Əsas Səhifə > Ədəbiyyat > "Ölən dünyam"ı oxuyarkən

"Ölən dünyam"ı oxuyarkən


13-08-2019, 11:15


Xətrini həmişə əziz tutduğum Ümidə xanım Şıxlıya

Açıq məktub 

Əziz bacım!

"Ölən dünyam"ı oxudum. Təkrar-təkrar. Hər dəfə də İsmayıl Şıxlı şəxsiyyətinin, İsmayıl Şıxlı qələminin böyüklüyünü, bənzərsizliyini gördüm, duydum. Və hər dəfə kitabı oxuduqca qəlbim fərəhlə dolub. Özümdə bir qürur, fəxr duymuşam ki, mən də bu böyük insanla yaxın, doğma olmuşam. Romanı oxuduqca sətirlər arxasından onun qüdrət və qeyrət dolu nurlu siması, arxaya daranan dalğalı saçları, boy-buxunu gəlib gözlərim önündə dayanırdı. Sözü-söhbəti qulağımda səslənirdi. Elə bil oxuduğum bu hekayəti özü mənə nəql edirdi. Və səhifələr vərəqləndikcə kitabda təsvir olunan hadisələr məni xəyallandırırdı...

Nə yazıqlar ki, o, artıq aramızda yoxdur. Hər yerdə; evdə-eşikdə, eldə-obada, ağır-ağır məclislərdə İsmayıl Şıxlının yeri görünür... Mən onun yoxluğuna inanmıram, oğlumun yoxluğuna inanmadığım kimi...

İstəkli bacım! Bilirsən ki, mənim də başıma qəzavü-qədər gəldi. Mən də sənin kimi qəm-qubarlıyam. Yeganə oğlum Mustafanın niskilinə, möhnət-məlalına susamışam. Gözüm yolda, könlüm səsdədir. Onun qəfil yoxluğu mənə yuxu kimi gəlir... İçimdə Hüseyn Arif harayları qopur:

"Nə yaman olurmuş oğul həsrəti,

Heç ata görməsin bu müsibəti,

Könlümdən könlümün sözü-söhbəti,

Gözümdən gözümün qarası getdi.

 

...Şimşək tək havada alışıb, keçib,

Möhnət şərbətini qəfildən içib,

Özünə bir könül həmdəmi seçib,

Bir şadlıq məclisi qurmadı keçdi."

Amma neyləyəsən, bu acı bir həqiqətdir... "Ölən dünyam"da belə qəfil ölümlə bağlı təsəlli sözlər var... Elə bildim İsmayıl qağam ağbirçək Güllü xanımın dili ilə gəlini Qönçəyə dediyi sözləri həyat yoldaşım Gözələ deyir: "Adamın başına iş gələr, qızım, özünə toxtaqlıq ver, ölən də bizimdi, öldürən də... Olacağa çarə yoxdur, hamısı fələyin işidir..."

Ümidə bacı! Qəlbim qan içində çırpınır, az qalır ki, sinəmdən qopub-çıxsın. Vətənimin sarsıntısı, xalqımın ağır günləri mənə bəs deyildimi?! Dərdimin üstünə yenə dərd gəldi?! Əminəm ki, Vətənimi bu bəlalardan, bu dərdlərdən xilas edəcək qüvvələr bir gün gələcək, Babəkin nəvələri yetişəcək. Namus, qeyrət kimi hisslər qəlbimizdə yenidən tufan qoparacaq, üsyan edəcək, Vətənimiz, xalqımız qurtulacaq.

Ümidə bacı! İsmayıl Şıxlı bizə bir məktəb verdi, bir dərs öyrətdi. Bunlar, bax, həmin o dediklərimdi. And içirəm bütün müqəddəslərə bu yoldan dönməyəcəyəm. Xilasımız üçün öncəsi, ən ümdəsi odur ki, içimizdəki ətalətə, biganəliyə son qoyaq. Mənən daha da saflaşaq, daha da təmizlənək. Yalnız aydın təfəkkürlü, sağlam ruhlu, saf qəlbli ərənlər Vətəni, xalqı xilas edə bilərlər. Yoxsa, İsmayıl qağam demişkən "Sapı özümüzdən olan baltalar" yox! Az qalıram boğazdan yuxarı, ağız ucu danışanları, şəxsi karyeraları üçün Vətəndən, torpaqdan, ana südündən keçməyə hazır olanları ayağımın altında tapdalayıb, məhv edim. İnanıram ki, belə bir güc bir gün xalqımda tapılacaq, bütün şərdən birdəfəlik uzaqlaşacağıq... Nə isə... Dərdim təzələndi, səninlə bölüşmək istədim...

Roman məni uzaq illərin arxasında qalan uşaqlıq, cavanlıq dünyasına apardı. İllər nə tez ötürmüş, bacı! Qarayazıda, Kür qırağında dolaşdığımız, vallah, elə bil dünən idi. Saralıb, qurumuş xəzəllərin, otların ayaq altında qalıb xışıldaması indi də qulağımdadır. ...Gəmi qayasına qalxardıq. Sahil boyu uzanan yaşıl ormanlara, zümrüd meşələrə, azacıq uzaqda görünən uca dağlara, kəndlərə, obalara baxardıq.

... O yollar, izlər, çöllər, yurdlar, yataqlar bir də xəyalımda canlandı... Dünya mənim üçün Gəmi qayasından başlayıb, bacım! Mənim uca, möhtəşəm palıdlı dünyam...

İstəkli bacım! Özün də yaxşı bilirsən ki, biz Kürün laylası ilə, Qarayazıdakı palıdların pıçıltısı ilə pərvazlanmışıq. Bu yerlərin hər otu, hər çiçəyi, hər kolu, hər ağacı başqa bir aləmdir, başqa bir dünyadır. İndiki kimi yadımdadır, bacı! Bir də görərdin maral təkəsi qoşulub mal-heyvanla gəlib həyətə. Təkənin böyürtüsü malların səsinə qarışıb kəndə-kəsəyə yayılardı.

İsmayıl qağam o yerləri gör necə də gözəl təsvir edib:

"Xəzəl dizə çıxırdı, qovaqlar, palıdlar, cır meyvə ağacları, saqqız kolları yarpaqlarını töksələr də, bir-birinə söykənib, sıxlaşmışdılar. Elə bil soyuqdan qorunmaq üçün bir-birlərinə qısılmışdılar. Bircə qızılcıq kolları yarpaqlarını tökməmiş, yaz-yay aylarında olduğu kimi qalınlaşıb, fızıllığa dönmüşdülər". Bəli, onda Qarayazı bakirə bir gözələ bənzəyirdi. Təəssüf ki, bizim gördüyümüz o gözəllikdən indi əsər-əlamət qalmayıb. Hanı o gözəl Qarayazı?!

Yuxumuzdamı görmüşdük biz onu?! Yox, bax, o gördüyümüz Qarayazı indi doğranıb şikəst edilib, pula, var-dövlətə çevrilib. Əsərdəki keçəl Xonduluların, bolşevik Fətullayevlərin nəvə-nəticələrinin ciblərinə axıb. Bax, beləcə xalqın var-dövləti yağmalanıb.

Mənim əziz bacım!.. İsmayıl qağam həmişə belə adamlara qarşı çıxıb, istər mətbuatda, istərsə də yüksək tribunalardan çıxış edərkən xalqa qənim kəsilmiş həmin ünsürləri ifşa edərdi. Qorxmadan, çəkinmədən. Belə münasibət "Ölən dünyam"da lap aydın görünür. Fətullayevlərin törəmələrinin kəramətidir ki, əziz bacım, bu gün torpaqlarımızın iyirmi faizi düşmən tapdağındadı.

Ümidə bacı, əziz yengəm!

İsmayıl qağam bizim evə, bizim ocağa çox yaxın adam idi. Hamımız onu ailəmizin bir üzvü sanardıq. Atam-anam, bacı-qardaşlarım böyük qardaş kimi onun xətrini çox istəyirdi. Onun bizim evə hər gəlişi toy-bayrama çevrilirdi. Yamanca sevinərdik. Qardaşım İsaynan həmişə yanaşı gəzərdilər. Biz də onlara heyran-heyran baxardıq. İsmayıl qağamın mehribanlığından, istiqanlılığından isinər, qızınardıq. Şirin söhbətlərindən doymazdıq. O vaxtları Ağstafa meşə idarəsinin rəisi olan atamnan - Mustafa kişiynən, çox söhbətləşər, dərdləşərdilər. Qanlı-qadalı müharibə illərindən, cəbhə xatirələrindən söz salardılar. Köhnə kişilərdən söhbət açar, Azərbaycan tarixindən danışardılar. Qarayazını gəzməkdən də heç yorulmazdılar. İkisi də təbiət vurğunu idi. Onlar söhbət edə-edə qollu-budaqlı palıdlara baxar, fərəhlənərdilər. Hərdən də İsmayıl qağam fikrə, xəyala dalar, nəzərləri ağaclara, talalara dikilərdi. Kim bilir, ay bacı, bəlkə də "Ölən dünyam"ın ilk sətirləri elə o vaxtlar yazılırmış?!

İstəkli bacım, o hərdən zəng edər, deyərdi:

- Ayə, a Koxa, (o məni belə çağırardı) lap darıxdım bu dörd divar arasında qalmaqdan. Gəl məni apar təbiətin qoynuna. Bir dərdləşək, yüngülləşək.

Belə görüşlərin birində mənə dedi ki, Omar Koxa yenə yuxuma girmişdi. "Enli kürək, qalın uzun saqqallı kişi idi. Başına saçaqlı papaq qoymuşdu. Uzun arxalığının altından belinə enli qurşaq bağlamışdı. İri gümüş xəncəri var idi". Ürəyimdə fikirləşdim: "Necə də düz, dəqiq görüb". O sözünə davam etdi:

- Elə qanıram ki, bu elə-belə boşuna deyil. Yəqin o, rəhmətliyə də əyan olub ki, onun haqqında fikirləşir, əlləşirəm. Omar Koxa kimi ağsaqqal, köhnə kişilərin surəti ədəbiyyatımızda yoxdur. Onlar hökmən ədəbiyyata gəlməlidir. Bu işi mən görməliyəm. Çünki o kişilərin ömür yolu mərdanəlik, kişilik məktəbidir. Saflıq, bütövlük rəmzidir.

Ümidə bacı! Məni də həmişə, kökümüz, keçmişimiz, türkçülüyün tərəkəmə həyatı özünə çəkir... Yenə babalar, nənələr yada düşür.

"Naltökən" yaylağına getmişdilər, Noylu bulağın üst tərəfində, yaşıl döşdəməhəllə-məhəllə dəyə tikmişdilər. Gün çırtdayan kimi sığırçılar mal-qaranıhaylayıb, örüşə aparırdılar. Qız-gəlin isə Noylu bulağın üstünə tökülür,əlzlərini yuyub, sığallanır, sonra da sənəklərini diş göynədən bumbuz su ilə doldurub dəyələrə qayıdırdılar. Mal-qara örüşdən qayıdana qədər samovar qaynayır, stəkan, nəlbəki dəyənin içində açılmış süfrəyə düzülürdü. Səhər tezdən qoyun-quzuya baş çəkməyə gedən atlı kişilər binələrə qayıdanda hər şey hazır olurdu..." Romandakı Omar Koxanın həyatını gördükcə babamın ömür yolu gözlərim önündə canlanırdı.

Ümidə bacı! İsmayıl Şıxlı həyatda zirvə idi. Ədəbiyyatda da zirvə olaraq qalır. Zirvədə dayananların isə fikri, mənəvi dünyası zirvələrdən də ucadır. "Ölən dünyam" romanı belə bir zirvədə dayanmış qəlbin səsidir.

Əziz bacım! İsmayıl müəllim sonsuz əzab bahasına bu əsəri başa gətirdi. Romanı ərsəyə gətirmək İsmayıl Şıxlının ömrünün son günlərində ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız qarşısında göstərdiyi fədakarlıq idi. Son nəfəsində də İsmayıl müəllim sübut etdi ki, o, yalnız və yalnız xalqı uğrunda çarpışıb-vuruşub. Əsrimizin əvvəllərində baş verən tarixi hadisələri romanda təsvir etməklə xalqın keçdiyi yolu xalqa göstərib. Olduğu kimi, bəzəksiz, düzəksiz.

Ümidə xanım! Sizin mərdliyiniz, Sizin böyüklüyünüz ölçüyə gəlməzdir. Böyük əzaba qatlaşaraq İsmayıl müəllimin dediklərini səbrlə qələmə aldınız, kəlmə-kəlmə bizlərə çatdırdınız. Romana həyat verdiniz. Bu gün "Ölən dünyam" "Dəli Kür"lə birgə xalqındır. Bu isə Sizin xidmətiniz, Sizin qəhrəmanlığınızdır.

Yaxşı deyiblər ki, aslanın erkəyi, dişisi olmaz. Siz böyük bir əzaba qatlaşdınız, bu zəhmətin, bu əzabın qiyməti yoxdur. Mən bir qardaş kimi əllərinizdən öpürəm. "Ölən dünyam" həm də Sizin qəlbinizin böyüklüyünü göstərən bir abidədir. Mən bu iki böyük qəlb qarşısında baş əyirəm.

Mənim istəkli bacım! Bütün bunlara görə Sizə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm. Neçə ki, ədəbiyyatımız var, mədəniyyətimiz, xalqımız yaşayır, İsmayıl Şıxlı da yaşayacaq. Axı, İsmayıl Şıxlı dühasından, İsmayıl Şıxlı qələmindən gələn "Ölən dünyam" kimi əsərlər İsmayıl Şıxlı adını xalqımızın hafizəsinə əbədi həkk edib.

Hörmətlə,

Ömər HÜSEYNOV


Geri qayıt