Əsas Səhifə > Ədəbiyyat > Ağır taxtalı kişi

Ağır taxtalı kişi


24-05-2019, 11:37

Yatsam yuxuma da girməzdi ki, bir vaxt gələcək, İsmayıl müəllim həyatdan köçəcək, mən də bu köçdən hədsiz kədərlənəcək və əlimə qələm alıb, onun haqqında publisist yazımı deyim, yaxud da portret-oçerkmi deyim, bəlkə də, ancaq öz fikir və düşüncələrimi qələmə alacağam.

Köçünə inanmadığım üçün onun barəsində yazmaq, doğrusu, heç ağlıma da gəlməmişdi. Kədərin ləngəri ağır olanda insan fikrini cəmləyə bilmir. Düşünürdüm ki, nə vaxtsa bu itkinin istisi soyusun və mən də hisslərin əlindən qurtarıb, ayıq başla fikirlərimi cəmləşdirib, yaşayacağımı götür-qoy edib, hardan və necə başlayacağımı, ən başlıcası isə bacardığım qədər, heç olmasa, bu böyük yazıçı və insan haqqında öz təsəvvürlərimi oxuculara çatdıra bilim.

Əgər İsmayıl müəllim haqqında sözümü bircə cümlə ilə ifadə etsəydim, vaxtı ilə özünün Mehdi Hüseyni simürğ quşuna bənzətdiyi kimi, elə mən də onu zülmətdən işığa doğru yol açan bu quşa oxşadardım. Yox, deyəsən, yanıldım. O, həyatda mənim üçün heç kimə, heç nəyə bənzəməyən, içərisi yaxşılığa, xeyirxahlığa, xalqının azadlığına, xoşbəxtliyinə yönəlmiş bir şəxsiyyət idi. Asta yerişli, şax duruşlu, mənalı baxışlı, yüz eşidib, bir cavab verən İsmayıl müəllimin sən demə, içərisində çoxdan eşiyə çıxmağa macal axtaran bir od-alov, vulkan yatırmış. Yer üzünün müxtəlif guşələrində birdən-birə püskürən vulkanlar xalqlara dərd-bəla, ölüm-itim, ağır dağıntılar gətirir. Ancaq onun qəlbinin təlatümü başqa idi. Hələ biz o vaxtlar "Dəli Kür" romanını oxuyarkən Cahandar ağa timsalında bu od-alovun nə vaxtsa püskürəcəyini deyim ki, gözləyirdik, yalan olardı. Sən demə, hamıdan xəbərsiz bu millət aşiqi, azadlıq fədaisi, sözün həqiqi mənasında, atalar demişkən, uzun illər imiş ki, papaq altda yatırmış. İndi papağımı qabağıma qoyub düşünəndə mənə qəribə gəlir ki, qəlbindəkiləri bu illər ərzində hansı səbrlə, hansı təmkinlə sinəsində qoruyub saxlaya bilmişdi. Nə yaxşı, indiyə kimi bu od-alov sinəsini yandırıb külə döndərməyib. Başına gələnlər onu başmaqçı eləyib. Dediyim kimi, səbrlə, təmkinlə bu vaxta qədər dözmüşdü.

Ölüm də onu sındıra bilmədi. Ancaq cismini apardı, mənən o bizimlədir yenə. Mənim bu dediklərimi gəlişi xoş söz kimi, yaxud da sevdiyim insan və sənətkar haqqında obrazlı deyim kimi də qəbul etməyin. O, sözün həqiqi mənasında həm yazıçı, həm də şəxsiyyət kimi böyük, bütöv idi. Bəlkə də, yanıldım, deyilişim sizi çaşdırmasın, İsmayıl müəllim bir insan kimi bu gün də mənim üçün yaşayır. Lap gəncliyimdən yaxından təmasda, ünsiyyətdə olduğum İsmayıl Şıxlının ağzından bir dəfə də olsun, yanlış bir ifadə eşitmədim. İndi onun haqqında fikirləşəndə, onu yada salanda özlüyümdə hər şeyi götür-qoy edib bu qənaətə gəlirəm ki, bəlkə də, o, anadan olanda elə belə doğulub. Ağır, təmkinli, sanballı durub, sanballı oturan kişi...

O, doğrudan da, kişi idi, əsl oğuz-azərbaycanlı kişisi. Görünür, ulularımızdan qalan bu mənəvi, hərtərəfli keyfiyyət ona daha çox nəsib olmuşdu ki, bizim indimiz və gələcəyimiz üçün bir şəxsiyyət nümunəsinə çevrilsin (əgər belə demək mümkünsə). Başı bəlalar çəkmiş, sonra da Böyük Vətən müharibəsinin qanlı yollarında ayaq döymüş İsmayıl. Müharibədən söz düşdüyü üçün onun "Cəbhə gündəlikləri"ndən yan keçmək mümkün deyil. Bu gündəlikləri oxuduqca özündən asılı olmayaraq, istər-istəməz onun təsiri altına düşüb, gənc İsmayılla birgə addımlamalı olursan müharibə yollarını. Bu yollarda nə hay-küy eşidirsən, nə "ura" səsləri. Çayların, dərələrin boynuna kəmənd atıb, iki sahili qovuşduran körpüsalanlar, pantonçular...

Hərdən mənə elə gəlir ki, o ağır yolların ağır maşınları, nəhəng tankları İsmayıl müəllimin heç vaxt əyilməyən çiyinlərindən gəlib-keçib. Hər dəfə mən evdə yaxınlarımla birlikdə daxilimdən gələn bir ehtiyacın tələbi, gücü ilə qələbə gününü qeyd edib, müharibədə həlak olanlarımı yada salıram. Əslinə qalsa, heç yadımdan çıxan vaxtları olmayıb onların. İsmayıl müəllim həyatdan köç edəndən sonra o da o itirdiyim əzizlərin siyahısına daxil olub. Bu, mənim üçün elə bir mənəvi dəyərdir ki, onu sözlə ifadə etməkdə acizəm.

Hərdən lap çox təəssüflənirəm İsmayıl müəllimin həyatdan tez getməsinə. Ölüm hamı üçün haqdır, bunu qananlar yaxşı dərk eləyir. İsmayıl müəllimin ölümü ona görə məni çox kədərləndirir ki, o, hələ çox işlər görə bilərdi. Bu işlərdən biri mənə məlum idi. Böyük Vətən müharibəsinin faciələrini "Dəli Kür" siqlətli bir roman səviyyəsində ortaya qoymalı idi. Söhbətlərindən bilirdim ki, onun ötən müharibəyə, o faciəyə öz baxışı, nəzər-nöqtəsi başqadır. Bu müharibə onun üçün təkcə ölüm-itim demək deyildi, indiyə kimi bizim bildiyimizdən fərqlənirdi. Azlıqlara olan münasibətin, öz gözü ilə gördüyü mənəvi sarsıntıların, necə deyərlər, yuxarıdan-aşağı baxıb, kiçik xalqlara qarşı baxışların açıqlanması olmalı idi bu əsər. İsmayıl müəllim "Cəbhə gündəlikləri"ndə yeri gələndə az da olsa, bu məsələlərə toxunmuşdu. O, sözün həqiqi mənasında, bu əsəri yazmağa daxilən çoxdan hazır idi. Vaxtı gözləyirdi. Bəlkə də, bilirdi o günün gələcəyinə, ürəyindəkiləri açıb tökməyə, meydan sulamağa... Hərdən fikirləşib özümə təsəlli tapıram ki, nə yaxşı "Cəbhə gündəlikləri" yazılıb. Bu gündəlik bir ömrün cəbhə yollarının salnaməsi olsa da, mənə sənədli bədii əsər təsirini bağışlayır.

İsmayıl müəllimin yaradıcılığı haqqında indiyə qədər kim nə deyib, onun əsərlərinə hansı aspektdən yanaşıb, bunlarla mənim işim yoxdur. Onları təhlil etməyi, yalan-yanlışlığını, doğru-dürüstlüyünü aşkarlayıb, bu barədə fikrimi söyləməyi qarşıma məqsəd də qoymamışam. Bu, ədəbiyyatşünasların elmi-təhlil işidir.

Onun əsərlərinin kütləvi oxucu rəğbəti qazanmasının mənə görə əsas və ən vacib səbəbi qələmə aldığı epizodların, fraqmentlərin, lap cüzi lövhələrin də gücü həyatiliyində, canlılığındadır. Deyəsən, o, hər bir əsərini yazmazdan əvvəl daha çox öz daxilində yaşayıb, əzizləməyə artıq vaxt sərf eləyib. Onun yaradıcılığının təbiiliyini adiliyində (primitiv deyil), xarakterlərin dərinliyini sadələyində axtarmaq lazımdır. Həyat materialı onun əsərlərində o qədər güclü təsir bağışlayır ki, istər-istəməz onun iştirakçısına çevrilir oxucu.

Mənə elə gəlir ki, yazıçını şəxsən tanımaq üçün onunla oturub-durmaq o qədər də vacib deyil, əsərlərini oxuyub, onu yaratdığı obrazlarda axtarıb tapmaq olar. "Yazıçının əsəri müəllifin avtobioqrafiyasıdır" - deyənlər, bəlkə də, yanılmırlar. İsmayıl müəllim, sözün həqiqi mənasında, xalq adamıydı, bütün ömrünü də bu yolda sərf eləmişdi.

Dünyanın yaxşı vaxtları idi. İsmayıl müəllimin, Nəbi Xəzrinin, İsa Muğannanın (Hüseynovun), Məstan Günərin ailələri Nalçikdə istirahət edirdilər. Mən isə Yessentukiyə "putyovka" ilə getmişdim. Vaxtım qurtaranda qohumlara baş çəkmək istəyi keçdi ürəyimdən. Fikirləşdim ki, bir-iki gün Nalçikdə qalıb, ordan da avtobusla Qazaxa - anamın yanına  gedərəm. Nalçikdə demək olar ki, dost-tanışlar hər gün bir yerə yığışırdılar. Kef məclisindən sonra ədəbiyyat haqqında qızğın mübahisələr olurdu.  Hətta bu mübahisələr o qədər kəskinləşirdi ki, bəzən məclis incikliklə qurtarsa da, səhəri gün yenə də toplaşırdılar. İsmayıl müəllim o vaxtlar "Dəli Kür" üzərində işləyirdi. Dostları səbirsizliklə bu əsərin başa çatmağını gözləyirdilər. Bir yazıçı kimi o, özünə qarşı o qədər tələbkar idi ki, bu tələbkarlıq çox vaxt onu vasvasılığa gətirib çıxarırdı. Vaxt ötür, əsər isə qurtarmaq bilmirdi. Hətta dostlarının bəzilərində ona qarşı şübhə də yaranmışdı. Mən  hiss eləyirdim ki, əsər haqqında sorğu-suallar həddən artıq səbirli olan İsmayıl müəllimi hövsələdən çıxarır. O, bu barədə bir söz deməsə də, üzündəki nigarançılıqdan bunu sezmək olurdu. Hiss eləyirdim ki, İsmayıl müəllim  tələsmir. O, yazmaqdan çox əsəri öz içərisində yaşadırdı. Vaxt isə gəlib keçirdi.

Heç özüm də gözləmədiyim bir gün İsmayıl müəllim məni yaşadığı mənzilə çağırıb dedi: "Sənə "Dəli Kür"dən parçalar oxumaq istəyirəm". Bu çağırış mənim üçün göydən düşmə bir şey oldu. O boyda nəhəng, professional bir yazıçı hələ ədəbiyyata təzə-təzə gəlmək istəyən cavan bir şairdən özünün uzun illərdən bəri işlədiyi, gələcəyin sanballı bir əsəri haqqında fikrini öyrənmək istəməsi mənə qəribə göründü. Ümidə bacı həyətdəki masanın üstünə çay gətirdi. İsmayıl müəllimdən çox mən həyəcan keçirirdim. Hələ vərəqlərin mürəkkəbi qurumamış əsər haqqında nə deyəcəyimi bilmirdim. Özümü ələ almağa çalışsam da, bu gözlənilməz görüşün həyəcanı ötüb keçmirdi. Elə bil ki, mənim yazdığımı oxuyub müzakirə edəcəkdi.

İsmayıl müəllim təmkinlə, xasiyyətinə məxsus ağırlıqla əsəri oxuyur, mən də diqqətlə qulaq asırdım. Əsərdəki stiuasiyanın gərginliyi bayaqkı həyəcanımın ötüb-keçməsinə səbəb oldu. O, oxuyur, mən də istər-istəməz epizodları öz təsəvvürümə gətirib, elə bil ki, bir növ hadisələrin iştirakçısına çevrilirdim. Əsərə mənim marağımın artdığını görüb, nəzərdə tutmadığı yeni parçaları da oxudu. Dedim:

 - Ay İsmayıl müəllim, bu parçaları dövrü mətbuat səhifələrində niyə çap elətdirmirsiniz? Belə etsəniz, bəlkə, söz-söhbət də kəsilər. Əsərin bütövlükdə işıq üzü görməyi uzanır, axı!

- David (o məni belə çağırırdı), tələsmə, bu yaxınlarda qurtarıb, jurnala verəcəyəm. İrihəcmli əsərləri parça-parça çap eləməyin əleyhinəyəm. Bu, oxucuda yanlış fikir oyada bilər. İsmayıl müəllimin "Dəli Kür"ü haqqında tam təsəvvürüm olmasa da, oxuduğu parçalar barədə Nalçikdə istirahət edən dost-tanışa ağızdolusu danışırdım.

Az danışırdı, ancaq danışanda da sözü kəsərli olurdu. Onun dedikləri həmişə düzgünlüyə söykənirdi. Ona görə də tutarlı alınırdı. Respublikanın çətin  günlərində heç nədən çəkinmədən həmişə ön sırada görünürdü. Bu sırada onun öz yeri var idi. İndi onun yoxluğunu hiss edirəm.

20 Yanvar, Xocalı faciələri baş verəndə İsmayıl müəllim qabaqda idi. İçərimizdən olan satqınları yaxşı tanıyırdı o. "Sapı özümüzdən olan baltalar" olmasaydı, bəlkə də, xalqın başına belə bəlalar gəlməzdi. Təkcə kənarlarda deyil, həm də özümüzünkülərdə görürdü günahı. "El bir olsa, dağ oynadar yerindən" əqidəli insan idi o.

Ömrünün son günlərində qələmə aldığı "Ölən dünyam" romanı da ona böyük şöhrət gətirdi. Öz yazı üslubuna sadiq qalan yazıçı bu əsərində 20-30-cu illərdə Azərbaycanda baş verən hadisələri qələmə almışdı. "Ölən dünyasını" ölməyə qoymadı İsmayıl müəllim, onu yaşatdı. Özü dediyi kimi, o dövrün hadisələrini oxuculara çatdırmaq üçün xeyli gözləməli oldu.

Oğlu Elçin Şıxlı deyir ki, axır vaxtlar gözləri görmürdü. Əsər isə yarımçıq qalmışdı. Atam diqtə eləyirdi, anam onun dediklərini kağıza köçürürdü. Romanı qurtarandan sonra boşaldı, elə bil ki, son gününü gözləyirdi, biz hiss eləyirdik ki, artıq O, o dünyasına köçməyə hazırlaşır.

Son əsəri-son işi. Mən inana bilmirdim ki, arzuları, əməlləri bu son romanı ilə yekunlaşsın. O, qəlbini istədiyi qədər boşalda bilmədi, əcəl aman vermədi. Ağlın üstündə ola, qələmin də əlində, ürəyin də dolu... Əsas ürəkdi, gözlərin görməsə də, mümkündür. Bu gözlər yaşına görə çox şeylər görmüşdü həyatda. Bir insan ömrü az eləyir həyatda gördüklərini həyata keçirməyə. Nə etmək olar? Görünür hərənin öz alın yazısı var, vaxtı-vədəsi gələndə işini görür.

...Hələ Moskvada oxuyarkən Alban-oğuz dövləti və onun süquta yetirilməsində, Cavanşirə sui-qəsd edilməsində ərəblərlə ermənilərin birləşib, bu torpaqda qanlı faciələr törətməsi haqqında tarixi mövzu məni çox düşündürürdü. Hələ mən tələbəlik illərində "Yatmış şəhərin əfsanəsi" poemam üzərində işləyirdim. Bakıya qayıtdıqdan sonra bu poemanı çap elətdirə bilmirdim. Bəzi ağzıgöyçəklər "Albaniyanın bizə aidiyyatı olmadığı" barədə fikir söyləyib, bununla da ermənilərin dəyirmanına su tökürdülər. Mənim bu barədə o vaxtlar rəhmətlik Ziya Bünyadovla da söhbətim olmuşdu. İş elə gətirdi ki, İsmayıl müəllim "Azərbaycan" jurnalının baş redaktoru olmağa razılıq verdi. Şair Qabili də özünə redaktor müavini götürmüşdü.

Poemaya yenə də əmma qoyulmasına baxmayaraq Qabil müəllimin redaktəsi və İsmayıl müəllimin təkidi ilə əsər işıq üzü gördü. Mən indi o günləri yada salıb, düşünürəm ki, Alban-oğuz tarixinə aid əsər o vaxt çap olunmasaydı, bəlkə də sonralar mən "Cavanşir" romanını yazmayacaqdım. Bir redaktor kimi İsmayıl müəllimə görə, bu, adi iş olsa da, mən deyərdim ki, tariximizə aid indiyə qədər gördüyüm işlər üçün mənə, necə deyərlər, bir təkan verdi, bu yolda inamımı daha da artırdı. Təəssüflər olsun ki, İsmayıl müəllimin bu əsəri görməyə ömrü vəfa etmədi.

Onunla bağlı xatirələrim çoxdur, onların hamısını yazıya alsam, bəlkə də, bir kitab yaranar. Onlardan biri də, ili dəqiq yadımda deyil, Xruşovun hakimiyyəti dövründə ölkədə çörək qıtlığı zamanı olub.

Oğlu Elçinin anadan olan gününü qeyd eləmək istəyirdilər. İsmayıl müəllim mənə dedi ki, şənlik üçün hər şeyi almışam, bircə qalıb çörəyi. Çörək almaq üçün səhər saat beşdən, altıdan növbəyə durmaq lazım gəlirdi, adambaşına iki kiloqramdan artıq vermirdilər. İsmayıl müəllimin bir qohumu ilə (təəssüf ki, adı yadımdan çıxıb) səhər tezdən həm ad günü üçün, həm də özümüz üçün çörək almalı idik. Nə isə... Səhər tezdən danışdığımız kimi, iki-üç yerdə özümüzə növbə tutduq ki, lazımi qədər çörək ala bilək. Axır ki, bir yekə kisə çörək alıb İsmayıl müəllimgilə gəldik. İsmayıl müəllim çörəkləri görüb, gözünə inanmadı. Ad gününün çörəyini çıxandan sonra qalanlarını da payladıq. Ad günündə M.Hüseyn, İ.Əfəndiyev, N.Xəzri, İ.Hüseynov da iştirak edirdi. Ev sahibi bu çörək əhvalatını danışandan sonra sözünün sonunda dedikləri indiki kimi yadımdadır. Müharibə zamanı hamının "kartoçka"sı var idi, nə vaxt getsə, çörəyini ala bilərdi. O vaxtlar heç belə biabırçılıq olmamışdı, ölmədik "çörək müharibəsini də gördük". Bu axırıncı kəlmələri ona görə dırnağa aldım ki, mən bu sözü ilk dəfə İsmayıl müəllimin ağzından eşidirdim. O, hər şeyi yerində və yaddaqalan tərzdə deməyi bacarırdı. İsmayıl müəllimin o sözlərini indi yada salıb, düşünürəm ki, deyəsən, SSRİ-nin dağılmasının təməli elə o vaxtlardan qoyulmuşdu.

Torpağa, yurda, el-obaya dərin köklərlə bağlı yazıçı millətçi deyildi, ancaq təpədən-dırnağa qədər milli idi. Azərbaycanda müxtəlif dilli etnik qruplara hörmətlə yanaşırdı və bunu da həmişə biz gənclərə tövsiyə edirdi. SSRİ dövründə o vaxtkı yalançı rus şovinistlərini görməyə gözü olmasa da, milli rus yazıçılarının əsərlərinə və şəxsiyyətlərinə rəğbətini açıq-aşkar bildirirdi. Görkəmli rus yazıçılarından Anatoli İvanov və Vladimir Solouxinlə yaxından dostluq edirdi. Biri - Solouxun "Dəli Kür"ü rus dilinə çevirmişdi, o biri - İvanov isə həmin əsəri baş redaktoru olduğu "Molodaya Qvardiya" jurnalında dərc eləmişdi. A.İvanovla yaş fərqimiz olsa da, mən də dostluq edirdim. Bu böyük rus yazıçısı, M.Şoloxov ənənələrinin davamçısı A.İvanov Azərbaycanı, onun xalqını hədsiz dərəcədə sevirdi. Bu məhəbbətin yaranmasında İsmayıl müəllimin az rolu olmamışdı.

Yeri gəlmişkən, bir şeyi qeyd eləmək yerinə düşərdi. Çox vaxt bir nəfərin bir millət, bir xalq haqqında yaxşı və ya pis rəy yaratmağının hələ mən Moskvada oxuyarkən şahidi olmuşdum. M.Qorki adına Ədəbiyyat institutunda demək olar ki, SSRİ-nin hər yerindən, hətta demokratik respublikalardan təhsil almağa gələnlər var idi. Orda kim özünü necə aparırdısa, onun mənsub olduğu millətin kimliyi barədə elə təsəvvür yaranırdı. Mətləbdən bir az aralandığım üçün üzr istəyirəm.

A.İvanovla hər dəfə görüşəndə ən əvvəl "nu, kak Şıxlı?" - deyə soruşurdu. Mənə elə gəlirdi ki, "Şıxlı" sözünün arxasında bu torpağa, bu xalqa böyük bir məhəbbətin, etiqadın, etibarın ifadəsimi deyim, səmimiyyətimi deyim, heç özüm də bilmirəm necə izah eləyim, istiliyi var idi. Heç bir ölçüyə, qiymətə gəlməyən, ancaq insana və insaniyyətə məxsus olan belə bir dəyəri qazanmaq olduqca çətin bir məsələdir. İsmayıl müəllim həm el arasında, həm də eldən kənar bu insani keyfiyyətlərə malik bir şəxsiyyət

idi. Həmişə, necə deyərlər, bildiyinin qulpundan yapışardı. Onda bir xüsusiyyət var idi. Orta həddi sevməzdi. Ona aydın olmayan məsələyə girişməzdi. Hər şeydə səliqə-sahmanı sevərdi.

Hərdən yazmaqdan yorulanda (əslində, bu, yorulmaq da deyil, fikrin, düşüncənin cilovunu buraxıb təzələməkdir) İsmayıl Şıxlının kitablarını vərəqləyirəm. Şəhərin bu səs-küylü havasından təbiətin qoynuna getmək, az qala yadımızdan çıxan Oğuz-Azərbaycan etnoqrafiyasını bir daha özümdə yaşatmaq istəyirəm. Mən onun əsərlərini hər dəfə oxuyanda özüm üçün yeni bir şey tapıram. Sonra düşünürəm: əsl yazıçı üçün bundan böyük xoşbəxtlik varmı? Doğrudan da, həqiqi sənətkarlar - ölümündən sonra özünə ölümsüzlük qazananlardır.

Davud NƏSİB,

Şair, publisist, tərcüməçi


Geri qayıt