Əsas Səhifə > Ədəbiyyat > İçərisində ilahini gəzdirən şəxsiyyət
İçərisində ilahini gəzdirən şəxsiyyət6-06-2019, 11:06 |
İsmayıl Şıxlı haqqında xatirə yazmağa başlayanda Andrey Tarkovskinin sözləri fikrimdə oyandı: "İnsan özündə yaradanın obrazını daşımalıdır". Və mən İsmayıl Şıxlının adını çəkəndə ilk olaraq düşünürəm ki, onun ad-soyadı önündə "Xalq yazıçısı", "Millət vəkili", "Görkəmli pedaqoq" və sair titulları işlətməyə ehtiyac yoxdu; bunu çox vaxt bu rəsmi adlardan aşağıda duranlar üçün yazırıq, deyirik. Xalqa, ziyalı təbəqəsinə bəllidir ki, filankəs kimdir? İsmayıl Şıxlı da beləcə... İsmayıl Şıxlı mənim ana tərəfimdən qohumumdur. Anamın doğmaca dayısı qızı Ümidə rəhmətlik onun sədaqətli həyat yoldaşı idi. Hələ orta məktəb şagirdi ikən xalam, ədəbiyyat müəlliməm Durnəstə Eminova İsmayıl Şıxlı barədə maraqlı sözlər danışardı və "Kerç suları"nda, "Dağlar səslənir" hekayələr və povestlər kitablarını mənə vermişdi. Səkkizinci sinifdə hər iki toplunu oxumuşdum. Birincidə İ.Şıxlının ordu həyatından aldığı təəssüratın lirik təsviri, ikincidə Daşkəsəndə gedən quruculuq işlərinin bədii lövhələri əksini tapmışdı. Və ürəyimdən bir hiss keçirdi ki, Pedaqoji İnstituta qəbul olunaydım, İsmayıl Şıxlı mənə dərs deyərdi. Tale arzumu gerçəkləşdirdi... İsmayıl müəllim, bu dahi şəxsiyyət barədə hələ sağlığında elmi və pedaqoji məqalələrimdə, kitablarımda az-çox qələm çalmışam, təəssüratımı bölüşdürmüşəm. Hətta kəskin şəkildə göstərmişəm ki, böyük yazıçı İsmayıl Şıxlının yaradıcılığı, xüsusilə, "Dəli Kür" romanı orta ümumtəhsil məktəblərində nə üçün tədris olunmasın? "Dəli Kür"ü biz gənc nəslə öyrətməklə həm sovet dönəmindən milli nəsrimizin təntənəsini mənimsətməli olardıq, həm də keçmişimizə böhtanlar yağdıran üzdəniraq qonşumuzun xislətini və rus şovinizmini ifşa edərdik. …Dekanlıqdan xəbər aldıq ki, dünya ədəbiyyatından İsmayıl Şıxlı mühazirələr oxuyacaq. Tələbə yoldaşlarım hansı hissi keçirdilər deməkdə acizəm, amma mən həyəcanlandım və qürurlandım. Qırx yaşlarında, ucaboylu, sıx qara saçlı, asta yerişli İsmayıl Şıxlı auiditoriyaya girdi. Əlində heç nə yox idi, axı ona qədər müəllimlərimiz qoltuğunda mühazirə vərəqələriylə hüzurumuza çıxırdılar. Pis qarşılamırdıq, bizə elə gəlirdi mühazirə dəftəri olmalıdır mütləq; birdən fikrində çaşar, səhvə yol verər. Sən demə, biz düşündüyümüz kimi də deyilmiş. İsmayıl Şıxlının pedaqoqluğu hələlik onun yazıçılığını üstələmişdi. Bəlkə də bu "hələlik" bizə aşılanan müəllimlik psixologiyasından irəli gəlirdi. Onun diksiyası, təmkinli var-gəli, sağ əliylə saçlarını geriyə sığallaması, yeri düşəndə pauza verməsi və öncə auditoriyanı özünə ram etməsi barədə fantaziyamızda üstünlük yaradırdı. O, sağ yandakı uzun laylı pəncərəyə daha çox yaxınlaşırdı, bu da onun işığa can atması, içərisindəki işığın çoxluğu ilə bağlıydı. Əlbəttə, o zaman bunu kəsdirə bilməzdim, illərin yaşından sonra belə qənaətə gəldim. Kostyum geyəndə sol əlini qalstuka toxundurar, ani susar (çünki onun mühazirəsini yazanlar vardı) və obrazın, hadisənin təhlilini davam etdirərdi. Antik ədəbiyyatına elə həvəslə şərh verərdi, ən xırda detalları elə bədii təsvirə bələyərdi ki, sanki südəmər uşaq da üşüyə bilər, sətəlcəm olar. O, əsərlərə bu poetik üslubla, təhlil tərziylə yanaşardı. Xüsusilə, Şekspirin "Hamlet" faciəsindəki "Olum, ya ölüm" monoloqunu qeyri-adi səslə, pafosla əzbərdən dedi və yataqxanaya gələn kimi həmin parçanı əzbərlədim. Bədii təsvirin gücünə bax! İ.Şıxlı analitik təhlili bədii-emosional danışıqla qovuşdurmuşdu, əriş-arğac eləmişdi, doğmalaşdırmışdı. Mən indi o xatirələrə qayıdanda dəqiq qənaətə gəlmişəm ki, İsmayıl müəllimin səsini görmək mümkünmüş, mübaliğəyə yol vermirəm. Təsadüfi deyil ki, qırx ildən sonra "dərs" barədə bir məqalə yazdım və sübut elədim ki, müəllimin şərhini - səsini görmək mümkündür. Bir dəfə ondan soruşduq ki, bu cür danışıq tərzi, lakoniklik, cazibədarlıq haradandı sizdə? Gülümsündü, saçına sığal çəkdi, dedi ki, heyf, siz mərhum professor, müəllimim Əli Sultanlının mühazirələrini dinləməmisiniz. Çox şeyi itirmisiz. Mən başqa ixtisasa yiyələnmək istəyirdim, özümdən asılı olmadan onun ixtisasını seçdim. Mən Əli Sultanlının yanından belə ötə bilmərəm. Bax, təvazökarlıq buna deyərlər. Kamil şəxsiyyətlər yalnız belə görünür. İmtahanı da bax beləcə, təmkinli, qərəssiz, pedantçılıqdan uzaq ovqatda götürürdü, biliymizi qiymətləndirirdi. İstedadlı şair dostumuz vardı: Fikrət Cavadov. Yoxsuldu, valideynini müharibədə itirmişdi, təbii ki, dərslərində zəifdi. İsmayıl müəllim Fikrətdəki poeziya qığılcımını sezmişdi (şeirləri ara-sıra çıxırdı) və həm də onun dolanacağının da qeyri-qənaətbəxş olduğunu duymuşdu. Fikrət içkiyə də meyilliydi. Görünür, bu da İsmayıl müəllimin diqqətindən yayınmamışdı. Üzbəüz oturmuşdu, Fikrət Cavadov bileti əlində tutmuşdu. İsmayıl Şıxlı ordan-burdan söz saldı, gəlib şair Əli Soltanın (Allah rəhmət eləsin) üzərində dayandı, birgə oxuduğunu söylədi və gözəl şair olduğunu deyəndən sonra incə şəkildə: - heyf, içki onun istedadını korladı, məhv elədi, - dedi və Fikrətdən poeziya barədə bir-iki şeyi soruşdu, qiymətini yazdı: "Yaxşı şeir yazsan, mənə oxuyarsan". Təbəssümlə onu yola saldı. İsmayıl Şıxlı institutda yalnız qrup yoldaşım Daşqınla söhbət eləyərdi. Tənəffüsdə onu yanına çağırar, əlini çiyninə qoyar, nə barədəsə danışardı. Biz uzaqda durub Daşqına qibtə ilə baxardıq. Sonralar öyrəndik ki, Daşqının atası şair və tərcüməçi Böyükağa Qasımzadə (iki-üç ildi rəhmətə getmişdi) İsmayıl Şıxlıyla yaxın qələm yoldaşıymış. O, onun oğlunun müəllimi idi. Sədaqətini itirməmişdi, Daşqın deyirdi ki, İsmayıl müəllim hər dəfə mənimlə görüşəndə ailə vəziyyətimizi xəbər alır, nəyə ehtiyacımız olduğunu öyrənirdi... İsmayıl Şıxlı Azərbaycan Yazıçılar Birliyinin sədri işləyərkən belə, pedaqoji fəaliyyətindən ayrılmamışdı. Onu bu yüksək yaradıcı vəzifəyə təklif eləyəndə yeganə xahişi bu imiş ki, o, Pedaqoji İnstitutda dərs deyəcəkdir. Təsadüfi deyil ki, onu son mənzilə yola salanda əbədiyyətə qovuşmuş ruhu ilə cismi doğma pedaqoji institutunun qarşısından keçdi. Bu, bəlkə də mərhum İsmayıl Şıxlının 50 ildən artıq çalışdığı isti ocağa son borcuydu... Mənim keçmiş tələbəm, poetik ruhlu Əli Rəşidoğlu Natəvan klubunda işləyirdi. Yazıçıların Mərdəkandakı Səməd Vurğun adına yaradıcılıq evinin direktoru vəzifəsi boşdu. Əli dedi ki, müəllim, bəlkə İsmayıl Şıxlıdan xahiş edəsən bu yer üçün. Əli utancaq, həyalı tövrdə üzümə baxdı, həyatda heç bir hamisi olmayan (o, atasız böyümüşdü, universitet təhsili almışdı) Əli Rəşidoğluya köməklik göstərmək ürəyimdən keçdi. İsmayıl Şıxlının kabinetinə gəldim. O, təəccübləndi ki, ilk dəfədi buraya yol almışam. Xeyli söhbət elədik, gənclik dostları, mənim dayılarım Cahandar və Hacının əhvalını xəbər aldı. Görüşmək arzusunda olduğu hissini duydum: - Xeyirdirmi, astadan dilləndi. Səni haçandı görmürəm. - İsmayıl müəllim. - Eyni tələbə utancaqlığıyla dedim və susdum. Son dərəcə həssas yazıçı və pedaqoq birbaşa dedi: - Bəlkə xahişin var? Başımla təsdiqlədim, sıxıla-sıxıla axır ki, sözüm dilimdən çıxdı. - Əli Rəşidoğlu həm tələbəm olub, həm də dostuq. Onun heç kəsi yoxdu, işgüzardı, ədəbiyyatı da bilir. O, özünəməxsus təbəssümlə dedi: - Olmaya ürəyindən direktorluq keçir? Yalnız başımla təsdiq eləyə bilərdim. - Yaxşı işçidir. Etimadı doğruldar. Ömründə ilk xahişindir, həm də... İsmayıl Şıxlı belə həssas, qayğıkeş, bütöv şəxsiyyət idi. 1982-ci il idi. Dayılarıma çatdırdım ki, İsmayıl müəllim nasazdı, ürəyindən sizinlə görüşmək keçir. Biri Lənkəranda, o biri Salyanda yaşayan dayılarımla İsmayıl müəllimin qonağı olduq, əslində onlar daha yaxın qohum, həmyerli və gənclik dostlarıydı. Ümidə xanım yığcam süfrə açdı, keçmişə qayıtdılar. Məni isə bir neçə sualın cavabı düşündürürdü. İkisini soruşdum, amma biri ilə kifayətlənəcəyəm. - İsmayıl müəllim, - dedim. - Ali məktəblərə rüşvətin daxil olduğuna inanırsızmı? Bütün pedaqoji ictimaiyyətə və tələbələrə aksiomdu ki, İsmayıl Şıxlı bir qəpiyin də sahibi deyildi. Sizin fikriniz mənimçin çox maraqlıdır. O, ani xəyala daldı, təzə dən düşmüş saçlarına əli ilə sığal çəkdi: - Çətindir sualın cavabı, ona görə ki - Susdu. Əlindəki tikəni boşqaba qoydu. - Tələbənin sualını cavabsız da qoymaq istəməzdim. Rəhmətlik Kamal Qəhrəmanov mənim institutda dostluq elədiyim yeganə adamdı, sənin də müəllimin idi. Son dərəcə obyektiv, güzəştsiz, əli-ayağı təmizdi. Rektor da cəsarət göstərib ona xahiş edə bilməzdi. Özü də tələbə yataqxanasında anası ilə yaşayırdı (O, bizimlə eyni mərtəbədə, təkotaqlıda qalırdı). Onu dekan müavini qoydular, qəbul imtahanlarında saxladılar. Rektorluq onu ələ aldı və... Yenə İsmayıl müəllim susdu, istəmirdi mərhum Kamal Qəhrəmanov barədə mütləq qənaətini bildirsin. Amma İsmayıl Şıxlı həqiqətpəpəst idi, içərisində işıqlı dünyasını yandıran adamdı. - Bir dərs ilində gördüm ki, o, görkəmini tamam təzələyib, yeni mənzil alıb, sözünə baxır rəhbərliyin. Mənə ağır olsa da, bundan sonra inandım ki, ali məktəbə rüşvət sirayət edibdir... İsmayıl Şıxlı təkrarsız şəxsiyyət və yazıçı, həssas pedaqoq idi. Onun vaxtilə, mürəkkəb dövrdə Milli Məclisin deputatı ikən özünü necə müdrik, təmkinli, ağayana apardığını xalqımız yaddaşında əbədi saxlamaqdadır. Üzdəniraq sənətçilərdən fərqli olaraq o, sanki Cahandar ağa idi, ziyalı təbəqənin Cahandar ağası! Mən bunu ona görə demirəm ki, öz müəllimim barədə düşünürəm, əsla. Əgər onun barəsində şişirtmə söz desəm, ruhuna əyan olar və yuxuma girər ki... Yenə Tarkovskiyə qayıdıram. İsmayıl Şıxlı ona görə nurlu insan, təkrarsız yazıçı, ələdüşməz pedaqoq idi ki, içərisində ilahinin təmiz obrazını yaşadırdı. Allahını gəzdirənlərin başqa cür həyat yolu olmur... Allahverdi EMİNOV, yazıçı-pedaqoq Geri qayıt |