoxlu xatirələr var.

1990-cı ildə Milli Məclisdə Kirovabadın adını dəyişib Gəncə qoymaq istəyirdilər. Məclisin üzvləri iki yerə bölünmüşdü: bir qrup razılıq verirdi, o biri qrup isə narazılıq edirdi. Müzakirə demək olar ki, bir gün çəkdi. Çox hərc-mərclik idi. Nəhayət, Milli Məclisdə İsmayıl Şıxlı söz istədi və dedi:

- Dalaşmaq lazım deyil, gəlin bir qərar qəbul edək: Kirovabadın adı Gəncə olsun. Qoy onu Moskva ləğv etsin.

Bununla da məsələ həll olundu. O, 1992-ci ildə, mən Qazax Xeyriyyə Cəmiyyətinin sədri işləyəndə demək olar ki, hər gün zəng edib Qazaxın və Ağstafanın vəziyyəti haqqında soruşurdu.

Təxminən 1976-cı il idi. Qazaxın asfalt salma idarəsinin rəisi yanıma gəlib məndən asfalt zavodu istədi. (rəis Yusif Yolçuyev idi) Onu başa saldım ki, o zavodu ancaq biz dövlət tikinti idarəsinə veririk. Bununla da qaldırılan məsələ açıq qaldı.

Bir neçə gündən sonra İsmayıl qağa ilə görüşdük. Müəyyən söhbətlər edəndən sonra birdən məndən soruşdu:

Vidadi, Qazaxdan sənin yanına bir nəfər gəlib asfalt zavodu istəyib?- sonra əlavə elədi: - O, özü üçün istəməyib, Qazax üçün istəyib. Özün bilirsən ki, Qazaxda yollar pis gündədir.

Mən bu sözlərin qabağında:

Baş üstə, İsmayıl qağa, - deyərək cavab verdim.

1993-cü ildə Milli Məclisin sədri Ümummilli Lider Heydər Əliyev Elçibəyin prezidentlik məsələsini müzakirəyə çıxartmışdı. Bu məsələdə Milli Məclisin üzvləri iki qrupa bölünmüşdülər. Bir qrup "qalsın”, o biri qrup "azad olsun” deyirdi. Müzakirə demək olar ki, çox uzun çəkdi. Axırda Ulu Öndər Heydər Əliyev sözü İsmayıl Şıxlıya verdi. O, dedi:

- Dövlətin prezidenti və baş komandanı öz yerində deyilsə, o, Prezident ola bilməz.

Bununla da məsələ həll olundu.

Bir xatirə də bu gün sevə-sevə oxuduğumuz "Dəli Kür” qəzeti ilə bağlıdır. 1994-cü ildə bir məsələni məsləhət etmək üçün onun yanına getmişdim. Məlumat verdim ki, İsmayıl qağa Nəriman Həsənzadə təklif edib ki, Qazax Xeyriyyə Cəmiyyətinin qəzetini buraxaq. İcazə ver adını "Dəli Kür” qoyaq və sənin şəklini başlığa vuraq. Qəzetə razılıq verdi, amma şəkilə narazılıq etdi. Bu, Şıxlının içindən gələn təvazökarlığı idi. O təvazökarlığı idi ki, hamımızı heyran qoyurdu. Böyük ədibin etirazına baxmayaraq qəzeti onun şəkli ilə bərabər buraxdıq.

1995-ci il iyul ayının 26-da Azərbaycan xalqına ağır bir gün qismət oldu. İsmayıl Şıxlı rəhmətə getdi. Onun dəfnində Ulu Öndər Heydər Əliyev də iştirak edirdi. Dəfndə söz alanların hamısı təbii ki, İsmayıl Şıxlının böyük yazıçı olmağı haqqında danışdılar. Çıxış edənlərdən biri - Nizami Xudiyev çıxışının sonunda dedi:

İsmayıl Şıxlı müəllimlərin müəllimi kimi bizim yaddaşımızda əbədi yaşayacaqdır.

İsmayıl Şıxlı böyük yazıçı, böyük şəxsiyyət olmaqla bərabər, həm də xalqın arasında ağsaqqal kimi də böyük hörmətə malik idi. O, ağsaqqal xoşbəxtdir ki, onun ağsaqqallığını həm dövlət, həm də xalq qəbul edir. İsmayıl Şıxlı belə ağsaqqallardan idi. O, xalq yazıçısı, xalq ağsaqqalı kimi şərəfli bir ömür yaşamışdır.

Vidadi BAYRAMOV,

ağsaqqal


Geri qayıt