Əsas Səhifə > Ədəbiyyat > Şəxsiyyət
Şəxsiyyət2-04-2019, 09:12 |
Publisistika İsmayıl Şıxlı - 100Şəkildə: sağdan Xalq yazıçısı İsmayıl Şıxlı, Xalq yazıçısı İmran Qasımov və Qərb Elektrik Şəbəkəsinin ilk direktoru Rasim Mustafayev çıxış edərkən (1972-ci il Qazax şəhəri) Azərbaycanın görkəmli yazıçısı və mənəviyyatca pak bir insan olan İsmayıl Şıxlı barədə məndən düşüncələrimi istədilər. Dedim: - Özünə "Qranitdən heykəl” qaldırmış bir insan haqqında mənim qələmimin qüdrəti çatarmı, bu sənətin sahibi olmayan bir şəxsə çətin olmazmı? Və beləcə də bir-iki kəlmə söz yazmaqdan çəkindim. Lakin düşüncə və duyğularımın içində öz-özümə sual verirdim: - Görəsən İsmayıl Şıxlı şəxsiyyəti qarşısında xalqın bu qədər baş əyməsi və onun "fetişizmə” çevrilməsinin səbəbi nədir? Bu məqamda yadıma məhşur fizik Nils Borun haqqında bir əhvalat gəldi. N.Bora deyirlər: "Bu nə sirdir ki, ətrafınıza bu qədər alim-insan toplanıb. O, cavab verir: Çox sadə, özümü onlardan fərqli və ayrılıqda təsəvvür etməmişəm”. Bəli, belə qənaətə gəldim ki, İsmayıl Şıxlı və xalq sinonimdir. Onun ürəyinin döyüntüsü xalqın ürək döyüntüsü ilə eyni faza təşkil edir. Bunu təsdiq edən faktlardan biri kimi İsmayıl Şıxlının imperiyanın kəsəkəs vaxtı, xəfiyə orqanlarının onu bir andaca məhv edə biləcəyini bilə-bilə Qorbaçov və Yazovların ünvanına təhqiredici sözləri, unudulmaz Qanlı Yanvar günlərindəki mərdanə çıxışı gözümün qabağına gəldi. Bu fikirlərlə yatdım və yuxuda xəyalən İsmayıl müəllim ilə görüşdük: - "Niyə yazmırsan? – yaz - dedi!” Dedim: "İsmayıl müəllim qorxuram mühəndis qələmi ilə Sizi öz səviyyənizə qaldıra bilməyim. Bunun üçün ədəbiyyat və incəsənət sahibləri var, mən kiməm ki, buna girişəm”. Dedi: - "Müdrik bir kəlam var. Yaddan çıxarma: - Kim nə sənət sahibi olur-olsun, onu dinləmək lazımdır, sadə görünən hər hansı şəxs və sənət sahibində bir hikmət var, orada sirlər doludur, sadələr mürəkkəbi yaradıblar. Yaratdığımızın hamısı sadə xalq deyilmi? Biz yalnız onları "aranjirlərə” yığmışıq. Bir də ki, "sözü ürək, sazı sim dilləndirir”. Susdum. Xeyli fikirləşəndən sonra bir sual da verdim: İsmayıl müəllim, sizi saxlaya bilmədik, eləmi? Gərək müstəqilliyimizi əldə etdiyimiz şəraitdə bir az da yaşayaydınız. - Yox, yox deyib əlavə etdi: …Çətindir yazanın halı, Hər vaxt demək olmur "bəli”! Dərdi asan çəkər insan, Eşidərsə onu zaman.
Dirikən ölən dünyadır, Necə də yalan dünyadır, Dirildirlər ölü kimi,
Öldürürlər diri kimi.
Vəzifədə olan soyur,
Bacarmayan oğurlayır,
Vicdanlılar isə solur,
Sabaha bədguman olur,
(Bax, beləcə də məhv olur.)
Söylə necə dolanasan,
Yaxşıdır yaşamayasan,
Ölmək də yaman çətindir,
Çünki qəbir də satındır!...
Sonra sözünə davam edərək dedi: - Ömrümü özüm də olsaydım belə seçərdim, qarğa kimi yüz il yaşamaqdansa belə gödək ömür, mənəviyyatlı ömür sürmək şərəflidir. Sonra, oyanıb, İsmayıl müəllimlə görüşdüyümdən yadımda nə qalmışdısa yazmalı oldum… İsmayıl Şıxlı şəxsiyyətinin formalaşmasında müəyyən rol oynamış, onun xarakterik cəhətlərinə toxunmaq istəyərdim. İsmayıl müəllim Qazax rayonunun Kosalar kəndinə yayda hərdən gələrdi. Bu gəlişlərin birini eşitdim və "xoş gəlmisiniz” demək üçün yanına getdim. O zaman o, Azərbaycan Yazıçılar İttifaqının Katibliyindən ərizəsi ilə yenicə çıxmışdı. Mərkəzi Komitənin katibi isə K.Bağırov idi. Hal-əhvaldan sonra söhbət onun işdən çıxmasından getdi və mən sual verdim: - İsmayıl müəllim, Sizin kimi bir şəxsin və görkəmli ədibin Azərbaycan ədəbiyyatına rəhbərlik etməsi çox şey verə bilərdi, nə üçün çox təkidlə ərizənizdəki xahişinizin yerinə yetirilməsini tələb etmisiniz?! - Bilirsən, MK-nın katibi ilə gələcək Azərbaycanın ədəbiyyat və mədəniyyətinin inkişaf planlarını razılaşıb işə girişəndə və ya həlli məqamlarında xəbər tuturam ki, məsələ başqa cür həll olunub. Sual edəndə "Bəs biz belə danışmamışıq?! Necə oldu belə oldu”- Cavabı gülümsəmək olurdu. Bir neçə dəfə belə və buna bənzər təkrar hadisələr olduğundan mən də sadəcə olaraq xudahafizləşmək üçün ərizə verdim. Katibin özü nə qədər xahiş etdisə "ərizənizi geri götürün”, "ərizə geri götürülmək üçün verilməyib” – dedim. "İndiki zamanda Cahandar ağa kimi kişilər yetişə bilərmi? – deyə soruşdum. Xeyli sükutdan sonra, - Yox - deyə cavab verdi və sözünə davam edərək "- Çünki qüdrətli şəxsiyyətlərin yetişməyi üçün müəyyən amillər lazımdır. Hər şeydən əvvəl insanı sındıran, insan qürurunu, insan mənliyini tapdalayan məhdudiyyətlər olmamlıdır”- dedi. Buna uyğun hallar xatirimdə çoxdur, lakin söz yığımı çox olar deyə yalnız bunları sizə təqdim etməyi kifayət bilirəm. Bir daha belə qənaətə gəldim ki, İsmayıl Şıxlı vüqarı heç vaxt, heçnəylə - vəzifə, təmanna, şöhrətlə dəyişdirilməyib. O, MK-nın katibinə: "Sən hə, mən də hə” və ya "Sən yox, mən də yox” üzdən iraq (belələrinin olmaması daha məsləhətdir) rəhbərlərin dedikləri kimi deyərdi, vəzifədə də qalardı… Burada Sokrat haqqında olan bir rəvayət yadıma gəldi. Sokratı edamdan qurtarmaq üçün tələbələri onu gizli yolla (işlənib hazırlanmış yolla başqa ölkəyə getməyi) həbsdən qaçmağı təklif etdikdə: "Mən fiziki yaşamağı mənəvi ölümə dəyişə bilmərəm” - demişdir. Çox təəssüf ki, təbiətdə olan obyektin gözəl və çirkin olmasını görmə, hiss etmə orqanlarımızın köməyilə deyirik ki, "obyekt-əşya gözəldir və ya naqisdir”. Əgər görmə, hiss etmə orqanımızın əşyanın dərinliyini, başqa xırda bizə görünməyən nöqsanlarını aşkar etmə qabiliyyəti olsaydı deyə bilərdik ki, "obyekt daha gözəl və ya daha naqisdir”. Hiss etmə və görmə orqanımız olsaydı onda şəxsiyyətin də necə doğulduğunu və ya formalaşdığını etalonlaşdıra bilərdik. Şəxsiyyət ölçüyə sığmayan bir anlayışdır. Şəxsiyyəti şərait yaratmır, şəraitin yaratdığı sadəcə insan olur. Şəxsiyyət xalqın məhsuludur, onu xalq yaradır. O, saxlanc-farmaca xalqın incisi kimi daxil olur. Xalqsız şəxsiyyət yoxdur. O, iradə, istək və arzuların məhsulu deyildir. "Mən şəxsiyyət olmaq istəyirəm” arzusuna yaddır. Xalqın mənəvi varidatıdır. Şəxsiyyəti çox olan xalqın iqtisadi və hərbi qüdrəti də yüksək olar. Nədənsə şəxsiyyət iqtidar kolletivindən kənarda olur və istər-istəməz şəxsiyyət fədakarlığın zirvəsində olduğu üçün ondan qısqanılır və sağlığında qiymətləndirilmir. O, "məni xalq yaradıb, ona xidmət etməliyəm” həqiqətindən bəhrələnərək xalq mənəviyyatı üstündə özümləşir. Nə qədər təqiblər, təhlükələr qapını döysə də şəxsiyyət özgələşmir. Xalq onun hakimidir. O, xalqa arxadır. Xalqı onu sevdiyi üçün o, sevilir. Zamandan, mühitdən o ucadır. Zaman, mühit onun istiqamətini dəyişə bilmir. O, çirkabı sevmir. O, qartal kimi zirvədə olur, azca qarğa kimi çirkaba kiriftar olsa, məhv olur, şəxsiyyət itir. Şəxsiyyəti yalnız fərdiyyəçilər yarada bilir, fədakarlıq ləyaqət zirvəsi olub, fərdiyyəçilərə məxsusdur. Fərdi və fərdiyyəçiləri ictimaiyyətçilər yarada bilməz. Şəxsiyyətin xülasəsini verməklə belə qənaətə gəlmək istəyirəm ki, heç şübhəsiz bütün bunlar İsmayıl Şıxlı təbiətində kristallaşmış keyfiyyətlərdir. İsmayıl Şıxlı şəxsiyyətinin xüsusiyyətlərini onun yaratdığı əsərlərin obrazlarından da aydınlaşdırmaq mümkündür. "Mən, mənim özümdəyəm, məni əməllərimdən sor!” məntiqinə uyğun İsmayıl müəllimin psixologiyasını özünün əsərlərində öyrənmək daha məqsədə müvafiqdir. Əsərlərindəki cəsarət, kişilik, mərdlik, namus təcəssümləri, obrazları elə İsmayıl müəllimin özünün psixologiyasına tam uyğundur. Bir cəhəti də qeyd etmək istəyirəm ki, İsmayıl Şıxlını xalqa sevdirən keyfiyyətlərdən biri və ən əsası yaratdığı əsərlərdən heç bir təmənna ummamasıdır (gözləməməsidir). Gələcəkdə ondan gəlir vəsaiti, şan-şöhrət, orden, təqaüd və s. əldə etmək məqsədinin olmaması İsmayıl müəllimi zirvələrə ucaltmışdır. O, yazdığı əsəri heç vaxt başqa yazıçılar kimi "sağmal keçiyə” bənzətməmiş, "sənə ot verirəm, səndən süd alacam” deməmişdir. Kimisə tərifləmək, yaltaqlanmaq belə obrazları yaratmaq ona yad olmuşdur. Təəssüf ki, belə məzmunda yazılmış əsərlər bəzən "gözə kül” üfüləyə bilir və hətta təriflərə lazım bilinir. Belə əsərlərin sonrakı aqibəti barədə söhbət açmağa dəyməz. Bunu oxucular daha yaxşı deyə bilər. Sonralar bunlar yığılır və maklaturalıq olur. Çox təəssüf ki, ömür imkan vermədi İsmayıl müəllimə. Bu aşağıda yazdığım xatirəni "Dəli Kür” romanının sonrakı çaplarına daxil etsin. Birinci Şıxlı kəndində atamdan eşitdiyim bir əhvalat olmuşdur: "Mustafa kişi bir gəlin gətiribmiş və özü də düşmənli vaxtında. Xeyli camışı, mal-qarası var imiş. Kürün qırağında "qaynar”dan evə qayıdan qayınana və gəlin paltarı həyətdə kəndirdən asırlar ki, qurusun. Görünür gecə paltarlar çöldə qalır, səhər qalxanda Mustafa kişi görür ki, gizli söz-söhbət gedir və təkidlə soruşduqda məsələni açırlar ki, gəlinin alt paltarı yoxdur. Çox götür-qoy edirlər düşmən tərəfdən düşmənçilik əlaməti kimi qiymətləndirirlər. Bu halda Mustafa kişinin arvadı camışın hansınınsa əvvəllər paltar yediyini görübmüş. Şübhədən çıxmaq üçün, düşmənin bu işdə əli olub-olmamasını yəqinləşdirmək üçün camışlardan birini kəsirlər və qarnından heç nə tapılmır. Bu məqsədlə dörd camış kəsilir və axırıncı camışın qarnından iki iç paltarı çıxır. Başqa bir xırda heyvan kəsirlər, şadlıq edirlər və şübhədən qurtarırlar. Bu yazdıqlarımı qeydə aldı və dedi: - Bir az əvvəl söyləsəydin namus rəmzi kimi "Dəli Kür”ə daxil edərdim. Baxım, yeni çapını bəlkə hazırladıq... Təəssüf ki, qədir-qiymət bilməyi öləndən sonra adət etmişik. İnanıram ki, qədirbilən xalqımız İsmayıl Şıxlı adına layiq, canını ondan əsirgəməmiş böyük oğluna elə bir "heykəl” ucaldacaq ki, həmişə xatirələrdə yaşasın. Rasim MUSTAFAYEV, Qərb (Ağstafa) Elektrik Şəbəkəsinin ilk direktoru, Texnika elmləri namizədi, dosent
P.S. Onların hər ikisi bir elin, bir yurdun övladları idi… Qohum olduqları üçün fiziki oxşarlıqları ilə yanaşı, mənəvi oxşarlıqları da var idi: məğrur, qürurlu, əyilməz!... Ölüm qabağı hər ikisi oğlanlarına "kişi olmağı” vəsiyyət eləmişdi… Bəli, bütün dövrlərin şəxsiyyətə etiyacı olub. Sənətindən asılı olmayaraq onların hər ikisi xalqın qarşısına çıxmağa mənəvi haqlı olan söz və əməl sahibləri idilər. Yalnız indi mənə aydın olur ki, niyə məhz atam haqqında İsmayıl Şıxlı belə demişdir: "Bunları qoruyun, belə cəsarətli insanlar çox azdır?!” Bu il rəhmətliklər İsmayıl Şıxlının 100, atam Rasim Mustafayevin 90 yaşı tamam olur. Xalq yazıçısı İsmayıl Şıxlınnın 100 illiyi ərəfəsində atamın böyük şəxsiyyət, qüdrətli sənətkar haqında bu xatirə-oçerkini yazı üslubunu saxlamaqla oxuculara təqdim etməyi özümə borc bildim. Mustafa RASİMOĞLU, şair, AYB Qazax filialının ədəbi məsləhətçisi Geri qayıt |