Əsas Səhifə > Ədəbiyyat > Molla Pənah olan şair
Molla Pənah olan şair28-02-2017, 15:29 |
Hər oxuyan Molla Pənah olmaz El sözü Azərbaycan şeiri uzun əsrlər ərzində romantik üslubda və əruz vəznində yazılmışdır. XVIII əsrdə Molla Pənah Vaqif yazılı ədəbiyyatda Azərbaycan şeirinin Qurbanisi missiyasını həyata keçirmişdir. Molla Pənah Vaqif Azərbaycanda ədəbiyyatın inkişafında xüsusi mərhələyə çevrilmiş romanitk şeirdən realist tərənnümə qəti keçidin banisidir. Doğrudur, klassik Azərbaycan şeirində də realist notlar var idi. Molla Pənah Vaqifə qədər Nizami Gəncəvinin, Əfzələddin Xaqaninin, hətta Məhəmməd Füzulinin “seyli-sirişk içrə” nəfəs alan misraları, “var söz”ün ifadəsi olan gerçək düşüncələri də şeirdə görünmüşdü. İmadəddin Nəsiminin üsyankar səsində, “şeir bazarçısına” etirazlarında romantik yüksəkliklə birlikdə gerçəkçi bir baxış da öz əksini tapmışdır. XVII əsrdə Azərbaycan poeziyasındakı “hind üslubu” ədəbiyyatı saray həyatından çıxarmış, xalqa yaxın olan didaktik ideyaları şeirə gətirmişdir. Lakin bütün bunlar hələ də romantik örpəyin yalnız xalları qədər idi və klassik lirikanın ictimai ruhu miqyasından uzağa gedə bilmirdi. Molla Pənah Vaqif çoxəsrlik Azərbaycan şeirində ilk dəfə olaraq “qəzəli-aşiqanə”dən imtina edib, realist cizgilərə əsaslanan yeni tipli məhəbbət şeirləri yaratmışdır. XX əsrin əvvəllərinə aid edilən yeni şeir əsasən satirik poeziyaya aid idi. Satirik şeir realist poeziyanın inkişafının yeni səviyyəsi, yaxud təzə mərhələsi idi. Bu tipli şeir lirika deyil, satira olduğu üçün yeni adlandırılırdı. Əslində isə Azərbaycan ədəbiyyatında lirika istiqamətində yeni şeir Molla Pənah Vaqifdən başlanmışdır. Molla Pənah Vaqifin şeirləri klassik Azərbaycan şeirindən forma etibarilə və məzmunca fərqlənirdi. Bu, xalq-aşıq şeiri üstündə köklənmiş, el-oba həyatını və gözəlləri gerçək şəkildə tərənnüm edən yeni şeir idi. Xalq həyatının təsviri Vaqifin şeiri üçün əsas idi. Təsadüfi deyildir ki, Vaqifi xalq nəğməkarı adlandırırlar. Molla Pənah Vaqif sadə, təbii el gözəllərini onların “ənniyi-kirşanı” və mühiti ilə birlikdə tərənnüm edir. Şairin gözəllərə və gözəlliyə realist münasibəti vardır. Molla Pənah Vaqifin şeir dili canlı, koloritli xalq dili idi. Ərəb-fars sözləri və tərkibləri ilə “bəzənmiş” klassik lirikadan fərqli olaraq, Molla Pənah Vaqifin şeirlərində doğma ana dili kəskin surətdə üstünlük qazanmışdır. Xalq şairi Səməd Vurğun haqlı olaraq şairin bədii dilinin özünəməxsusluğunu “Vaqifin şirin dili” adlandırmışdır. Molla Pənah Vaqifin şeir dili - Azərbaycan dilinin sadəliyini, xəlqiliyini, incəliyini, gözəlliyini və zənginliyini dolğun şəkildə əks etdirir. Vaqifin şeirlərində Azərbaycan dilinin geniş poetik imkanları canlı şəkildə yaşayır. Bu, geniş mənada ədəbiyyatın dilində islahatlar aparmaq demək idi. Çünki klassik Azərbaycan ədəbiyyatında möhkəm yer tutan əruz vəzninin qəlibləri xalqın canlı danışıq dilindən istifadənin genişləndirilməsinə imkan vermirdi. Molla Pənah Vaqifin islahatları sayəsində əruz vəznində yaradılmış qəzəl-qəsidə ədəbiyyatının yerində sadə, canlı və aydın dildə, heca vəznində yazılmış qoşma-gəraylı şeirləri aparıcı istiqamətə çevrilmişdir. Yeni tipli bu ədəbiyyatda ümumiyyətlə dövran və məhəbbət deyil, konkret olaraq zaman, məkan, insan və sevgi öz əksini tapmışdır. Molla Pənah Vaqif şeirlərində geniş mənada xalq həyatından böyük ilhamla və xalqın özünün danışdığı dildə söz açır. Molla Pənah Vaqif - Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır. Vaqif - xalq həyatının böyük nəğməkarıdır. Vaqif - Azərbaycan mövzusunu şeirin əsas mövzusuna çevirmişdir. Vaqif - Azərbaycan ədəbi dilinin banisidir. Vaqif - erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının əsasını qoymuşdur. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə “Nəzm və nəsr” adlı məqaləsində Molla Pənah Vaqifi “nadir vücuda gələn”, “xəyalatında (təsvirlərində - İ.H.) təsir olan”, şeirdə yeni yol açan (rəhnüma) şair kimi yüksək qiymətləndirmişdir. O, ədəbiyyatda realist şeirin meydana gətirilməsində Molla Pənah Vaqifin “müqəddəm” (irəlidə gedən - İ.H.) şair olduğunu da xüsusi olaraq nəzərə çarpdırmışdır: “...Mən əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim sərt (istər-istəməz ziyadə ləzzətə (dada, tama) və fərəhdə ziyadə təsirə bais olmaq - İ.H.) bir növ onda göründü. Mənim əqidəmə görə türk arasında şairi-münhəsirdir (şairliyə aiddir - İ.H.). ...Molla Pənah müqəddəm (əvvəl, irəlidə gedən) ərsəyə gəlib bu fənndə, rəhnümadır” (yol açandır, bələdçidir - İ.H.). Beləliklə, Vaqif ədəbiyyatda yeni yol açdığına, şeirə yenilik gətirdiyinə, insana təsir edə bilən əsərlər yazdığına görə Molla Pənah olmuşdur. Şairin təxəllüs kimi qəbul etdiyi Vaqif sözünün lüğəti mənası da “xəbərdar olan”, “baş çıxaran” mətləblərini ifadə edir. Böyük şair özündən əvvəlki zəngin ədəbi ənənələrdən dərindən xəbərdar olmuş, lakin yeni tarixi şəraitdə ədəbiyyatı inkişaf etdirməkdən baş çıxara bilmiş, şeirdə təzə yol açmağı bacarmışdır. Şeirin təzə yolu isə - gerçəkliyi əks etdirən, xəyalatında həyatın dadı, tamı, reallıqları ifadə olunan poetik nümunələr yaratmaqdan ibarət idi. Molla Pənah ədəbiyyatın yeni inkişafına yol açan vəzifələrin həyata keçirilməsinə nail ola bilmiş, Vaqif mərtəbəsinə yüksəlmişdir. O, Azərbaycan ədəbiyyatı tarixinə realist şeirin banisi kimi daxil olmuşdur. Molla Pənah Vaqifin xalq ruhunda yazılmış şeirləri sözün obrazlı mənasında həyatın bənzərsiz “tamaşası” təəssüratı yaradır. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin yazdığı kimi, “Molla Pənah milli şair olduğuna binaən hər nə onun qələmindən zühura gəlibsə, …tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Onlarda öz müasirlərinin ayini-adatı, adabü-əxlaqı və dolanmaları artıq məharət ilə rişteyi-nəzmə çəkilibdir”. Doğrudan da Vaqifin şeirlərində yaşadığı dövrün təkcə real mənzərəsi yox, nəbzi, ruhu əks etdirilmişdir. Onun tərənnüm etdiyi gözəllər şair xəyalının obrazları olmayıb, həyatda mövcud olan “ellər yaraşığı, ölkə gözəli”nin həqiqi və təbii obrazlı ifadəsindən ibarətdir. Vaqifin şeirləri təsvir etdiyi gözəllər kimi, bədii ifadə vasitələri ilə də yenidir. Şairin yanağı laleyi-baharı kimi, ləbləri yaqutun kənarı kimi, bir dənə nasüftə mirvari kimi, zülfü ya bənəfşə, ya səmən kimi ilhamla vəsf etdiyi Azərbaycan gözəli həm də ağıllı-kamallı, “işarə anlayıb, hal biləndir”: Tavus kimi cilvələnə hər səhər, Bəzək verə camalına sərbəsər. Dindirməmiş verə könüldən xəbər, İşarə anlayıb, hal bilən gərək. Molla Pənah Vaqifin şeirlərində tərənnüm edilən “gərdəni minadan”, “ağ əlləri əlvan hənadan”, “şəkər gülüşlü”, “sinə meydan, zülf pərişan, bel nazik”, “ənniksiz-kirşansız”, “ellər yaraşığı - ölkə gözəli” olan Azərbaycan gözəli ədəbiyyatımızda yeni bədii obraz idi. Vaqifin Azərbaycan gözəllərinə aid etdiyi “yaşılbaş sona” obrazı gözəlliyin ümumiləşmiş bədii ifadəsidir. Vaqif “yaşılbaş sona”nı “əcəb seyrəngahı” olan Azərbaycan milli-mənəvi varlığının əsas siması kimi tərənnüm etmişdir. Bu, böyük Füzulinin “qönçə ağızlı, sərv boylu, səməni üzlü” gözəlindən fərqli olan, real həyatdan gələn, xalq düşüncəsi ilə təsvir edilən gözəlliyin ümumiləşmiş bədii obrazı idi. Vaqifin çox vaxt ümumiləşmiş şəkildə “gəlin”, yaxud “şamama” adlandırdığı bu gözəldə Azərbaycan qızlarının bütün özünəməxsusluqları, gözəlliyi və dərin mənəviyyatı tam yeni bədii vasitələrlə canlandırılmışdır: maral baxışlı, saçları “iki dəstə bənövşətək”, “yasəmən qoxulu”, “nazik əllərində ənnabı həna”, “sözləri qənd, ağızları piyala”, “yanağı lalədən ziyadə göyçək”. Həm də ən başlıcası “həyası üzündə, əqli başında!” Və həm də “Vilayət içində həm adlı-sanlı!”; “Bir nazik kamallı, bir nazik işli!” Vaqif bu qənaətdə idi ki, “lalə zənəxdanlı, qönçə dodaqlı” gözəllərdə “adamlıq əsası” olmazsa, onlar “könül aşınası” deyildirlərsə, onda şeir rübabı “hayıf ki, yoxdur” nidası ilə narahat həyəcanları ifadə etməlidir. Budur Molla Pənahı Vaqif mərtəbəsinə çatdıran, yaxud Vaqifi Molla Pənah edən yeni ədəbiyyat! Molla Pənah Vaqifin ədəbiyyata təqdim etdiyi bədii obrazın zahiri gözəlliyi kimi mənəvi keyfiyyətləri də Azərbaycan gerçəkliyinin təzahürüdür. Vaqifin şeirlərində konkret coğrafiyası - seyəngahı Kür qırağı, qış günü qışlağı Qıraqbasan olan, milli ailə mühitində çox işlədilən Pəri, Zeynəb, Fatimə və Yetər kimi adları, yalnız mənsub olduğu xalqa məxsus gözəllik anlayışı ilə tərənnüm edilən Azərbaycan gözəli XVIII əsrdə milli ədəbiyyata gələn “bir təzə çəmənli, həm gülüstanlı” tamam yeni obrazdır. Məhz Molla Pənah Vaqifin şeirlərində Azərbaycan gerçəkliyi və insanı bütün reallıqları ilə fərqli bədii vasitələrlə milli ədəbiyyatın ruhunda ifadə olunmuşdur. Molla Pənah Vaqif Azərbaycan həyatının gözəlləri və gözəllikləri ilə yanaşı, çətinliklərini, ağır güzəranını təsvir edəndə də milli məişətin reallıqlarını ifadə edir. “Bayram oldu” şeiri - Azərbaycan şeirinin milli məişəti əks etdirən realist düşüncəsinin obrazlı bədii ifadəsidir. “Bayram oldu” şeiri - Molla Pənah Vaqifin həyata dərin və hərtərəfli baxışlarını, vətəndaşlıq ruhunu qabarıq şəkildə əks etdirir. “Bayram oldu” şeiri - Azərbaycan həyatının və azərbaycanlı güzəranının şeir dili ilə ifadə olunan təbii əks-sədasıdır: Bayram oldu, heç bilmirəm neyləyim, Bizim evdə dolu çuval da yoxdur. Düyi ilə yağ hamı çoxdan tükənmiş, Ət heç ələ düşməz, motal da yoxdur. Allaha bizmişik naşükür bəndə, Bir söz desəm, dəxi qoymazlar kəndə. Xalq batıb noğula, şəkərə, qəndə, Bizim evdə axta zoğal da yoxdur. Molla Pənah Vaqifin “Hayıf ki, yoxdur” şeiri şairin yaradıcılığındakı nikbin ruhun təzadlı məqamlarını meydana qoyur. Şeirdəki “Kür qırağı” yer adı Azərbaycan ədəbiyyatında yeni doğulan ölkə coğrafiyası anlayışının parlaq nümunəsidir. Həm də “Kür qırağı” adlandırıla biləcək bu şeir “əcəb seyrəngahı”, “qış günü qışlağı”, “gözəl obası”, “adamlıq ədası” cümlə-cahana örnək olan vətən torpağı idealının tərənnümünə həsr olunmuş bənzərsiz poetik nümunəsidir. Şeirdəki “hayıf ki, yoxdur” ifadəsi dərin mənası və məntiqi ilə “niyə də olmasın ki”, yaxud “olmalıdır” kimi başa düşülməlidir. Bu, Kür qırağının timsalında bütövlükdə Azərbaycan ölkəsi haqqında yazılmış dərin mənalı şeirdir. “Kür qırağı” şeirində bir xeyli dərəcədə mövcud halındakı vəziyyətdən təəssüf hissi keçirsə də, bütövlükdə bu şeir Vaqifin “cümlə cahanın” gözü olan eli-obası ilə, doğma yurdunun “havasının, torpağının, yerinin” misilsizliyi ilə iftixar duyğusu ilə yaşadığını mənalandırır. “Kür qırağı” adlandırılmasına baxmayaraq, bu şeir Azərbaycan ədəbiyyatında şairin açıq ünvanla öz ölkəsinə həsr etdiyi nadir şeirlərdən biridir. Nizami Gəncəvinin “Bərdənin tərifi” kimi klassik ədəbiyyatda konkret ünvanı göstərilən poetik nümunələr çox deyildir. Orta əsrlər Azərbaycan ədəbiyyatında vətən anlayışı “şəbi-hicran” şeirlərinin ruhunda, mahiyyətində yaşamışdır. Vaqifin “Kür qırağı” şeiri Azərbaycan coğrafiyasının bənzərsiz poetik tərcümanı olan qiymətli lirika nümunəsidir. “Hayıf ki, yoxdur” mətləbi Vaqifin nikbin realizminin ağrılı çalarlarının bədii ifadəsidir. Molla Pənah Vaqifin məşhur “Durnalar” qoşması Azərbaycan ədəbiyyatında bu mövzuda yazılmış ilk və ən yaxşı şeirdir. Vaqifin “Durnalar”ı Azərbaycan şeirinin durna qatarının önündədir. Göründüyü kimi, Molla Pənah Vaqif Azərbaycan şeirinin mənzərəsini poetik forma baxımından da dəyişmişdir. Ona qədər şifahi xalq ədəbiyyatının janrları kimi qəbul edilən qoşma və gəraylı janrları Vaqifin yaradıcılığı ilə Azərbaycan yazılı şeirinin poetik formaları kimi qəbul olunmuşdur. Molla Pənah Vaqif Azərbaycan şeirinin yolunu qəzəl-qəsidə ənənəsindən qoşma-gəraylı istiqamətinə çevirmişdir. Vaqif həm də qoşma və gəraylı janrlarında Azərbaycan şeirinin qızıl fondunu təşkil edən nadir poetik örnəklərin müəllifidir. Bu gün də Vaqifin qoşmaları və gəraylıları həmin janrda yazılmış ən mükəmməl şeir nümunələri hesab edilir. Fikrimizcə, təkcə ömrünün son anlarında yazdığı üçün yox, özünün mühüm ideya-bədii xüsusiyyətləri və dərin ictimai məzmunu etibarilə “Görmədim” müxəmməsi Molla Pənah Vaqifin yaradıcılığının zirvəsidir. Bu, “Bayram oldu” şeiri ilə başlanan, “Hayıf ki, yoxdur”la inkişaf etdirilən Vaqif realizminin kulminasiya nöqtəsidir. Vaqifin “Görmədim” müxəmməsi XVIII əsr Azərbaycan şeirinin dövrə, zamana haray səsi, sərt ittihamnaməsidir. Bu, zamanı silkələyə bilən nadir şeir nümunəsidir: Mən cahan mülkündə mütləq doğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Zəngin və bənzərsiz yaradıcılığı, məşhur “Görmədim” müxəmməsi və “lütfü-kəramət” səyləri Vaqifi ucaldaraq Molla Pənah dərgahına çatdırmışdır. Molla Pənah Vaqifin zəngin yaradıcılığı Mirzə Fətəli Axundzadənin “Təmsilat”ına, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”na, Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinə, Səməd Vurğunun lirikasına gedən məsuliyyətli yolun böyük başlanğıcıdır. Azərbaycan milli-mənəvi varlığını, “ellər yaraşığı, ölkə gözəli”ni, Kür qırağı obasını ədəbiyyatın əsas mövzusuna çevirmiş Molla Pənah Vaqifin yaradıcılığı azərbaycançılığın ən mühüm qaynaqlarından, mənbələrindən biridir. Azərbaycan ədəbiyyatında realizm Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır. Vaqifin şeirləri Azərbaycan realizminin ibtidasıdır. Şair ölkə həyatının real ədəbiyyatını yaratmağa nail olmuşdur. Bu mənada Molla Pənah Vaqif klassik ədəbiyyata inkarçı mövqedən yanaşmayaraq, xalq-aşıq şeiri üslubunu real həyatın ifadəsinə istiqamətləndirməklə yeni tipli ədəbiyyatın əsasını qoymuşdur. Azərbaycan ədəbiyyatı Məhəmməd Füzulidən Mirzə Fətəli Axundzadəyə və Cəlil Məmmədquluzadəyə çatmaq üçün Molla Pənah Vaqif körpüsündən keçərək gəlmişdir. Milli ədəbiyyat klassik lirika ənənəsindən realist ədəbiyyata doğru inkişaf etmək üçün Vaqif keçidindən adlamalı olmuşdur. Molla Pənah Vaqifin əsərləri Azərbaycan realizminin başlanğıc mərhələsinin əsas xüsusiyyətlərini özündə əks etdirir. Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan realist ədəbiyyatının möhkəm təməlinə çevrilən, bünövrəsini təşkil edən milli ədəbiyyatın böyük nümunəsidir. Böyük sənətkarın adı ilə bağlı olan realizmin mahiyyətini görkəmli ədəbiyyatşünas Yaşar Qarayev doğru olaraq elmi şəkildə aşağıdakı kimi ifadə etmişdir: “Ədəbiyyatımızın tarixi inkişaf yoluna nəzər salarkən Azərbaycan realizminin beşiyi başında hamıdan əvvəl ...Vaqifin silueti görünür... Yazılı və şifahi xalq poeziyası arasındakı ənənəvi səddi dağıtmaq, ...milli, dünyəvi, nikbin bir şeirin tam qələbəsini təmin etmək mənasında Vaqifin tarixi-ədəbi xidməti misilsizdir. Vaqif şeiri bu mənada Zakirlə birlikdə Axundzadə realizminin həndəvərini, astanasını təşkil edir... Odur ki, biz Vaqif poeziyasını realizmə hazırlıq dövrü kimi “predrealizm”, “erkən realizm”, “ilkin realizm” kimi saxlamağı mümkün hesab edirik...”. Molla Pənah Vaqif Məhəmməd Füzulidən sonrakı və Mirzə Fətəli Axundzadədən əvvəlki dövr Azərbaycan realizminin yaradıcısıdır. Molla Pənah Vaqifin adı həm də Azərbaycanın tarixi taleyində özünəməxsus yeri olan ictimai-siyasi xadimlərdən biri kimi çəkilir. O, Azərbaycanın xanlıqlar dövrünün tanınmış dövlət xadimlərindən biri kimi ölkə əhəmiyyətli məsələlərin həllində, xüsusən xarici əlaqələrin genişlənməsində və zəhmətkeş xalqla saray arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynamışdır. Qarabağ xanlığının siyasi tarixində Molla Pənah Vaqifin böyük xidmətləri olmuşdur. Dövlət işlərində Vaqif elmi-helmi və uzaqgörənliyi və xalqa yaxınlığı ilə Molla Pənah Vaqif ola bilmişdir. Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında heca vəznli şeir məktəbi yaratmışdır. Böyük sənətkarın adı ilə bağlı olan şeir-sənət ənənələri yaşamış, ədəbiyyatımızın sonrakı inkişaf mərhələlərində yaradıcılıqla davam etdirilmişdir. Azərbaycan ədəbiyyatında heca vəznli xalq şeiri üslubunun möhkəmlənib aparıcı mövqe tutmasında Molla Pənah Vaqifin mühüm rolu olmuşdur. Onun adı və sənəti həmişə uca tutulmuş, yüksək ehtiramla yad olunmuşdur. Xalq şairi Səməd Vurğunun məşhur “Vaqif” tarixi dramı (1938) və Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” (1937) romanı qüdrətli sənətkara bəslənilən ümumxalq ehtiramına Azərbaycan ədəbiyyatında ucaldılmış möhtəşəm abidələrdir. Bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası (1960) böyük söz ustadının həyat və sənət ideallarını xalqımıza çatdırmağa uğurla xidmət edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1982-ci ildə Azərbaycanın qədim Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı böyük məqbərə bu ölməz sənətkarın ədəbiyyatımızın inkişafı sahəsindəki xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin parlaq ifadəsidir. Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağı işğal edərkən Vaqifin məqbərəsini dağıtması bu təcavüzkar ölkənin mədəniyyətdən uzaq olan mənəviyyatsız simasını əks etdirir. Görkəmli Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin doğma ölkəsi ilə birlikdə UNESCO və TÜRKSOY miqyasında beynəlxalq səviyyədə qeyd olunması böyük ümummilli və bəşəri ideallara xidmət edən böyük sənətin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında”kı 12 yanvar 2017-ci il tarixli sərəncamı müstəqil dövlətimizdə sənətə və sənətkara bəslənilən əbədi ehtiramın parlaq və əməli nümunəsidir. Dövlət sərəncamında öz əksini tapmış aşağıdakı sözlər Molla Pənah Vaqifin ölməz sənətinin yüksək qiymətini ifadə etməklə bərabər, qarşıda duran mühüm vəzifələri də nəzərə çarpdırır: “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır... Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. ...Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir”. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yubileyi Azərbaycan xalqının ölməz ədəbi-tarixi ənənələrinə dönməz sədaqətinin və ümummilli iftixar hissinin daha bir əməli təzahürüdür. Bu, həm də Vaqifin simasında xalqı və vətəni ilə daim bir olan, ümummilli ideallara sədaqətlə xidmət edən sənətkarların hər zaman Molla Pənah səviyyəsində qiymətləndirilməsinin əyani sübutudur. İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik. Geri qayıt |