Əsas Səhifə > Ədəbiyyat > Qazaxda "Vurğun nəfəsli mütaliə" adlı sərbəst park layihəsi reallaşıb
Qazaxda "Vurğun nəfəsli mütaliə" adlı sərbəst park layihəsi reallaşıbDünən, 17:27 |
|
Tədbir parkın təbii və sərbəst ab-havasında, heç bir rəsmi çərçivəyə qapanmadan, canlı və interaktiv formatda təşkil olunub. Proqramın başlanğıcında qonaqlar və park sakinləri ilk olaraq kitab sərgisi ilə tanış olublar. Böyük maraqla qarşılanan sərgi çərçivəsində “Ümummilli Lider Heydər Əliyev”, “Qalib sərkərdə İlham Əliyev”, “Qanları ilə tarix yazanlar – Şəhidlər”, “Qazaxdan ucalan Poeziya günəşi – Səməd Vurğun”, “Qazax şair və yazıçıları”, “Fonda daxil olan yeni ədəbiyyat”, “Kitab dünyasına səyahət”, “Kitabxana və uşaq dünyası: Oxuyan Cəmiyyət – Güclü Gələcək” başlıqlarda xüsusi kitab guşələri yer alıb. Sərgi ilə tanışlıqdan sonra tədbir park sahəsində səmimi ədəbi müzakirə paneli ilə davam edib. Giriş sözü ilə çıxış edən layihənin icraçıları – Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova və Qazax MKS-nin direktoru Fəridə Xudiyeva gələn qonaqları salamlayaraq tədbirin gənclər arasında mütaliə mədəniyyətinin formalaşdırılmasındakı əhəmiyyətindən danışıblar. İcraçılar layihəyə göstərilən ali diqqət və dəstəyə görə rayon rəhbərliyinə dərin təşəkkürlərini ifadə ediblər. Görüşün bədii-əbədi hissəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü tanınmış şair Cavanşir Rüstəm və şairə Şərqiyyə Qazaxlı gənclərlə bir araya gələrək öz zəngin yaradıcılıq təcrübələrini bölüşüblər. Şairlər Səməd Vurğun irsinin böyüklüyündən bəhs edərək özlərinin vətənpərvərlik ruhunda qələmə aldıqları ən yeni şeirlərini park sakinləri və gənclər üçün səsləndiriblər. Daha sonra çıxış edən Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov müasir dövrdə kitab oxumağın, mütaliənin insan mənəviyyatına və intellektual inkişafına verdiyi əvəzsiz faydalardan söz açıblar. Tədbirin ən maraqlı və dinamik hissəsi isə heç bir süni çərçivə olmadan qurulan "açıq mikrofon" sual-cavab sessiyası olub. Parkda toplaşan gənc könüllülər böyük aktivlik nümayiş etdirərək qonaqlara, yazıçı və şairlərə özlərini maraqlandıran sualları ünvanlayıblar. Səmimi dialoq şəraitində keçən sual-cavab gənclərin yaddaqalan fikirləri ilə davam edib.
Geri qayıt |