Əsas Səhifə > Ədəbiyyat > Kişilərin kişisi bizim Şıxlı İsmayıl
Kişilərin kişisi bizim Şıxlı İsmayıl27-08-2019, 14:30 |
Qürur, məğrur İsmayıl. Kişilərin kişisi, bizim Şıxlı İsmayıl. Dünya, dünya! Yaman dünya, yanan dünya, yalan dünya. İsmayılı bizdən alan, bizləri İsmayılsız qoyan dünya. Heç vaxt unudulmayan, qəlblərdə yuvalanan, xatirələrdə yaşayan İsmayıl. Yox, yox, sən həmişə mənimləsən, biz həmişə bir yerdəyik. Yenə də danışırıq, sözləşirik, fikirlərimizi bölüşürük. Sevinirik, qəmlənirik. Əziz, mehriban İsmayıl, bəri başdan deyirəm. Sənin haqqında nə yazsam, doğru yazacağam. Qəlbimin döyüntüsü, fikrimin inadını yazacağam. Bil və agah ol! Nə üstünə qoyacağam, nə üstündən alacağam! Uydurmasız, qondarmasız, necə var elə. Axı sən həqiqət aşiqi, doğruluq, düzlük carçısıydın. Bir də ki, sənin ruhun müdam başımın üstündə qərar tutur. Azmı gecələr yuxuma girirsən, gündüzlər xəyalımda canlanırsan? Hardasa düz danışmasam, qələmimi saxla, üzümə de. Yaxşımı?! İsmayılı əsərlərinə görə, illah da, "Dəli Kür"ə görə çoxları tanıyır və sevir. Lakin müasir gənclərimizin çoxu onu görməyib, yalnız əsərləri vasitəsilə tanıyırlar. Ona görə də qərara aldım ki, mətləbə keçməzdən əvvəl onun xarici görkəmini təsvir edim, daxili aləminin zənginliyini xatırlayım. İsmayıl sərv boylu, məğrur duruşlu, ağır yerişliydi. Dalğalı saçları, mehriban, mənalı baxışları yaddaqalandı. Həbəşi bənizi, astadan danışması, hikmət söyləməsi diqqəti çəkir, ona yaraşıq verirdi. Təbiətən işıqlı, nurlu, ziyalıydı, mülayimdi, yumşaqdı, həyalıydı. Mətləb qanan, yaman sözdən sınandı. Sərtləşəndə, pərtləşəndə üzü bozarar, həbəşi rəngi daha da qaralardı. Geniş erudisiyası, güclü məntiqi var idi, dərin müşahidə qabiliyyətinə malikdi. Yetkin, bitkin adamdı, qəlbən təmiz, mənən zəngindi. Hafizəsinə, yaddaşına söz ola bilməzdi. Sözü bütöv, özü bütöv insandı. Məqsədi, məramı aydındı. Səbirli, təmkinli idi. Hər şeyi üzə vurmaz, ağartmazdı. Dərdini içində pünhan çəkərdi, heç kəsə bildirməzdi. Təbiətən qəmli görünərdi, məslək, əqidə sahibiydi. Xalq adamıydı, müstəqilliyimizin carçısı, azadlığımızın havadarıydı. Türk idi, türk oğluydu. Bu adla, bu köklə fəxr edərdi, öyünərdi, sevinərdi... İsmayıl bacım Zəkiyyə ilə ali məktəbdə bir oxuyub. Otuz yeddinci ilin qanlı-qadalı illərində dəhşətlərə bir yerdə məruz qalıblar. Atam Əmiraslana nahaqdan xalq düşməni damğası vurub, tutub güllələyiblər. İsmayılın da bəzi qohumları qaçıb, Türkiyəyə pənah aparıblar. Ona görə də İsmayılın adını bacımdan tez-tez eşidirdim. Bacım Ağstafada müəllim işləyirdi. Mən də kənddən gəlmişdim onlara. Şər qarışar-qarışmaz qapı döyüldü. Yüyürüb açdım. Ucaboylu, cılız bir gənc. Zəkiyyə ilə öpüşdülər, bacım doluxsundu, kövrəldi. Göz yaşları yanaqlarına cığır saldı. İsmayıl üşümüş kimi bozardı, xəyallandı, tələsdi. Bacım ha yalvardı, dayanmadı. "Gecikirəm, yoldaşlarım vağzalda gözləyir, gəldim görüşək, gedirik müharibəyə. Bir də ya qismət”- dedi. Bacım yenidən hönkürtü qopartdı. İsmayılla tanışlığım o vaxtdandı. Nə az, nə çox, düz 61 il bundan əvvəl. Zəkiyyə məktəb illərində İsmayıla köməklik eləmişdi. Hətta ali məktəbə daxil olanda belə. Böyük bacımız Badisəbahın əri Məmməd Şıxlı İsmayılın qohumu idi. Əslinə qalsa, ikisi də Ağalıq nəslindən, bir kökdəndi. Yeznəmiz Məmməd Şıxlı da respublikada tanınan, sayılan ziyalılardandı. Uzun illər təhsil sahəsində rəhbər vəzifələrdə işləmiş, ali məktəblərdə dərs demişdi. Yeri gəlmişkən, Məmməd Şıxlının müqəddəs ailə ocağı çoxlarına sığınacaq, pənah, ümid yeri olub. Bu qonaq-qaralı ailənin evi əsl tərbiyə məktəbi olub - ibrətamizliklə dolu məktəb. Çoxları bu pənahdan pərvəriş tapıb, pərvazlanıb. Elə İsmayıl da, mən də bu ocağa minnətdarıq... Artıq İkinci dünya müharibəsi qurtarmışdı. Mən 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdum. Badisəba bacımgil yolumun ağzında yaşayırdı. Dərsə gedəndə də, dərsdən qayıdanda da bacımgilə dönür, yeyir-içirdim. Demək olar ki, vaxtımın çoxu bacımgildə keçirdi. Həmin binada bir gözaltım da vardı. İkinci dəfə İsmayılı bacımgildə gördüm. Bir çıxdıq, xeyli söhbət elədik. Məlum oldu ki, aspiranturaya daxil olmaq istəyir. Sən demə, onun da burda bir gözaltısı varmış. O, da mənim bacım qızı Ümidə xanım. İllər ötüb keçdi. Ayrıldıq, mən Moskvaya, aspiranturaya oxumağa getdim. İsmayıl artıq yavaş-yavaş yazıçı kimi tanındı. Maraqlı hekayələr müəllifi kimi sevildi. Bir gün Bakıdan xəbər gəldi ki, İsmayıl nişanlanıb. Və mərasimdə maraqlı, gülməli bir əhvalat baş verib. İsmayılın elçiliyinə Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn və başqaları gəlib. Qız tərəfdən o biri yeznəmiz Süleyman Həsənov, əmim oğlu İmran Bünyadzadə və qeyriləri olub. Ümidənin atası Məmməd Şıxlı zəhmli adamdı, sərt baxışları vardı. Ailə-məişət məsələlərində çox ciddi, bir qədər də feodal baxışlıydı. "Hə"yə gələnlər Məmməd Şıxlının ağır təbiətli olduğunu yaxşı bilirdilər. Söhbət açılan kimi yeznəmiz əsəbləşir, ona hər şey qəribə görünürdü. -Mən gözümün ilk ovu olan qızımı yaxşı həkim görmək istəyirəm. Ərə gedəcək, paltar yuyacaq, xörək bişirəcək, sənəti də qalacaq bir yanda”, - deyir. Osman Sarıvəlli gülümsəyərək dillənir: - Ay Məmməd, bu həyatda sən də, mən də bu yolu keçməmişikmi?! Qoy həyat qursunlar, xoşbəxt yaşasınlar. İsmayıl da tərbiyəli oğlandı, həyalıdı, abırlı-isbatlıdı, yaxşı gələcəyi olan yazıçıdır. İmran qağam Osman Sarıvəllinin sözünə şərik çıxır: - Ər-arvad olanda paltar da yuyar, xörək də bişirər”, - deyir. Yeznəm əsəbləşir: - Ər-arvad demə, yoldaş de. İmran qağam gülümsəyərək: - Lap yaxşı, padruqa deyək, - deyir. Araya gülüşmə düşür. Ümidə xanım İsmayılı çox sevirdi. İstəyənlər çox olsaydı da, "Ya İsmayıl, ya heç kəs”, - deyirdi. Özü bəyənmiş, seçmiş, sevmişdi. Ümidə xanım təbiətən son dərəcə gülərüz, xoşrəftar, zarafatcıldı. Valideynlərindən yüksək tərbiyə almış, onlara layiq övlad olması ilə fəxr etmişdi. Son dərəcə həyalı, ismətli, vəfalı idi. İsmayıl həyatını təmizlik, paklıq, etibar üzərində quran nadir, ideal ailə başçısıydı - təkrarsız, bənzərsiz ailə başçısı. Çoxlarına görk, nümunə olan ailə başçısı. O, yaxşı bilirdi ki, ailə başçısı olmayandan ölkə başçısı olmaz. Onunçün ailə kiçik dövlətdi. Kökü, bünövrəsi olmayan ailə tez sınar, pozular, dağılar. Düz ilqarlı ailənin çırağı gur yanar, ətrafa işıq saçar, nur ələr. Gözəl ailə sahibinin nə dərdi olar, nə də məlalı. Qoşa ömür sürər, qoşa qarıyar, qoşa yarıyar. İsmayılın müqəddəs ailəsində sevinc vardı, xoşbəxtlik, xoş güzəran vardı... İsmayıl müəllimliklə yazarlıq zirvəsində dayanan nadir insandır. Bu, ulu və müqəddəs sənətlər İsmayılın vuran qəlbi, döyünən ürəyi və pərvazlanan qoşa qanadıydı. Qaynar, oynar çeşmədən süzülən qoşa zülflü həzin çaylardı. Müdam axan, çağlayan çaylardı onun taleyində. Hansı üstün, hansı doğmadı İsmayıl yaradıcılığında, demək çətindi. Bizcə hər ikisi eyni dərəcədə, eyni axardadı. Bu sənətlər bir-birinə köməkdi, arxadı, dayaqdı. Onları bir-birindən ayırsaq, İsmayıl yaradıcılığı yarımçıq görünər, tamlığını, bütövlüyünü itirər... İsmayıl bu sənətləri dünyaya gəldiyi Qazaxın əsrarəngiz təbiətindən, ana laylasından, beşik nəğməsindən, ata öyüdündən almışdı. Atası Qəhrəman müəllim dövrünə görə tayı-bərabəri olmayan, dünyada qiymətləndirilən Qori Müəllimlər Seminariyasını bitirmişdi. Dərin biliyi, mehribanlığı, qayğıkeşliyilə Qazax mahalında ad-san qazanmış, sayılıb-seçilmişdi. Yüzlərlə, minlərlə gəncə təlim-tərbiyə dərsi keçib. Belələrindən biri də yeganə oğlu İsmayıl olub. Ataya layiq övlad, ataya başucalığı gətirən tərbiyəçi. İlk tərbiyə verəni də atası olub, ilk müəllimi də. Həqiqətdir ki, Azərbaycan xalqı onlarca sənət növləri arasında ən çox sevdiyi və zirvələndirdiyi müəllimlikdir. Vətən qədər, ana qədər, din-iman qədər doğma, əziz, müqəddəs olan müəllimlik. Nə əvəzi, nə bərabəri olan müəllimlik. Tərbiyə verən, təlim keçən, qəlblərə atəş, gözlərə nur paylayan müəllimlik. Paklıq, təmizlik, aydınlıq, ülvilik rəmzi sayılan müəllimlik. Xalqımızın müraciət forması olan müəllimlik. Dünyaya gətirən valideynlə eynilik təşkil edən, dünyanı verən müəllimlik. Təsadüfi deyil ki, yaşından, peşəsindən, vəzifə və mövqeyindən asılı olmayaraq xalqımız arasında müəllim müraciət formasıdı, ehtiram əlamətidi. İsmayılın sonralar heç vaxt unutmadığı, müdam məhəbbətlə xatırladığı müəllimi böyük pedaqoq-alim Əli Sultanlı olmuşdur. Onun sehirli müəllimlik məktəbindən dərs almışdır. Yaxşı xatırımdadır. Əli müəllimin cəlbedici görkəmi, yüksək mədəniyyəti, dərin biliyi, sehirli səsi gəncləri əfsunlayırdı, heyrətləndirirdi. Qəlblərə körpü salan, könülləri riqqətləndirən Əli Sultanlı. İsmayıl da eyni bənzərsizliyi, heyrətamizliyi, ibrətamizliyi tələbələrinə aşılayır, sevimli, doğma, əziz müəllim kimi məşhurlaşırdı... İsmayıl müəllimliyi canı, qanı bilirdi. Xalqının taleyini, xoş gələcəyini təlimdə, tərbiyədə görürdü. Bu yerdə yadıma Şərq dünyasının böyük alimi Hafizin bir müdrik kəlamı düşdü. Şah oğlunun əlindən tutub mədrəsəyə gətirir, gümüş lövhənin qarşısında dayanır. Gümüş lövhənin üzərinə qızıl hərflərlə bu sözləri yazır. "Müəllimimin əzabı mənə ata məhəbbətindən daha xoşdur". Bu hikməti oxuyanda hamıdan əvvəl İsmayıl xatırlanır, İsmayıl yada düşür, qəlbimdə heykələ dönür. Ax İsmayıl, İsmayıl! Sən də vaxt tapdın bizləri tərk etməyə. Bu müstəqillikdə, bu azad dövranda bilirsən yerin necə görünür!? Bu xalqı maarifləndirməkdə sənə, sənin kimi müəllimlərə nə qədər ehtiyac var... İsmayıl Şıxlı Azərbaycan Dövlət Pedaqoji İnstitutunda uzun illər partiya təşkilatının üzvü olurdu. Bir gün söz-söhbət yayılır ki, onu partiya təşkilatı katibi seçmək istəyirlər. Hətta bu münasibətlə Mərkəzi Komitəyə söhbətə də çağırıblar. O zaman hər sahədə olduğu kimi ali təhsil ocaqlarında katib vəzifəsi çox nüfuzlu, hökmlü və məsul vəzifə sayılırdı. Həqiqətən də, İsmayılı yuxarı çağırır və məsləhət bilirlər ki, institut partiya təşkilatına katib seçilsin. Lakin işinin çox olduğu, bədii əsər üzərində işlədiyini bəhanə edir və xahiş edir ki, mümkün qədər köməklik edəsiniz. İsmayılın arzusuna əməl olunur. İsmayıl institutda vaxtı ilə tələbəsi olmuş bir müəllimlə qarşılaşır. Müəllim təlaş və təəssüf içində: - Ay İsmayıl müəllim, siz niyə belə iş gördünüz, - deyir. - Heç bizləri nəzərə almadınız. İnanın, yamanca sevincək olmuşdum. Düşünürdüm institut əlimdə olacaq, kefim kök, damağım çağ. İllah da, tələbə qəbulunda. Ay İsmayıl müəllim, belimi yamanca qırdın, arzumu gözümdə qoydun. İsmayıl onu aydın nəzərlərlə süzərək gülümsəyə-gülümsəyə: - Sənə görə katib olmadım, - deyir. Qarşıdakı pərt olmuş halda: - Niyə mənə görə, İsmayıl müəllim, mən neyləmişəm ki? – deyə soruşur. - Bəli, bəli sənə görə, sənə yazığım gəldiyinə görə, - deyə cavab verir. Müəllim donur, doluxur. İsmayıl müəllim: - İşə başlayan kimi sənin partiya məsələnə baxacaq, işdə qalıb-qalmamağın haqda məsələ qaldıracaqdım. İndi bildin niyə razılıq vermədim, - deyir. Təmizlikdi, saflıqdı İsmayıl amalı, mənəvi zənginlikdi İsmayıl dünyası... İsmayıl ilk dəfə yazı-pozuya başlayanda gənclik eşqi, saf duyğularla şeir yazdı. Məhəbbət şeirləri, sevgi şeirləri. Lakin eşqnamələrini pünhan saxlayıb, sirrini heç kəsə açmayıb. Taxçada, boxçada gizlədib. Zaman keçib, tələbəlik illəri qapını döyüb, oxuyub, öyrənib. Qələmini başqa səmtə yönəldib, yazıçılığa üstünlük verib. Xırda hekayələr yazıb. Yenə də həddindən artıq utancaq olduğundan heç kəsə göstərməyib. Tələbəlik illəri də gəlib-keçib, arxada qalıb... İkinci Dünya müharibəsində həyat təcrübəsi artıb, qanlı döyüşlərdə bərkiyib. Bir qədər də kamilləşib, cəsarətlənib. Ürəyini yazıçıların başçısı, sərkərdəsi Mehdi Hüseynə açıb, ona üz tutub, pənah gətirib. Yazılarını ona təqdim edib. Böyük yazıçı İsmayılın yazıçılıq taleyini möhürləyib, onun gələcəyinə şam-çıraq tutub. Gələcəyin böyük yazıçısı İsmayıl da Mehdi Hüseyn məktəbinin yetirməsi olması ilə fəxr edib, layiqli davamçısına çevrilib. Sonralar özü də bir müddət Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edib. Bəlkə də, düz demir, hardasa yanılıram, ola bilər. Lakin məndə belə bir qənaət hasil olub ki, qəhrəmanlıq tarixini qələmə alan yazıçı qorxaq, boynuburuq ola bilməz. Ərin-nərin, mərdin-mübarizin əzəmət və vüqarı qarşısında səcdəyə duran heyrət içində qəhrəmanını ideallaşdıra, əfsanələşdirə bilər. Ya da qəhrəmanın bir sıra üstün cəhətləri yazarın canında-qanında olsun. İsmayıl Şıxlı şəxsiyyəti, inamı, əqidəsi ikincilərə mənsubdu. Və xalqına başucalığı gətirən, onu geniş ərazidə tanıtdıran "Dəli Kür" romanını yazdı, yaratdı... Dünya şöhrətli Mehdi Hüseyn 1962-ci il noyabrın 12-də İsmayıla yazdığı məktubdan bəzi sətirləri yada salırıq: "Əzizim İsmayıl! "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım... Əhsən, bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı...". Əlavəyə nə ehtiyac, hər şey gün kimi şəffaf, hər şey ay kimi aydın... Böyük yazıçının "Dəli Kür"ü bədii siqlətilə yanaşı, xalqşünaslıq baxımından dərin məna və məzmun kəsb edir. Çoxəsrlik məişətimizi, zəngin adət-ənənələrimizi, mənəvi dünyamızı özündə əks etdirən bu əsər etnoqrafik xəzinədir, əvəzi, bərabəri olmayan mənbədir. Təlim-tərbiyə məktəbidir, maarif ocağıdır. Xalqın qəlbinə nur paylayan, gözlərinə işıq saçan təhsil məbədi Qori-Qazax müəllimlər seminariyasıdır. "Dəli Kür" feodal dünyasının ağası, hökmlü Cahandar ağanın simasında kişiliyin, igidliyin, əyilməzliyin, dönməzliyin, mərdlik və mübarizliyin rəmzi kimi könüllərdə qərar tutur, heykəlləşir. Qarşımızda xalqımızın əzəməti, böyüklüyü ucalır. Bəylərimizin, ağalarımızın, xan və sultanlarımızın qədir-qiyməti bilinir, sevilir, əslimizə-kökümüzə qayıdırıq. Nə yazıq ki, ara-sıra gözü götürməyənlər, qısqanclıqla qarşılayanlar, paxıllıq çəkənlər də tapılırdı. Xalqın "düşmənləri" bəylər, xanlar təriflənir, sovet həqiqətinin, zamanın reallığının əleyhinə çıxılır. Daha nə bilim, nələr, nəmənələr. Zaman bir daha sübut etdi ki, xalqın ürəyindən xəbər verən əsər xalqın ürəyinə yol tapdı, əbədiləşdi. Bu yerdə yaddaşımda eşitdiyim bir əhvalat havalandı. Xaçmaz bölgəsinin Bostançı şenliyində doxsan altı yaşlı Aydəmir Quliyev adlı sayılan, seçilən el ağsaqqalının vəsiyyəti yadıma düşdü. Ömrünün qürub çağını yaşayan Aydəmir kişinin gözləri pis görürmüş. Ona görə də nəvələrinə "Dəli Kür"ü təkrar-təkrar oxutdururmuş. Gah kövrəlir, gah da qürur hissilə ötən günləri xatırlayırmış. Sonra da romanı yatağında balışının altına qoyarmış. Gəldi-gedər dünyaya halallaşma vaxtı çatanda oğlanlarını yanına çağırır və vəsiyyət edir ki, məni torpağa tapşırıb, qəbrə qoyanda "Dəli Kür"ü başımın altına qoyun, rahat yatım. Kişiliyin, ərliyin-ərənliyin müqəddəs kitabı kimi. Oğulları atalarının vəsiyyətini yerinə yetirirlər... Görkəmli rus yazıçısı Vladimir Solouxin "Dəli Kür"ü tərcümə etmək üçün İsmayılla danışıqlar apardı. Razılaşdırılır. Yazıçı həm də romanda cərəyan edən yerləri görmək arzusunda olduğunu bildirir... Gecədən xeyli keçmişdi. Zəng çalındı, dəstəyi götürdüm. İsmayıl salam-kalamdan sonra mətləbə keçdi. -Teymur "Dəli Kür"ün tərcüməçisi Vladimir Solouxin gəlib, tez Qazaxa getməliyik, - dedi. - Söz vermişdin, vaxtın varmı? Mən istəyirəm sən də bizimlə olasan. Sən oraların tarixini, tarixi abidələrini, Kür sahili oylaqları məndən yaxşı tanıyır, bilirsən. Hər qarışında ayaq izin, xatirələrin var. Vladimir nə desə, səninlə birlikdə cavab verərik. Bir də ki, sənin dilin şirindi, şeytanı yuvasından çıxarmağı bacarırsan. Həm də rusca məndən yaxşı qırıldadırsan. Mən "hazır” dedim. Gülüşdük. Boz dağların arası ilə ilan tək qıvrılan dolama qədimi el yolu bizi Yuxarı Salahlıya yetirdi. Molla Pənah Vaqifin, Mirzə Hüseyn Əfəndi Qayıbovun, Əlağa Şıxlinskinin, Fərrux Qayıbovun, İsmət Qayıbovun vətəni olduğunu xatırlatdıq. Və hər biri haqqında məlumat verdik. Çox keçmədi, Şıxlıda Molla Vəli Vidadinin məzarını ziyarət etdik. Mehdi Hüseynin, Osman Sarıvəllinin və İsmayılın bu torpaqdan olduqlarını bildirdik. Daşlaşmış musiqini xatırladan, qulac qollarını Təvədöy çayına açan Sınıq körpü yazıçını heyrətləndirdi. "Bu ki nağıldı”, - dedi. Körpünün tarixini, xalqımız tərəfindən inşa edildiyini vurğuladıq. Bu abidə haqqında A.S.Qriboyedovun heyrətindən danışdıq. Kürlə Təvədöyün qovuşmasındakı Qız qalası dağının zirvəsinə qalxdıq. Qarşımızda təkrarsız mənzərə canlandı. Sağ tərəfdə qatar dağlara sığınan şıxlıların torpaqları, sol tərəfdə Kür boyunca sallanan Qarayazı meşəsi, bir az o tərəfdə Kosalar, Sadıxlı, Muğanlı camaatının məskənləri görünürdü. "Dəli Kür"də cərəyan edən hadisələrin çoxu da bu yerlərlə bağlı idi. Cahandar ağanın oylağı da bu yerlərdi, taleyi də bu yerlər... Damcılı bulağında sərinlənəndən sonra xalq qəhrəmanı Cavanşirin doğulduğu qədim Xalxal şəhərinin xarabalıqlarını gəzdik. V.Solouxin dünyada iki oxşar abidədən biri olan Göyəzən dağının əzəmətinə vuruldu. Vurğunun şeiri "Göylərə baş çəkən Göyəzən dağı..." xatırlandı. Didəban abidəsini qurşaqlayan üç min illik tarixi olan nəhəng siklop tikililəri yazıçının diqqətini çəkdi, sual-sual ardınca. Qarşıda Qazaxın qədim torpağı Dilican dərəsinin möcüzəli mənzərəsi canlandı. Molla qayasında Qaçaq Kərəmlə İsrafil ağanın hadisəsini İsmayıl V.Solouxinə nəql elədi. Yazıçı İsmayılı heyranlıqla dinləyir, dinib-danışmırdı. Qəfil qaqqıltılı, pıqqıltılı yağış başladı, sellər-sular oynadı... "Deyirəm axı roman nə üçün azərbaycanlılar arasında belə geniş səs-küyə səbəb olub, şöhrət tapıb. Bu əsrarəngiz yerlərdən, bənzərsiz oylaqlardan, qeyrətli kişilərdən, igidlərdən, mərdlərdən, mübarizlərdən yazmamaq mümkünmü, cinayət deyilmi? Sizinlə gəzdiyim zaman yol boyu qeydlərimi tərcümə zamanı təkrar-təkrar oxuyacaq, ilhamlanacaq, var qüvvəmlə çalışacağam ki, hər şey qüdrətli yazıçı, dostum İsmayılın ürəyincə olsun. "Dəli Kür"ü rus oxucuları da azərbaycanlılar kimi qəbul etsin, sevsin”. Bu qeydlər V.Solouxinə məxsusdur. Elə də oldu, onun yüksək səviyyəli tərcüməsi nəticəsində roman neçə-neçə xalqların dillərinə tərcümə edildi, sevildi, İsmayıla böyük şöhrət gətirdi... İsmayıl fitri istedad sahibiydi. Qaynar bulaq tək qaynayar, çağlayardı. Əgər onun maraqlı, məzmunlu söhbətləri, müdrik kəlamları qələmə alınsaydı, cild-cild kitablar yazılardı, oxunar, xalq tərəfindən rəğbətlə qarşılanardı. Gəlin onu da etiraf edək ki, İsmayıl yazı işində bir az da yüz ölçüb, bir biçəndi. Astagəldi, çox götür-qoy edəndi. Həm də yazarlığın məsuliyyətini yaxşı dərk edəndi. Yazıya ehtiramla, ehtiyatla yanaşmağa üstünlük verəndi. Özünə qarşı tələbkarlığı da bir ayrı. Bir yandan da müəllimlik vaxtını çox almış, amanını qırmışdı. Necə deyərlər, qalmışdı qaş ilə göz arasında, kabab tək yanırdı köz arasında. Nə bu müqəddəsliklərdən doya bilirdi, nə hansınısa kənara qoya bilirdi. Pərvaz etmək üçün qoşa qanad lazımdı. Hansı qırılsa, onda hər şey dağılar, pozulardı. Bəlkə də, yaxşı elədi, az yazdı, naz yazdı. Yazıları dildə-ağızda gəzdi, könüllərdə qərar tutdu, yavalandı... Biz 1971-ci ildən İsmayılgillə birlikdə Üzeyir Hacıbəyov küçəsindəki yeni mənzilə köçdük. Uzun illər bir blokda alt-üst mənzillərdə yaşadıq, bir elli kimi, bir evli kimi. Daha da qonşulaşdıq, qohumlaşdıq, doğmalaşdıq. Arzumuz, əməlimiz də bir, dərdimiz-sərimiz də bir oldu. Ailəlikcə qəmə şərik çıxır, sevinci yarı bölürdük. Dünyanın düz vaxtıydı. İsmayılla bir neçə il yay aylarını ailəmizlə birlikdə Nalçikdə keçirirdik. İstirahəti bir yerdə edir, bir yerdə gəzirdik. Fikirlər, arzular, amanlar qoynunda daha da doğmalaşır, dərdləşirdik. Bir gün ailəliklə gəldik İsmayılgilə, gözəl xanım, gözəl müəllimə, etibar-ismət heykəli Sona xanım və qızı, dünya gözəli Lalə də onlardaydı. İlahi, görən, bir də Lalə kimi qənirsiz dünyaya gələcəkmi? Göydən gələn mələkdi, vaxtsız, vədəsiz dünyadan köçdü, göylərə uçdu, nə isə... Ümidə xanım ayaqları bağlı beçələri mənə göstərdi. - Dayı, al bıçağı, hamısının başını kəs, qızardaq, yeyək, - dedi. Mən də bir-bir kəsdim, qoydum qırağa. Axırıncı beçəni əlimə alanda duymuş, bilmiş kimi ucadan qışqırdı. Eşidilməmiş dəhşətli səslər çıxardı. Qanadları ilə yeri döydü, döyəclədi. Başını kəsdiyimlə əlimdən çıxdığı bir oldu. Sıçradı göyün bir qatına, üzümüzə qan yağışı səpələdi. Dəydi, düşdü yerə. Hadisədən hamı pərişan, hamı peşiman oldu. İsmayılın halı dəyişdi, rəngi qaçdı. Əlini ürəyinin üstünə qoydu, dərman içdi. Hər şey zəhərə, zəqquma döndü. Aləm dəydi bir-birinə. Alçaqdan mənə "nə qansızsan”, - dedi. Mən ondan da pis günə düşmüşdüm. O gündən tövbə dedim, tövbəmə əməl etdim... Sağ gözüm xəstələnmişdi. Xalqına ziya verən, nur ələyən böyük həkim, bənzərsiz insan, əsl ziyalı Nazim Əfəndiyevə müraciət etdim. Sağ gözümdə qanı görəndə diksindi, qorxdu. Həkimləri başıma yığdı, baxdılar, təəccübləndilər. Bədənimə, gözümə yüzdən çox iynə vurdular. Bir az düzəldim. Qəfil Moskvadan zəng çalındı. Həkimim Tamella xanımdı. Salam-kəlamdan sonra dedi ki, "xahiş edirəm gələsiniz Moskvaya, həkimlərə göstərək, nigarançılığımız qurtarsın”. Getdim baxdılar, ümidsiz qaldılar. Qayıtdım vətənə. Vəsiyyətimi elədim, gözümdə yaman yarası olduğunu ürəyimdə doladım. Ağlaşma, vay-şüvən başladı. Miskin-miskin yaşadım, günlərimi saydım. Payızdı, hava da soyuqdu. İsmayıl zəng çaldı: - Qalın geyin. Təzə "Volqa" almışam. Elçin bizi aparsın, bir az Şıxovda gəzək, hava qəbul edək, - dedi. Ürəyimdə "sağ olmuş, mən nə hayda, bu nə hayda. Mənə öldüyüm yerdə hava lazımdı?”- dedim. Evdə, danladılar getdim. Dəniz kənarında gəzdik, qayıtdıq. Elə bil möcüzə baş verdi. Hər şey yadımdan çıxdı. Gözüm sağaldı, təzələndi, inamım artdı, həyat eşqim yenidən gül açdı, çiçəkləndi. Düz iyirmi beş ildir ki, yaxşı görür, yaşayır, yazıram. Tanrı köməyim oldu. Keçən əsrin sonlarına yaxın dünya qopur, sönür, dəyişirdi. Azərbaycan burulğanlar içində dalğalanır, ləngərlənir, təlatümə gəlirdi. Sonu görünməyən, axırı bilinməyən fəlakətlər, qanlar, qırğınlar xalqımızın başı üstə çaxır, fəlakət qoparırdı. Hər yanda qorxu, ürkü, təhlükə, çağırış, mübarizə, qələbə inadı yaşanırdı… Akademiyanın yuxarı binasının sütunlarına yazılmış xalqa müraciəti oxuyanda heyrətə gəldim, gözlərimə inanmadım. Çağırışın altında iri hərflərlə İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı və Yusif Səmədoğlunun adları sıralanmışdı. Tez işi yarımçıq qoyub, təlaş içində evə qayıtdım, İsmayılgilə düşdüm. Evdə çarpayının üstə uzanmışdı. Əsəbi halda cumdum üstünə, ley quşa cuman kimi: - Ay atası rəhmətlik, sən neyləyirsən, özgə dərdin-sərin, işin-gücün yoxdu, - dedim. - Qorxmursan ayaqlarını qandallayar, qollarını zəncirləyər, qohumların gedən yerə, gedər-gəlməzə göndərər, ilim-ilim itirərlər, Sibir bəri yanda qalar. Ya da gecəynən götürərlər, nə ölün tapılar, nə dirin. Bilsəydim heç qoyardım səni bu yola getməyə, rəhmətliyin oğlu, lap inqilabçı olub getmisən. Gülümsədi və məni başdan-ayağa süzdü: - Elə bildiyim üçün səndən xəlvəti elədim, - dedi. - Bilirəm, hamısını yaxşı bilirəm. Bir İsmayılın yoxluğuyla dünya boş qalacaq? Sən yazmasan, mən yazmasam, bu xalqın taleyinə, sağalmaz yarasına kim məlhəm olacaq. Bəs ziyalı xalqın qabaqda gedəni, əldə bayraq tutanı deyilmi? Keçən əsrin əvvəllərində müstəqilliyimiz rusların gülləsinə tuş oldu, itirildi. Yenidən şans yarandı, tanrı payımız oldu. Bu dəfə də uduzsaq, qarı düşmən daha da azğınlaşacaq, qırıb-qurtaracaq, axırımıza çıxacaq. Ona görə də hamılıqla, elliklə mübarizəyə qalxmalı, ya müstəqil olmalı, ya qırılıb qurtarmalıyıq. Elə bir qəflət yuxusundan oyandım... Keçən əsrdə İsmayılın qolu-budağı daranmış, qohum-əqrabası, eli-obası Sibirdə, qəbirdə çürümüşdü. Xalqı, milləti də betərdən betər. Ədalətsizliyin, haqsızlığın dəhşətlərinə dözmür, içində çəkir, içindən yanırdı. Müdam üz-gözü gülməz, qəmli-ələmli, qaraqabaq görünərdi. Ona görə də İsmayılın əlinə məqam düşmüşdü, fürsətdən üsyankarcasına istifadə edirdi. Həqiqətən də, İsmayıl milli azadlıq hərəkatının alovlanıb, geniş vüsət almasına şam-çıraq tutdu. Yorulmadan, usanmadan, inadı, əqidəsi, amalı ilə mübarizəyə önəm verdi, ərkidi, bərkidi. Xalqı mübarizəyə, qələbəyə səslədi. Əsgər kimi, sərkərdə kimi, baş bilən, yol göstərən kimi. Yaxşı yadımdadı, Qazaxın Bağanıs Ayrım kəndində ermənilər evləri yandırmış, faciə törətmişdilər. Ölənlər də vardı. Bununla bağlı bölgəyə getmişdik. Bu arada eşitdik ki, rus generalı Qazaxa gələcək. Gəldi, tanış olduq və hadisə yerinə yollandıq. Kəndin camaatı başımıza yığılıb törədilən hadisəni söyləyirdilər. Qəfildən dağın başında, qayalıqların arasında erməni yaraqlıları göründü. Dərhal generalın doqquz cangüdəni avtomata sarındı, atəş açmaq istədilər. General onlara acıqlandı. - Neyləyirsiniz, ermənilər dağın başında, qayalıqda, biz də düzün ortasında. Böyük fəlakət baş verər, qırğın olar, - dedi. İsmayıl belə dəhşətləri çox görmüşdü. Təbiəti və şeiriyyəti ilə xalqın qəlbində yuva salan Hüseyn Arif dünyasını dəyişəndə hamılıqla Ağstafaya getdik. Məzarının başında xatirə söyləndi, elə bil ədəbi məclis quruldu. Qəfildən Ceyrançöldən qatarlaşan durnalar Kürü keçərək bizə sarı süzdülər. Başımızın üstünə çatar-çatmaz durna qatarının düzümü pozuldu, pərən-pərən oldular. Qağıltı-quğultu, haray-qışqırıq göyləri başına götürdü. Sonra da yenidən sıralandılar, başladılar Bəsrə, Bağdad ellərinə sarı. Bu hadisə hamımıza qeyri-adi göründü. Belə yozduq ki, durnalar da Hüseyn Arifə yas saxlayır, onu ağlayırlar. Bu arada İsmayıl qoluma girib, məni yana çəkdi. İcra başçısı Ayvazalı, xahiş edir ki, gedək Qazaxa, küsənləri barışdıraq. Nəsə getmək istəmirəm. Dedim, ay İsmayıl, küsənləri barışdırmaq savabdı. Bir də ki, bu, adi küsü deyil, Qazaxın icra başçısı ilə polis rəisi yola getmir, o tərəfdə də ermənilər pusquda durub, məqam gözləyirlər. Həm də bir ağsaqqal kimi sənin borcundur, vəzifəndir. Razı qaldı, bir azdan İsmayıl, Sabir Rüstəmxanlı və mən Qazaxa getməli olduq. İcra başçısı, xalq hərəkatının öncüllərindən sayılan Cavanşirdən xahiş etdik ki, polis rəisini çağır gəlsin, işimiz var, tələsirik. Çağırdı, tez də gəldi. İsmayıl eyhamla bunları danladı. Öyüd-nəsihət verdi. Ağlınızı başınıza yığın, məsuliyyətinizi dərk edin. Sabirlə mən ötkəm danışdıq, hər ikisini sıxma-boğmaya aldıq. O ki var danladıq. İkisi də küsülərinin səbəbini danışdılar. Heç nəyin üstündə olduğunu etiraf etdilər. Barışdırdıq, öpüşdürdük. Lakin çox çəkmədi hər ikisi qəzaya uğradı, taleləri üzünə gülmədi. Hər ikisi də Qazaxın qəhrəman, qeyrətli oğulları idi. Torpağını qoruyan, yolunda candan keçməyə hazır olan oğlanları. Allah hər ikisinə rəhmət eləsin, qəbirləri nurla dolsun! Haşiyə: 1992-ci ilin yanvarında Azərbaycan Milli Şurasının binasında İsmayılla qabaq-qənşər gələn akademik Tofiq Köçərli məqaləsinin birində yazır: "İsmayıl Şıxlı yanımdan keçəndə sevinclə dedim ki, Almaniya da Azərbaycanın müstəqilliyini tanıyıb". Gözləyirdim ki, İsmayıl müəllim deyəcək: "Nə yaxşı, xoş xəbər olasan, Tofiq. Təbrik edirəm!". Ancaq o, özünəməxsus təmkinlə astadan dedi: "Bəs özümüz özümüzü nə vaxt tanıyacağıq?". Cavab tapa bilmədim. İsmayıl müəllimin sualı məni düşündürdü. Hamımızı düşündürməlidir". Nə böyük hikmət, nə böyük ibrətamizlik, İlahi. Ömrünün son illərində İsmayılın xəstəliyi bədəninə yeridiyindən yavaş-yavaş səhhəti pozulur, halı pərişan olurdu. Bir yandan da yüz dərdin törədicisi şəkər xəstəliyi amanını qırmış, gümanını azaltmışdı. Başqa xəstəlik də öz sözünü deyir, hökmünü verir, inadını qətiləşdirirdi. Xəstəliklər onun sağlamlığını alır, yarımcan edirdi. Çox vaxt da dəhşətli ağrılara dözür, bilə-bilə dərdini pünhan saxlayır, öz içində çəkirdi. İsmayıl özünü o yerə qoymur, qürurlu görünməyə çalışırdı. Artıq gecdi, onun məğrur görkəmi silkələnir, əyilir, pəhləvan cüssəsi pozulurdu... İsmayıl ağırlaşdıqca, ümidsizliyə qapıldıqca mən onu tək buraxmır, demək olar ki, hər gün yanında olurdum. Müdam qara fikirlərdən ayıraraq təsəlli verməyə çalışırdım. "Yaman günün ömrü az olar” deyirdim. İsmayıl dözülməz ağrılara dözür, dəhşətlərə sinə gərirdi. İsmayıl nə qədər əzmli, dözümlü, əqidəli, iradəliydi, İlahi. Bir dəfə məni yanına çağırdı. "Ölüləri qəbiristanlıqda basdırın" əsərini verdi. Kövrəlmiş vəziyyətdə mənə "Nə yazdığımı evdə oxuyarsan”, - dedi. Bir azdan gəldim, evdə oxudum. "Əziz Teymura. Bu ağır günlərdə həyanım ol". Di gəl, bu sətirlərdən sonra ağlama, göz yaşı tökmə. 1995-ci ilin iyul ayının 26-da günorta İsmayılın ürəyi susdu, dayandı. Ömür vəfa eləmədi. Görən, torpaq niyə yaxşıları, xalq adamlarını, böyükləri tez qoynuna çəkir, aparır, əlimizdən alır, çox qəribədir?... Köçdü, getdi, Gəlmişdi, köçdü, getdi. İsmayıl bir dünyaydı, Dünyadan köçdü, getdi. Əziz oxucular! Sizə təqdim etdiyim kövrək yazılarım olsa-olsa İsmayıl Şıxlı dünyasının bir anıdı. Bir an ümmandan damladır, mərd qaladan bir baxış, gülüstandan tər qönçə, çəmənzarın bir bağrı qanla müqayisə edilər... İnsan ölər, insanlıq qalar bu dünyada. Əşrəflərin əşrəfiydi İsmayıl. Kişilər köçər, kişilik yaşar bu dünyada. Kişiliyin təntənəsi, zirvəsiydi İsmayıl. Mərdliyin, mübarizliyin, əqidəliyin rəmziydi İsmayıl. İsmətliliyin, təmizliyin, paklığın, saflığın aynasıydı İsmayıl. Ətəyində namaz qılmaq olan İsmayıl. Müəllimlər müəllimi, yazarlar yazarıydı İsmayıl!.. Teymur BÜNYADOV, akademik Geri qayıt |