Əsas Səhifə > Ədəbiyyat > Keçmiş günləri andıqca...
Keçmiş günləri andıqca...5-08-2019, 14:12 |
Dünyanın havası soyuduqca, isti münasibətlər soyuqdan sıxıldıqca, qeyrət qıtlığı bollandıqca yadıma yazıçı dostum İsmayıl Şıxlı düşür. Böyük vətəndaş, xalqın əsl yazıçısı, həmişə hadisələri qabaqlayan İsmayıl Şıxlı həyatdan tez getdi. Özü ilə çox şeyləri apardı. Yəni, insana, insanlığa bu gün həmişəkindən daha çox lazım olan qeyrət, təpər, mərdlik, bütövlük və sanbalı da özüylə apardı İsmayıl Şıxlı! Bunlardan ayrı-ayrı adamlarda bir az qalıb! Çox az! İsmayıl Şıxlının baxışından, duruşundan yazıçılıq tökülürdü. Dünyanın harasında olsaydı, məhz türk dünyasının böyük yazıçısı olduğu görkəmindən bəlli olardı. Yazıçılıq çox-çox cildlərlə ölçülmür. Aşıq gördüyünü çağırar, mən də bir cür aşığam. İsmayıl Şıxlını tanıdığım müddətdən (ömrünün bilmədiyim əvvəlləriylə işim yoxdur) dost olduq. İlıq münasibətlər get-gedə istiləşdi, qaynarlaşdı. Adam tanıyan idi. Yerində deyilmiş ötkəm sözdən və ağıllı ötkəmlərdən xoşu gələrdi. Yekəxana adamları xoşlamazdı! Yersiz ötkəmliyə kobudluq deyərdi. Həddindən artıq incə və lazım olanda həddindən artıq sərt idi. Mehdi Hüseyn xarakterini çox bəyənirdi. Ona görə Cahandar ağa obrazını yaratmışdı. Ən çox sevdiyi reallıq və doğruluq idi. Övladlarını da bu ruhda böyütmüşdü. "Dəli Kür"dəki bəzi adət-ənənələrin guya, xalqımıza yad olduğunu deyənlərlə İsmayıl Şıxlı razılaşmırdı. Millət ayrı-ayrı regionlarla birlikdə millətdir və hər yerin öz adət-ənənəsi var, bu adətlər ümumilikdə xalqın milli xüsusiyyətlərini təşkil edir. O başqa məsələdir ki, "Dəli Kür"ün kino variantında aktyor oyunu həddini aşıb, reallıqdan uzaqlaşıb. Yəni, İsmayıl Şıxlıya dərs vermək olmazdı. O, bilmədiyi bir işi qələmə almazdı, axırını görmədiyi hadisəni əvvəl öyrənməmiş, bədiiləşdirməzdi. İsmayıl Şıxlı başdan-ayağa xarakter idi. O, danışmasa da, sözünü duruşuyla, baxışıyla deyirdi! Onu oxumaq və qəbul etmək mümkün idi. O, siyasi hadisələrə də obyektiv qiymət verirdi. Milli Məclisin üzvü olsa da, siyasəti xoşlamırdı, ona görə də çox az danışardı. Siyasətin oyun olduğunu yaxşı bilirdi və bu oyunda böyük xarakterlərə yer olmadığını da yaxşı bilirdi. Vəzifə adamı deyildi, çünki büqələmunlar ona işləməyə imkan vermirdilər. Hərəsi girib, bir şey deyirdi. Biri orden istəyirdi, biri fəxri ad istəyirdi, biri o birindən şikayət edirdi. Yazıçı adlı bəzi iblislər aşağıdan sıxırdı, məmur deyilən vəzifə bütləri isə yuxarıdan sıxırdı İsmayıl Şıxlını. O da ipə-sapa yatan adam deyildi. Yuxarıya cavab verirdi ki, "qoyun işləyək", aşağının da cavabını layiqincə verirdi. Dözməyib, ərizə yazdı, Yazıçılar İttifaqının sədrliyindən öz xahişi ilə getdi. Yuxarıda buna sevindilər, hətta İsmayıl Şıxlıya yaxşı işlədiyinə görə yazılı təşəkkür də etdilər. Bəs niyə imkan vermədiniz işləməyə, bəs niyə qoydunuz getməyə? Axı düzgün işləyirdi. Elə bir vəziyyət yaratdılar ki, o, getməli oldu. Paraya dəymə, bütövə dəymə, doğra doyunca ye! Bu, baş girləmək demək idi! İsmayıl Şıxlı baş girləyə bilməzdi, o, buna yaranmamışdı. O, dağlarda sərbəst qanad çalmaq istəyən bir qartal idi. Zəngləşərdik, daha doğrusu, mən zəng edərdim, uzun-uzadı söhbət edərdik. Hər sözündə bir təzəlik, bir sadəlik, bir insanlıq olardı! Bəzən çörəyini yeyib, ona dirsək göstərərdilər, paxıllığını çəkərdilər. Dinməzdi, etikanı gözləyib bu yaşında ona ağır sözlər deyən yazıçı həmkarını susmaqla insanlığa dəvət etsə də, qarşısındakı bunu anlamazdı. Anlamaq üçün gərək yazıçı olasan, ondan əvvəl gərək insane olasan. Beləsini məcbur olub evdən qovdum – deyirdi. Həm çörəyimi yeyir, həm də üzümə qarşı nalayiq sözlər deyir. Adını da qoyur ki, sərxoş idim. İsmayıl Şıxlı qədər təvazökar bir yazıçı tanımazdım. Onun evindən tutmuş bütün varlığına qədər hər şey sadə idi. Bu sadəlik onu xalqımızın sevimlisi, əzizi etmişdi. Həyatı halallıq üzərində qurulmuş bu böyük yazıçının görkəmindən yüksək mədəniyyət yağırdı. Millətə, xalqa öz daxili mədəniyyəti ilə örnək ola biləcək adamlar lazımdır! Belə olanda millət arasında saflaşma, durulma, qaynama gedə bilər. Bir çiçəklə yaz olmur, bir neçə çiçəklə də yaz olmur. Bu çiçəkləri də xəzan vuranda, millətin ümidi üzülür, xalq başını itirir, az qala hamıya qulaq asır, axırda da heç nəyə nail ola bilmir. İsmayıl Şıxlı öndə gedən yazıçı idi. Ona görə də onun haqqında müsbət deyim yerinə düşür. Onda yerlipərəstlik, ögey-doğmalıq yox idi! Onda insanlara doğru, obyektiv, vicdani münasibət vardı. İsmayıl Şıxlı həyatın özü qədər saf, büllur, şəffaf və istedadlı idi. Onun hər hansı bir əsərini, hər hansı bir cümləsini götürsək, orda əsas ideal yazıçı təmizliyi idi. Ona da heç bir ləkə yapışmazdı. Ömrünün son illərində ağır xəstə idi. Ən çox böyrək kanalından əziyyət çəkirdi. Dedim: "İsmayıl müəllim, bəlkə, bir Sudeif İmamverdiyevi gətirim, sizə baxsın!". "Hə, olar, onun haqqında çox eşitmişəm, yaxşı həkimdir". Böyük insanpərvər həkim, gözəl cərrah, həqiqi dostluğa layiq dostum Sudeif İmamverdiyevə fikrimi deyəndə məmnuniyyətlə razı oldu. Bir dəfə xəstəxanaya getdik, nə tədbir var idisə gördü! Aradan bir xeyli keçdikdən sonra, Sudeif müəllimi bir də gətirdim. Bu dəfə evdə baxdı. Artıq yaxşılaşmışdı. Mənə belə gəlirdi. Yolda soruşdum ki, Sudeif müəllim, necədir, gələcəyini necə görürsünüz? "Allah kömək olsun, - dedi, - bütün xəstəlikləri bir-birinə qarışıb". Ümidim qırıldı. Çünki Sudeif İmamverdiyevin sözü sözdür! Bir neçə gündən sonra gəldim, vəziyyəti dəyişmişdi. Ümidə bacı ağlayırdı. Mən də ağladım, amma heç birinə bunu sezdirmədim. Ümidə bacı yavaşca balıncını qaldırıb, yuxarı çəkmək istəyəndə "qoy görüm, özüm qalxa bilərəmmi" dedi. Ağır dəqiqələrində, hətta həyat yoldaşına belə, möhtac olmaq istəməyən bu böyük insanın heysiyyatına və şəxsiyyətinə mat qaldım. Axı o, xəstə idi! Belə bir köməyi də özündən ummaq istədi. Bu böyük insandan yadigar qalan xarakter bütövlüyü, iki oğlu Elçin, Fərrux və həyat yoldaşı Ümidə bacıdır. İsmayıl Şıxlıyla dostluğumuza dair çox şey söyləmək olardı. Lakin o, dünyasını dəyişmişdir. Kimsə tərəfindən belə başa düşülər ki, mən bəlkə də, olmayanları deyirəm. Lakin bizim İsmayıl müəllimlə həqiqi dostluğumuzun şahidi o günlər, o aylar, o illərdir ki, artıq dumanlar arasında, arxada qalıb. İsmayıl Şıxlının cismani yoxluğu məni o evə qədəm basmağa qoymur! Mənə bircə o qalır ki, əziz dostum, böyük yazıçımız İsmayıl Şıxlının təmiz ailəsi önündə baş əyim! Hərdən də onun Fəxri xiyabandakı müqəddəs türbəsinə baş çəkirəm! Müzəffər Şükür MƏCHUL, şair Geri qayıt |