Biz də silahlara sarılaq, qızlar
Kaş geyinə bilib, əsgər libasın, Silaha sarılmaq qismət olaydı. Yağılar əlində olan torpağı, Düşmənlərdən bizim qızlar alaydı.
Bir hücum çəkəydik gün ortasında, Gecəylə gedəni gündüz qaytarıb. Səda yayılaydı bütün aləmə, Qarabağ alınıb, savaş qurtarıb!
Yadlar tapdalayır indi Vətəni, Ürəyimiz qırıq, yara kimidir. Nece ki, torpaqlar bizdən uzaqdır, Baş aşağı, üzlər qara kimidir.
Bəs deyil, bu qədər gözlədiyimiz? Bəsdir, yağılara verdik zamanı! Çıxaq irəliyə, Vətən dardadır, Verməyək düşmənə bir də amanı!
Mən qəbul etmirəm bu haqsızlığı, Düşündükcə ürək yanar, hey sızlar. Vətən tək kişiyə aid deyil ki! Biz də silahlara sarılaq, qızlar!!!
Gülməyin sözümə adi söz kimi, Verilsin bir qərar, qızlar üçün də. Namərdəm getməsəm döyüşə əgər, Hamıdan lap öndə, qızlar içində.
Nuranə TƏBRİZ
Ölərəm, Vətənsiz, qala bilmərəm
Nə vaxt yolum düşsə qürbət ellərə, Ölərəm, Vətənsiz qala bilmərəm. Bilsəm olmayacaq dərdimə çarə, Ölərəm, Vətənsiz qala bilmərəm.
Vətən namusumuz, qeyrətimizdir, Vətən ən qiymətli sərvətimizdir. Vətən varımızdır, dövlətimizdir, Ölərəm, Vətənsiz qala bilmərəm.
Nə olsun imkanım, pulum-param var, Nə olsun dostlarla yaxşı aram var. Amma ürəyimdə bircə yaram var, Ölərəm, Vətənsiz qala bilmərəm.
Qürbətdə yaşamaq çətindir yaman, Bütün o anları göstərər zaman. Amandır, ey xalqım, amandır, aman, Ölərəm, Vətənsiz qala bilmərəm.
Vətənin hər şeyi əzizdir mənə, Vermərik torpağı yağı düşmənə. Qurbandır bu canım, qurbandır sənə, Ölərəm, Vətənsiz qala bilmərəm.
Öz doğma yurdumun qədrin bilərəm, Ona göz dikəni qəlbdən silərəm. Mən Aqif oğluyam, yenə deyərəm, Ölərəm, Vətənsiz qala bilmərəm.
Ay İncə dərəm
Böyümüşəm, boya-başa çatmışam, Doğma qucağında ay İncə dərəm. İncəliyəm, gəzmişəm, dolanmışam, O gen yaylağında, ay İncə dərəm.
Şairlərin izlər qoyub gediblər, Şəninə şeirlər həsr ediblər. Enişli-yoxuşlu yollar keçiblər, İncə torpağında, ay İncə dərəm.
Kəkliklərin Kəmənd dağa qonarlar, Gələnlərin burda qonaq qalarlar. Seyrə çıxıb dinclərini alarlar, Sərin bulağında, ay İncə dərəm.
Aqif oğlu ayrı qalmaz elindən, Qələmi, dəftəri düşməz əlindən. Əskik olmasın şeiri dilindən, Saz-söz ocağında, ay İncə dərəm.
Ay Kəmərli
Çox gözəldir Kəmənd dağın, Səni bəzər ay Kəmərli! Nə vaxt baxsan göylərində, Qartal süzər, ay Kəmərli!
Kor bulağın saf və sərin, İncə gölün yaman dərin. Kitablara şairlərin, İnci düzər, ay Kəmərli!
Vurğunam hər yerlərinə, Yaşıl, geniş çöllərinə. İnsan səndə dərdlərinə, Deyim, dözər, ay Kəmərli!
Yazmışam xoş çağlarından, Quzu gəzən dağlarından. Məmməd barlı bağlarından, Güllər üzər, ay Kəmərli!
Məmməd AQİFOĞLU, A.Bəbirov adına Xanbağı kənd tam orta məktəbin VIII sinif şagirdi
Geri qayıt
|