Əsas Səhifə > Ədəbiyyat > “Tələsirik, görən yaza nə qaldı”

“Tələsirik, görən yaza nə qaldı”


6-03-2017, 14:05
“Tələsirik, görən yaza nə qaldı”
Payızın yarpaq tökümündən, qışın qarlı-şaxtalı günlərindən sonra hər kəs yazın gəlişini səbirsizliklə gözləyir. Çünki yazda təbiət oyanır, bağ-bağat canlanıb təzə don geyinir. Qarlar-buzlar əriyib suya dönür, çayların zümzüməsi ətrafa yayılır, ağaclar tumurcuqlayır, bənövşə kol dibindən, novruzgülü qar altından baş qaldırır.

İlk olaraq badam, alça çiçəkləri görünür, sonra şaftalı gözəl çəhrayı paltarını geyinib bağları bəzəyir. Çöllərə, düzlərə, dağ döşündəki yamaclara al-əlvan gül-çiçəkdən naxışları olan yaşıl çəmən - xalı döşənir. Baharın ilk elçiləri qaranquşlar uçub gəlir. Quşların cəhcəhəsi təbiətin canlı əsəri - simfoniyası kimi insanı valeh edir.

Hər kəs ev-eşiyini, həyət-bacasını təmizləyir, səliqə-sahmana salır. Hamı çalışır ailə üzvlərinə, uşaqlarına, özünə təzə paltar alsın. Küsülülər barışır, üzlər gülür.

Adamlar dünyasını dəyişmiş əzizlərini ziyarət edir, onların ruhuna Quran oxutdururlar. Kosa-keçəl oyunu, yumurta döyüşdürülməsi, tonqal qalayıb üstündən atılmaq kimi Novruz adətləri insanları bir araya gətirir.

“Boz ay”ın çərşənbələri və Novruz bayramı min illər yol keçib gələn el adət-ənənəsi, milli birlik, coşqu və sevinclə qeyd edilir. Hər evdə səməni göyərdilir, yumurta boyanır, şam yandırılır, xonçalara cürbəcür çərəzlər, meyvələr, Novruz şirniyyatı qoyulur, süfrəyə mətbəximizin şahı olan plov gəlir. Bütün bunlar Novruzun gəlişinə bir ay qalmış başlayıb, bayramdan sonra da neçə gün davam edir. Bayram bitir, amma onun coşqusu hələ bitmir, 12 gün sonra səmənilər axar suya atılana qədər davam edir. Novruzun özü kimi hər birinin öz rəmzi mənası olan bu adətlər, ənənələr də çox müqəddəs sayılır.

Təbiətin nazəndə qızı baharın gəlişi ilə insanın da ruhu, halı təzələnir, ürəklərdə yeni-yeni arzular baş qaldırır, diləklər pöhrələnir. Havanın hərarəti artdıqca sanki damarlarda qan da qaynayır. Gecənin ömrü qısalır, gündüzlər uzanır və uzandıqca da insanı zəhmətə, qurub-yaratmağa səsləyir. Kəndli tarlaya çıxıb min bir ümidlə torpağın sinəsində şeir misralarına bənzər şırımlar açır, toxum səpir, alim yeni ixtiralar, kəşflər etməyə səy göstərir, şair ilhama gəlib şeirlər yazır, bəstəkar təzə nəğmə bəstələyir. Bir sözlə, hər kəs irəliyə, sabaha köklənir. Bu yerdə Aşıq Alının məşhur misraları yada düşür:

Aydır, ildir, gəlib-keçir ömürdən,
Tələsirik, görən yaza nə qaldı...

Geri qayıt