Əsas Səhifə > Ədəbiyyat > Dəli Kürün təmkinli, müdrik oğlu

Dəli Kürün təmkinli, müdrik oğlu


18-05-2019, 09:38


Hər insanın öz taleyi, alın yazısı olduğu kimi, ömür payları tarixin müəyyən bir dövrünə düşmüş nəsillərin də görünür öz taleyi, öz qismətləri olur. Mən ilk dəfə atam Böyükağa Qasımzadə, onun yaşıdları, dostları - Ənvər Əlibəyli, Zeynal Cabbarzadə və İsmayıl Şıxlı haqqında düşünərkən bu qənaətə gəlmişəm. Onların uşaqlıqları dünyanın min illərlə nizamının dağıldığı çox mürəkkəb, çox çətin, məhrumiyyətlərlə dolu bir dövrə, gənclikləri isə müdhiş repressiya illərinə - 37-ci il kabusuna təsadüf etmişdir. Ardınca da... bəşər tarixinin ən dəhşətli müharibələrdən biri 41-45 davası... Bu insanlar - bu nəsil, o cümlədən də haqqında söz demək istədiyim İsmayıl Şıxlı, gəncliklərini düz dörd il çəkmiş, adına "Böyük Vətən Müharibəsi” deyilən o davada qoyub qayıtdılar. Gedəndə 22-24 yaşları olan bu insanlar dörd il ərzində qocalıb qayıtmışdılar.

İsmayıl Şıxlının o dəhşətli müharibə illərində bir döyüşçü kimi keçdiyi yolların xəritəsini sadəcə göz önünə gətirmək kifayətdir ki, onun hansı odun-alovun içindən çıxdığını təsəvvür edəsən: Şimalı Qafqaz–Kerç-Belorusiya-Pribaltika-Şərqi Prussiya... Şəxsən mən Kerç sularının al-qanına bulanmasını, minlərlə cəsədin suların üstündə üzməsini danışanda, zahirən çox həlim, mənən humanist bu insanın o dəhşətlərin içindən necə sağ-salamat çıxmasına heyrət etdim. Ömrü boyu da bir dəfə də olsun sinəsinə vurub cəbhə illərində min dəfə ölümlə üz-üzə gəlməsini gözə soxduğunu, öyündüyünü görmədim.

İsmayıl Şıxlı 1945-ci ilin noyabrında cəbhədən geri dönmüşdü. Qələbə ilə qayıdan o döyüşçünün özü ilə gətirdiyi iki qəniməti, qazancı vardı: mərmilər, güllələr altında qazanılmış dözüm, mərdlik, kişilik: bir də barıt qoxuyan cəbhə gündəlikləri... Uzun illər o gündəlikləri üzə çıxarmadı. Böyük bir yaradıcılıq yolu keçdi: hekayələrini, oçerklərini, "Ayrılan yollar”ı yazdı, nəhayət ədəbiyyatımızın ən sanballı nümunələrindən birini - "Dəli Kür”ü yaratdı.

Və çox-çox sonra "Cəbhə gündəlikləri” işıq üzü gördü. O, indi çox dəbdə olan özünü reklamdan, təkəbbürdən, iddiadan uzaq bir insandı. Mən İsmayıl Şıxlının həm bir yazıçı, həm də bir insan kimi yaxşı tanıdığım üçün haqqında belə qətiyyətlə, inamla danışıram.

Ömrünün axırına yaxın, son illər o, xəstə idi, amma qələmi əlindən yerə qoymurdu. Deyirdi, qaranquş, (həyat yoldaşı Ümidə xanım mənə bu adı qoymuşdu. O da hərdən ərklə belə müraciət edirdi mənə) "Ölən dünyam” adlı bir əsər üzərində işləyirəm, ömür vəfa etsə, görək nə olur... Biz, onun doğmaları, dostları intizarla bu əsəri gözləyirdik. Hətta, gözlərinin işığını itirsə belə, özündə güc tapıb əsərin bir hissəsini vəfalı həyat yoldaşı Ümidə xanıma diqtə elədi. Və əsərin nöqtəsini qoydu.

"Ölən dünyam” romanı çox dəqiq tapılmış və böyük ustalıqla yazılmış simvolik bir sonluqla bitir. Əsərin qəhrəmanlarından biri, elindən-obasından didərgin düşmüş Həsən ağa, uzun illər ayrılığından sonra dönüb yurduna qayıdır, çinar ağacının altında oturub kürəyini onun gövdəsinə söykəyir və gözlərini yumub bir zamanlar öz əliylə əkdiyi bu əzəmətli ağacın rişələri ilə əbədi olaraq doğma torpağına qovuşur.

Çox təsirli səhnədir, amma burda bir təskinlik işartısı, bir ümid rüşeymi var: torpağa qovuşmaq əbədiyyətə qovuşmaqdır. İsmayıl Şıxlı da "Ölən dünyam”ın nöqtəsini qoyduqdan azca sonra, qəhrəmanı Həsən ağa kimi, rahatlıq tapıb dünyasını dəyişdi və əbədiyyətə qovuşdu...

                                                                        Mart, 2009-cu il.

Adı təkcə oxucuları arasında deyil, bütün xalq içində hörmətlə çəkilən, hər yerdə xatırlanan az-az sənətkarlarımızdandır İsmayıl Şıxlı. Yaşasaydı, bu il mart ayının 22-də, Novruz bayramında 100 yaşı tamam olacaqdı. Amma yaşamadı, 24 il əvvəl 76 yaşında dünyasını dəyişdi, bütün varlığı ilə sevdiyi doğma Vətən torpağına qovuşdu.

24 il az vaxt deyil. Keçən illər ərzində ədəbiyyat tariximizin arxa planına keçən yazıçılar, hətta, unudulanlar belə az olmayıb, amma İsmayıl Şıxlı nəinki unudulmayıb, əksinə, mən deyərdim ki, İsmayıl Şıxlı yaradıcılığına və bütövlükdə onun şəxsiyyətinə maraq daha da artıb, ədəbiyyatımızdakı yeri daha da möhkəmlənib. Qısası, İsmayıl Şıxlı zamanın çox sərt və amansız imtahanından  bu dəfə də alnıaçıq, üzüağ çıxdı.

Niyə "Bu dəfə də?” Çünki o, həyatı boyu çox imtahanlardan, sınaqlardan keçib. Heç vaxt büdrəməyib. İkinci Dünya müharibəsi dövründə Kerçdə alman faşizminə qarşı döyüşlərdə qana boyanmış Qara dəniz sularından da sağ-salamat və qalib çıxıb.

İsmayıl Şıxlının nə həyat yolu, nə də yaradıcılıq yolu, heç də həmişə hamar və rahat olmayıb; xüsusən yaradıcılıq yolu. 1938-ci ildə tələbə ikən yazdığı "Quşlar” adlı şeirinin "Ədəbiyyat qəzeti”ndə çapına ürək dolusu sevinə bilməyib. Sonralar o, bu hadisəni xatırlayanda belə yazırdı: "Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim nəhayət, şeirim çıxdı;  kədərlənirdim heyif ki, bir də şeir yazmayacağam”.

Bu özünə inamsızlıq deyildi. Bu 19 yaşlı gəncin yaradıcılıq imkanlarını düzgün qiymətləndirə bilmək qabiliyyəti və qətiyyəti idi. Təbiətindəki bu iki xüsusiyyət - hər bir vəziyyətdə doğru-düzgün nəticə çıxarmaq - ömrü boyu, son gününə kimi onu tərk etmədi.

Bəli, İsmayıl Şıxlı şeir yazmağın daşını atdı, amma bədii yaradıcılıqla məşğul olmaq sevdasından dönmədi, daha artıq qətiyyətlə yazıçı olmaq qərarına gəldi. Tənqidçi Məmməd Cəfər Cəfərovun ədəbiyyat dərnəyinə yazıldı. İnstitut qəzetində "Dəli Kür” adlı kiçik bir hekayə də çap etdirdi.

Amma atalar deyir: "Sən saydığını say, gör fələk nə sayır”. Qəfil 41-45 müharibəsi başlayır. Verdiyi dövlət imtahanları da yarımçıq qalır, yaradıcılıq məşqləri də. Uzun, odlu-alovlu, ölümlü-itimli cəbhə yolları başlayır: Şimali Qafqaz-Kerç-Belarusiya-Pribaltika-Şərqi Prussiya - onun döyüşçü kimi keçdiyi cəbhə yollarının xəritəsini göz önünə gətirəndə Qazaxın Şıxlı kəndindən çıxmış bu arıq, çəlimsiz kəndçi balasının, romantik arzularla yaşayan tələbə oğlanın dözümünə, mərdliyinə, kişilik qüruruna heyrət edirsən. Və bunlar ölümlə əlbəyaxa olmağın hesabına qazanılmış keyfiyyətlərdi.

İsmayıl Şıxlı şəxsiyyətini formalaşdıran bu cəhətləri xüsusi vurğulamaq cəhdim bir fikri diqqətə çatdırmaq istəyimdən irəli gəlir. Yaşadığı keşməkeşli həyat dolanbaclarında qazandığı bu keyfiyyətlər və əsl-nəcabətdən gələn qan yaddaşı olmasaydı, İsmayıl Şıxlı nə  "Ayrılan yollar”ı, nə "Dəli Kür”ü, nə "Ölən dünyam”ı yaza bilərdi. Bütün bu romanlar, eləcə də onlarla mənalı hekayələr, rəvayətlər və nəhayət, "Cəbhə gündəlikləri” namusla yaşanmış bir yazıçı ömrünün bəhrələridir. İsmayıl Şıxlı bu gün həyatda olmasa da, bu əsərləri öz müstəqil ömürlərini yaşayır və onun adını da yaşadırlar.

Mən İsmayıl Şıxlını uşaqlıq illərindən tanıyırdım. O, atam Böyükağa Qasımzadə və anam Sona xanımla Azərbaycan Dövlət Pedaqoji İnstitutunda bir qrupda təhsil almışdı. Ailəvi dostluğumuz vardı. Sonralar həm də qonşu olduq; o zaman atam artıq dünyasını dəyişmişdi. İsmayıl Şıxlının bizə münasibəti isə dəyişməmişdi. Ailəmizə qarşı, məncə, daha diqqətcil, daha qayğıkeş olmuşdu. Daha sonra "Azərbaycan” jurnalında bir neçə il birgə çalışdıq: O, baş redaktor, mən - tənqid şöbəsinin müdiri. Çox şey görüb-götürdüm ondan.

Mənə həmişə elə gəlirdi ki, çox yaxşı tanıyıram onu. Həqiqətən, tanıyırdım da... Amma demə, axıra qədər yox; 1987-ci ildə ölkəmizdə Azadlıq hərəkatı başlananda, 68 yaşlı İsmayıl Şıxlını ön sırada gördüm. Təəccüb etdim.

Siyasətdən həmişə uzaq olan bu insanın ağlı, təmkini və xalq arasındakı nüfuzu müstəqillik uğrunda mübarizəyə çox şey verdi. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə, dəliqanlı cəbhəçilər belə onun (və başqa bir neçə ağsaqqalın) məsləhətinə, xalqa müraciətinə ehtiyac duyurdular. Səhhətində problemləri olmasına baxmayaraq, İsmayıl Şıxlı bir dəfə də olsun yaxasını kənara çəkmədi. Ona görə ki, o, böyük yazıçı, gözəl pedaqoq olmaqla yanaşı, Vətəninin qeyrətli, namuslu övladı idi.                                                                              

İntiqam QASIMZADƏ,

"Azərbaycan” jurnalının baş redaktoru,

Əməkdar incəsənət xadimi

5 mart 2019-cu il.


Geri qayıt